Kriminal

Satılan qadınlar və Təranənin azadlığı: “Müştərilərlə cinsi əlaqədə olurdum, bir dəfə isə qonşular...”

12-03-2017, 15:04
Yevlaxdan qadınları aldadaraq Türkiyəyə aparan, onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb. 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən qadının apelyasiya şikayəti təmin edilib və o, cəzasının qalan hissəsini şərti olaraq çəkməsi üçün sərbəst buraxılıb.

Musavat.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı, onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi, digər şəxslərə verilməsi, əldə edilməsi, saxlanılması) maddəsi ilə təqsirli bilinərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Təranə Qarayevanın apellyasiya şikayətinə baxılıb. Məhkəməyə hakim İmanverdi Şükürov sədrlik edib.

İttihama görə, 1974-cü il təvəllüdlü Yevlax şəhər sakini Təranə Qarayeva qabaqcadan əlbir olan bir qrup şəxs halında, qadınların zəiflik vəziyyətindən sui-istifadə edib, onlara hədə-qorxu gələrək cinsi istismar etmək məqsədi ilə dövlət sərhədindən keçirib. Daha sonra onların pasportlarını alaraq tamah niyyəti ilə iki və ya daha çox şəxs barəsində insan alveri cinayətini törədib.

Ailələri ilə şantaj...

Onun bu işdə şəriki şəxsiyyəti istintaqa məlum olmayan Türkiyə vətəndaşı Mustafa adlı şəxs olub. Qarayeva Türkiyəyə apardığı qadınları ailələri ilə təhdid edib.

T.Qarayeva 2011-ci ilin dekabr ayının ortalarında R.Q-ya fahişəliklə məşğul olmağını oğlanlarına bildirəcəyi barədə hədə-qorxu gələrək Türkiyənin Sinop şəhərinə aparıb və Mustafa adlı şəxsin kirayə tutduğu mənzildə yerləşdirib. Müxtəlif şəxslərə təqdim edərək cinsi istismar edib.

2014-cü ildə P.Q-nın maddi imkansızlığını bilərək zəiflik vəziyyətindən sui-istifadə edib Sinopda restoranlardan birinə ofisiant kimi işə düzəldəcəyini bildirərək oraya aparıb. 2015-ci ilin sentyabrında K.B-nı da aldadaraq Sinopda ofisiant kimi işləməsini təmin edəcəyini deyib. 2016-cı ilin yanvarında A.A-nın maddi imkansızlığını bilərək zəiflik vəziyyətindən sui-istifadə edib, onu da Sinopa ofisiant kimi işə düzəldəcəyini bildirərək aparıb.

İstintaq zamanı məlum olub ki, Qarayeva Sinopa işə düzəltmək üçün apardığı qadınların pasportlarını alaraq onlara hədə-qorxu gəlib. Cinsi istismara məruz qoyduqları qadınlara bildiriblər ki, ailələrinə zəng edərək fahişəliklə məşğul olduqlarını deyəcəklər.

Qarayeva qadınların Türkiyəyə könüllü getdiyini deyir...

Məhkəmədə T.Qarayevanın vəkili müdafiə çıxışı edərək bildirib ki, zərərçəkmiş kimi tanınan şəxslərin heç birini hüquqlarını müdafiə etdiyi şəxs cinsi istismara cəlb etməyib. Onlar könüllü Türkiyə gediblər. Onların pasportları alınmayıb və Qarayeva tərəfindən hər hansı bir təsir göstərilməyib. Vəkil onu da qeyd edib ki, zərərçəkmişlər istintaq zamanı Qarayevadan şikayətçi olsalar da, sonradan şikayətlərini geri götürüblər. Vəkil T.Qarayevanın onkoloji xəstə olmasını da nəzərə alaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

İnsan alverində təqsirləndirilən Təranə Qarayeva isə çıxışında ağır xəstə olduğunu, qadın olduğunu, zərərçəkmişlərlə razılıq əldə etməsinin nəzərə alınmasını xahiş edib.

O, bir qadın kimi etmədiyi əmələ görə təqsirləndirilərək cəza aldığını deyib: “Mənə qarşı ifadə verən Rübabə qorxudulub. Mənə qarşı ifadə verməyə məcbur edilib. Rübabə Türkiyəyə məndən əvvəl getmişdi. Oraları da kifayət qədər tanıyan bir şəxsdir. Digər şəxsləri də heç bir cinsi istismara məruz qoymamışam. İfadədə və hökmdə yazılanlar yalan və iftiradır. Əgər zorla aparmışamsa, sonradan onlar bir də niyə Azərbaycandan Türkiyəyə qayıdıblar? Mənim onların fahişəliyini uşaqlarına deyəcəyim iddiaları gülünc və fərziyədir”.

Dövlət ittihamçısı Mazan Fətəliyev hökmün dəyişdirilmədən saxlanılmasını istəyib.

“Müştərilər məni evdən götürürdü”

Cinsi istismara məruz qaldığını deyən R.Q birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərib ki, tanışı Təranə onunla birlikdə Türkiyəyə gedib fahişəliklə məşğul olmağı təklif edib. Bu təklifi rədd edərkən Təranə ona hədə-qorxu gəlib, getməyəcəyi halda ailə üzvlərinə onun Türkiyədə fahişəliklə məşğul olduğunu deyəcəyini bildirib.

R.Q söyləyib ki, bundan qorxaraq Təranə ilə razılaşıb: “Türkiyədə olarkən Təranə məni tanışı olan kişi müştərilərə təqdim edirdi. Müştərilər məni evdən götürürdü. Pulu da Təranəyə verirdilər. Aparıldığım yerlərdə müştərilərlə cinsi əlaqədə olurdum. Bir dəfəsində qonşular şikayət etdiyi üçün polislər bizi tutdu. 2012-ci ildə Azərbaycana deportasiya edildim”.

R.Q onu da etiraf edib ki, Təranənin istəyi ilə fahişəliklə məşğul olmaq üçün başqa şəxslər də tapıb. Belə ki, tanışı A.A-nı Sinopda işə düzəltmək adı ilə Təranə ilə tanış edib. Təranə də A.A-nı aldadaraq Türkiyəyə aparıb və pasportunu əlindən alaraq fahişəliyə məcbur edib.

Zərərçəkmiş A.A da birinci instansiya məhkəməsinə eyni məzmunlu ifadə verib. Türkiyədə cinsi isitismara mərzu qaldığını birinci instansiya məhkəməsində söyləyən C.B isə deyib ki, Təranənin vədi ilə Sinop şəhərində restoranlardan birinə ofisiant işləmək üçün gedib. Təranə işlə bağlı qeydiyyata düşmək adı ilə aldadaraq pasportlarını alıb: “Sonra bizi aldadaraq tanışı olan müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağımızı istədi. Etiraz etdikdə isə pasportları cıracağını, bizim fahişəliklə məşğul olmağımız barəsində polisə məlumat verəcəyini söylədi”.

Məhkəmə istintaqı zamanı zərərçəkmişlər T.Qarayevadan şikayətlərini geri götürüblər. Apellyasiya şikayətinə baxan məhkəmə belə qənaətə gəlib ki, şikayət qismən təmin edilməlidir.

Məhkəmə zalından azadlığa…

T.Qarayeva barəsində Cinayət Məcəlləsinin 70-ci mаddəsi tətbiq olunmaqla ona təyin olunmuş аzаdlıqdаn məhrum etmə cəzаsı sınаq müddəti müəyyən edilməklə şərti olаrаq tətbiq edilməlidir.

Məhkəmə kollegiyasının fikrincə, T.Qarayevanın müalicəsi həm də onun azadlıqda qalmasından bilavasitə aslıdır. Bu baxımdan da məhkəmə kollegiyasının qənaətincə təqsirləndirilən şəxsə təyin ediləcək cəza heç bir halda nə təqsirləndirilən şəxsin özünə, nə də onun yaxınlarına sitəm verici xarakter daşımamalıdır.

T.Qarayevanın törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərlə barışması yüngülləşdirici hal kimi qiymətləndirilib.

Məhkəmə kollegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini müzаkirə edib cinаyət qаnunu normаlаrının tələblərinə əsаslаnаrаq, şikаyətdə qeyd edilənləri, o cümlədən Təranə Qarayevanın cəzasını yüngülləşdirən hаllаrı nəzərə аlаrаq onun cəza çəkmədən islah olunmasını mümkün hesab edərək, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzаsınının qalan hissəsini sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsini, eyni zamanda onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz hərəkətləri ilə özünün islah olunduğunu sübut etmək vəzifəsi qoyulmasını, bаrəsində seçilmiş həbs-qətimkаn tədbirinin ləğv edilərək məhkəmə zalında həbsdən azad edilməsini, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edib.

İ.Muradov,

Administratorla əlaqə

077 611-55-22

[email protected]