İqtisadiyyat

Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

5-05-2019, 13:13

Azərbaycan ilə Braziliyanın enerji əməkdaşlığı müzakirə olunub.

Energetika Nazirliyindən Xeberman.com-a bildirilib ki, nazirlikdə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb.

R.Maya Braziliyanın karbohidrogen ehtiyatları, yeni yataqların kəşfi hesabına hasilatda gözlənilən artım, təbii qaz sahəsində həyata keçirilən islahatlar, eləcə də bərpaolunan enerjidən istifadə barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki, Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə, iki ölkənin enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumları və neft-qaz şirkətləri arasında əlaqələrin inkişafına, “Petrobras”la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və enerji əməkdaşlığı üçün imkanların olduğunu deyib. Nazir qədim neft diyarı olan Azərbaycanın keçdiyi inkişaf yolu, neft-qaz sənayesinin inkişaf mərhələləri və qlobal enerji təhlükəsizliyinin təminatı prosesində rolundan danışıb.

SOCAR tərəfindən bu ölkə istiqamətində xam neftin, eləcə də Braziliya mənşəli neft və neft məhsullarının dünya bazarına təchiz edildiyini deyən nazir bildirib ki, neft-qaz şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün Energetika Nazirliyi lazımi dəstəyi verməyə hazırdır.

P.Şahbazov, eyni zamanda, iki ölkə arasında əməkdaşlıq üçün mümkün istiqamətlərdən biri kimi bərpaolunan enerji sahəsini qeyd edib: “Hazırda Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə üzrə yeni mərhələ başlanıb. Bu sahədə qanun və təşviqedici mexanizmlər hazırlanır. İndi əməkdaşlıq üçün münasib məqamdır və Braziliya şirkətlərini bərpaolunan enerji sahəsində iştiraka dəvət edirik”.

Söhbət zamanı ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən digər istiqamətlər üzrə də imkanlar nəzərdən keçirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]