İslam

Bu hərəmi unutmayaq…

8-06-2016, 00:14

Müqəddəs Qum şəhərindəki Xanım Məsumənin (s. ə) hərəmini yəqin ki çoxları ziyarət edib və belə bir fürsəti olmayanlar bu müqəddəs məkanı görmək arzusu ilə yaşayırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər gün yüzlərlə elm əhli hərəmi ziyarət edir, Peyğəmbər (s) xanədanının lütf və nəzərinə möhtac olduqlarını göstərirlər. Hərəmin əsas zəvvarları elmiyyə hövzələrinin tələbələri, alimlər və müctəhidlərdir. Böyük mərcəi-təqlidlər bu əzəmətli qəbrin müştaqı olmuşlar. İslamın ən görkəmli alimlərindən olan Əllamə Təbatəbai orucunu bu fəzilətli hərəmin zərihinin tozu ilə açarmış. Hərəm həmişə lütf və kərəm mənbəyi olmuş, elm əhli bu əzəmətli məzardan feyz almışlar…

İndi isə əziz İmamın (ə) digər bacısı barədə… Məzarı Bakıda yerləşən, Bibiheybət kimi tanınan başqa bir hərəm. Bu hərəm əvvəlki hərəmdən fərqlidir, İmamın (ə) bacısı nisbətən tənhadır, zəvvarları yalnız əlacsız qalıb yolunu ziyarətgaha salanlardır. Möminlərin, ruhani və ilahiyyatçıların, ümumilikdə inanc əhlinin bu Əhli-Beyt (ə) məzarına kütləvi axını gözə dəymir. Dindarların – məqamını bildikləri halda – bu fəzilətli Xanımın (s.ə) hərəminin ziyarətinə çox nadir hallarda gedib-gəlməsi ürəkağrıdıcıdır. Azərbaycandakı Əhli-Beyt (ə) övladlarının məzarları nadir hallarda etibarlı sənədə malikdir ki, bunlardan biri, bəlkə də birincisi məhz Bibiheybət ziyarətgahıdır. Məzardakı daş kitabə və üzərindəki yazı qəbrin əhəmiyyətini bildirir: "Burada Muhəmmədin (s) nəslindən olan, altıncı İmam Cəfər Sadiqin nəvəsi, yeddinci İmam Musa əl-Kazımın qızı, səkkizinci imam Əli ər-Rizanın bacısı dəfn edilib".
Bəs bu lütf və fəzl mənbəyi məzara diqqətsizlik haradandır? Bəlkə nəhayət unudulmuş hərəmi zəvvarların ümid yerinə çevirək? İş fəaliyyətlərimizin yanında ayda heç olmasa bir dəfə Bibiheybət ziyarəti olsa, həm mənəvi feyzə qonaq olarıq, həm də bu mubarək məzar boş qalmaz. 4-5 həftədən bir cəmi bir neçə manat yolpulu xərcləməklə hərəmin daimi zəvvarına çevrilmək olar. Bu, bir inanclı üçün çətin olmamalıdı. Axı Azərbaycan – Əhli-Beytsevərlər yurdudur…

Nəbati Nurəliyev.
"Dəyərlər”in oxucusu

Administratorla əlaqə

077 611-55-22

[email protected]