Kriminal

Aeroportda qızıl əməliyyatı: Rəis həbs edildi...

28-01-2017, 16:53
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qanunsuz yolla qızıl-ziynət əşyaları keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Musavat.com xəbər verir ki, bu iş üzrə 6 nəfər təqsirləndirilirdi. Onlardan biri Türkmənistan vətəndaşı, 5-i isə Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.

Bu iş üzrə günahlandırılanlar Türkmənistan vətəndaşı Baylyyev Amanmuhammed, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşları Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və qızıl alverçisi Ziyafət Qurbanovadır.

İttihama görə, DGK-nın inspektoru Neman Abbasov qabaqcadan digər şəxslərlə əlbir olaraq ümumi dəyəri 285 min manat olan qızıl-zinət əşyalarını qanunsuz yolla hava limanından keçirməyə cəhd ediblər. İttiham aktında bildirilir ki, Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. N.Abbasov digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanı binasından keçirərək tualetdə Türkmənistan vətəndaşına vermək istəyiblər.

Bu iş üzrə təqsirləndirilən şəxslərdən ikisi - Neman Abbasov və Baylyyev Amanmuhammed həbs edilsə də digərləri zamində idi. Həbs edilənlərdən yalnız Neman Abbasov günahını etiraf edib. O, bu əməli ehtiyac üzündən etdiyini və digər şəxslərin bundan xəbərsiz olduğunu söyləmişdi.

Bu gün keçirilən məhkəmədə hökm elan edilib. Hökmə əsasən Türkmənistan vətəndaşı olan Aman Muhamməd Baylyyev məhkəmə zalından azadlığa buraxılıb. O, 1 il sınaq müddəti təyin edilməklə 6 il şərti cəzaya məhkum edilib.

Gömrük Komitəsinin əməkdaşı olan Neman Abbasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan komitə əməkdaşı, Neman Abbasovun rəisi olmuş Adil Kazımov məhkəmə zalında həbs edilib. Digər komitə əməkdaşı Muxtar Qasımov da məhkəmə zalında həbs edilib və onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Aytəkin Tağıyeva şərti cəzaya məhkum edilib. Qızıl alverçisi Ziyafət Qurbanov da şərti cəza alıb. Belə ki, məhkəmə onların hər birinə 6 il şərti cəza təyin edib.

Qeyd edək ki, onlara Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]