İqtisadiyyat

Hansı kreditlər bağışlana bilər?

28-11-2016, 00:56
Vahid Əhmədov: "Yalnız aztəminatlı ailələrin aldığı 1000 dollara qədər olan kreditlərin silinməsi mümkündür” 

Problemli kreditlərin bağışlanması məsələsi yenidən mətbuatın gündəminə gəlib. Bu dəfə Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinini rəhbəri Ziyad Səmədzadə bankların vaxtı keçmiş kreditlərə amnistiya tətbiq etməsini təklif edib. Deputat bildirib ki, hazırda bankların güzəştə getmək imkanları var: "Biz bankların gəlirliliyini araşdırmışıq və hesab edirik ki, onlar kifayət qədər gəlirlə işləyirlər. Ona görə də, borcların amnistiya məsələsinə getmək olar. Azərbaycanda bəzi bank müştəriləri üçün kredit amnistiyası tətbiq olunmalı və banklar həmin müştərilərə güzəştə getməlidirlər”.

Qeyd edək ki, hazırda problemli kreditlərin həcmi 1 mlrd. 600 mln. manat təşkil edir.

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan deputat Vahid Əhmədov isə bütün kreditlərin bağışlanması məsələsinin real olmadığını bildirdi. Deputat qeyd etdi ki, bunun əvəzinə banklar vətəndaşlara kreditlərin ödənilməsi üçün başqa güzəştlər edə bilərlər: "Biz problemli kreditlərin hamısının bağışlanmasını təklif etmirik. Bizim təkliflərimiz daha çox məzənnənin aşağı salınması ilə bağlıdır. Biz hökumətə 14 səhifəlik təklif vermişik. Hələ ki o təkliflərə cavab almamışıq. Amma bağışlanma məsələsi çox da əhəmiyyətli deyil. Buna banklar heç vaxt getməzlər. Yalnız 1000 dollara qədər olan kreditlər bağışlana bilər. O halda ki, aztəminatlı ailələr onu dolanmaq, gündəlik xərclərini ödəmək üçün götürüblər. Mən banklarla bağlı çoxlu şikayət məktubları alıram. Əvvəllər bankların əksəriyyəti çoxlu güzəştlərə gedirdi. İndi də təxminən ayda 100 məktub alıram və banklara yönəldirəm. Onlar da mənə cavab verirlər və hansısa formada həll etməyə çalışırlar. Haradasa güzəştə gedirlər, ya vaxtı uzadırlar”.
Problemin ümumilikdə həllinə gəlincə, Vahid Əhmədov qeyd etdi bu barədə hökumətə təkliflər paketi təqdim ediblər: "Mən və həmkarım hökumətə Əli Məsimli 14 səhifəlik təklif vermişik. Burada həm də bank sisteminin sağlamlaşdırılmasının necə həyata keçirilməsi nəzərdə tutulur. Ən önəmli məsələ insanların bank sektoruna inamının bərpa edilməsidir. Bank sisteminə inam arta, insanlar bir qədər sakitləşər, vəsaitlərini banka yerləşdirərlər. Bu məsələdə 4 tərəf var: Mərkəzi Bank, kommersiya bankları, əhali və dövlət. Problemin yükü 4 tərəf arasında bölüşdürülməli və həll olunmalıdır. Vaxtı keçmiş kreditlərin 1.05-lə, bəzilərinin 1,25-lə ödənilməsi ilə bağlı bizim təkliflərimiz var. Konkret sxemi vermişik, lakin çox təəssüf ki, bu günə kimi ona baxılmayıb”.

İqtisadçı-ekspert Qubad İbadoğlu isə fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul olunmasını və vətəndaşın krediti qaytarmaq imkanına malik olmayan insanlar haqqında müflis olma qərarının çıxarılmasını təklif etdi: "Bu problem gec-tez həll olunmalıdır. Bu məsələyə yanaşmada bir neçə variant ola bilər. Şəxsən mən hesab edirəm ki, Azərbaycanda fiziki şəxslərin müflisləşməsi haqqında qanun olmalıdır və banklar bu qanuna müvafiq olaraq kreditləri qaytarmaq iqtidarına malik olmayan şəxslərin hər biri haqqında məhkəmə qərarına müvafiq şəkildə kreditləri qaytarmasını təxirə sala bilər, müəyyən məbləğ azalda və ya bağışlaya da bilərlər. Bu proses hüquqi əsasa söykənməlidir. Eyni zamanda bağışlanma borcalanlara şamil oluna bilməz. Borc alanın krediti ödəyə bilməməsi məhkəmə qaydasında təsdiq olunmalıdır”.

İqtisadçının sözlərinə görə, borclulara güzəşt edilməsi onlar üçün itki olsa da, bu yolla bank sektoruna inamı bərpa edə bilərlər: "Əksər borcalanların, xüsusilə də valyuta ilə borc alanların krediti ödəmə imkanı demək olar ki, yoxdur. Çünki həmin kreditlər bank şərtlərindən başqa, həm də məzənnə fərqi ilə əlavə xərclər tələb edir. İndiki halda o məsrəfləri qarşılamaq nə fiziki, nə də hüquqi şəxsə imkan yaratmır. O baxımdan mən istərdim ki, belə bir proses başlasın və ilk növbədə vaxtı keçən kredit borclarının təsnifatı aparılsın. Kreditləri ödəmək qabiliyyətinə malik olmayan insanlar üçün ödəmə prosesinin təxirə salına bilər və ya bağışlana bilər. Müxtəlif yanaşmalar tətbiq oluna bilər. Düzdür, bu, bank sisteminə neqativ təsir göstərə bilər. O banklar ki, problemli kreditləri çoxdur və bağışlanacaq, bu bank üçün vəsait itkisi deməkdir. Amma banklar bu addımı atmaqla həm də geri qaytarılmayan kreditlər üzrə borcların yığım səviyyəsini qaldıra bilərlər. Yığım səviyyəsinin qaldırılması bu gün banklar üçün çox əhəmiyyətlidir ki, ən azından özlərinin cari xərclərini ödəmək iqtidarına malik olsunlar. Təcrübə göstərir ki get-gedə bankların zərərləri artır və bu da onların fəaliyyət imkanlarını məhdudlaşdırır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]