İqtisadiyyat

Satışda süni yumurta var – saxta məhsulu ölkəyə kim gətirir?

22-11-2016, 20:02

Eyyub Hüseynov: "İstisna olunmur ki, Çində istehsal olunan süni yumurta Azərbaycana gətirilə bilər”; Fazil Talıblı: "Biz bu barədə məlumatsızıq” 

 

Çinlilər saxta düyüdən sonra saxta yumurta da istehsal etməyə başlayıb. Saxta düyülər uzaq Çindən hansısa yollarla çoxdan gəlib bazarımıza, süfrələrimizə daxil ola bilib. Alıcılar hər iki məhsulu alarkən diqqətli olmalıdır. Çində istehsal edilən süni yumurtanın da  hansısa yollarla Azərbaycan bazarına daxil olması istisna deyil. İlkin baxışda adi toyuq yumurtasından heç nə ilə fərqlənməyən saxta Çin yumurtalarını adi toyuq yumurtasından seçmək üçün diqqətli olmaq lazımdır. Belə ki, bu yumurtanın rəngi daha şəffaf olur. 

Qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir. Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir. Sonra bu qarışıq maddə kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür.

Hazırlanmış məhlul süni qabıqla örtülür, bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula salınır. Bu yumurtalar toyuq yumurtasına nisbətən daha ucuz qiymətə satılır. Mağazadan aldığınız yumurtanın saxta Çin yumurtası, yoxsa təbii yumurta olduğunu bilmək üçün onu sındırmanız kifayətdir. Belə ki, yumurtanı sındırıb bir müddət qabda saxlayın. Tədricən yumurtanın ağı ilə sarısının bir-birinə qarışdığını müşahidə edəcəksiniz. Çünki süni yumurtada ağı və sarısı oxşar tərkibli maddələrdən əldə edilib. Növbəti fərqi isə bişirəndən sonra aşkar edə bilərsiniz. 

Yumurtanı qaynadıb sarısını 6 saat soyuducuda saxlayın. Əgər təbiidirsə, o bir az göyərəcək. Həmin yumurtanın sarısı ovulmayacaq və əksinə, jelatinə bənzər forma alacaq, zülal azca çatlaya bilər. Ancaq yumurtanın hansısa yeməyin üzərinə sındırsanız, onun saxta yumurta olub olmadığını ayırd edə bilməyəcəksiniz. Bu yumurtalar qaraciyərdə və əsəb sistemində problemlər yaradır.

Xatırladaq ki, bir müddət öncə çinlilərin hazırladıqları saxta düyülərdə bizim bazara daxil olub və hələ də satışda mövcuddur. Çinlilər bu düyünü plastikdən hazırlayır. Hətta sosial şəbəkələrdə bu düyülərin hazırlanma prosesinin videogörüntüləri də yayılmışdı. Hər iki saxta məhsulun hazırlanması həm ucuz başa gəlir, həm də satışı yaxşı gedir. Satışda müxtəlif qiymətə bir çox düyü növləri mövcuddur. Bu düyülər həm yerli istehsaldır, həm də xarici istehsal. Özü də həm qutularda, həm də çəki ilə satılır. Saxta düyü ilə təbii yolla əldə edilən düyünü yanaşı qoysaq görərik ki, saxta düyü daha çox göz oxşayır və parlaqlığı ilə diqqət çəkir. Qeyd edək ki, saxta düyülərin hamısı standart eyni ölçüdə olur. Amma təbii yolla yetişən düyülərin biri uzun, biri kiçik olur. Hətta onların içərisində bəzilərinin qırıq olduğunu belə görə bilərsiniz. Bir neçə mağazaya baş çəkib satışda saxta yumurta və düyülərin olub olmadığı ilə maraqlandıq. Satıcılar saxta yumurta barədə eşitmədiklərini, onların satdıqları yumurtanın normal toyuq yumurtası olduğunu deyirdilər: "16 qəpiyə satılan yumurtaların heç biri saxta deyil. Fermada yetişən toyuq yumurtalarıdır. Bir də kənd yumurtaları satırıq”. 

Düyülərə gəlincə isə satıcılar alıcıların daha çox yerli düyülərə üstünlük verdiyini deyirdilər. Ən yaxşı düyünün isə "Tamaşa” düyüsü olduğunu bildirən satıcılar düyülərin saxta və ya orijinal olduğunu bilmədiklərini dedilər. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə təhlükəli ərzaq məhsullarının satıldığını dedi:"Ölkədə qida təhlükəsizliyinə dair qanun yoxdur. Baxmayaraq ki, bu qanun beynəlxalq təşkilatlar tərəfindən hazırlanıb hökumətə verilib. Beş ildən çoxdur ki, bu qanuna baxılır, amma qəbul olunmur. Bu gün ən təhlükəli qidalar Azərbaycanın əmtəə bazarında satılır. Sahibkarlar onlar üçün yaradılan toxunulmazlıq hüququndan sui-istifadə edir və ölkənin əmtəə bazarı sürətlə çirklənir. Azərbaycanda apteklər şəbəkəsinin çoxluğundan, klinikalarda, apteklərdə insanların dərman almaq üçün növbəyə durmasından, xarici ölkələrə xəstə aparanlarının sayının artmasından görmək olar ki, Azərbaycanın qida sektorunda nələr var. Necə ki, Azərbaycan kürü ölkəsi olsa da, süni kürünü natural kürü kimi xaricdən alır, indi də süni yumurtanı alacaqlar. İstisna olunmur ki, Çində istehsal olunan süni yumurta Azərbaycana gətirilə bilər. Çünki qeyd etdiyim kimi, Azərbaycan bazarında satıcılar, istehsalçılar, sahibkarlar nə istəyirlər onu da edirlər və əhalini aldadırlar. Yerli broyler fabrikləri, natural yumurta istehsal edənlər standartlara uyğun olaraq yumurtaların hər birinin üzərinə onun yararlılıq müddətini, istehsal yerini qoymalıdır. Yalnız Hacıqabul quşçuluq fabriki yumurtalarının üstünə ”Hacıqabul" yazır. Bu nümunə digərlərinə də keçməlidir ki, hər bir yumurta istehsalçısı yumurtanın üzərinə onun istehsal yerini və yararlılıq müddətinə üzərinə vursunlar. Lakin istisna olunmur ki, Azərbaycanda süni düyü də ola bilər, süni yumurta da. Çünki azad bazar iqtisadiyyatıdır və hər şey ola bilər. Ancaq istehlakçının mal haqqında məlumat almaq hüququ var, istehlakçı aldadılmamalıdır. Müvafiq dövlət orqanları gərək bunların monitorinqini aparsın, əhaliyə məlumatlar versin".

Satışda olan saxta düyülərə gəlincə isə qurum sədri düyü bazarında da çoxlu problemlər olduğunu dedi:"Ən bahalı düyü ”Tamaşa" düyüsüdür. Ancaq digər düyülər də "Tamaşa” adı altında satılır. Təxminən 80 faiz yerlərdə, hətta ən nüfuzlu marketlərdə belə başqa düyülər "Tamaşa” düyülərinin qabına qablaşdırılıb. Yaxud "Tamaşa” düyüsü ilə ucuz düyü qarışdırılıb sırf "Tamaşa” düyüsü adı altında satılır. Biz hazırda bunun monitorinqini aparırıq. Hazırda satışda süni düyülərin də olması istisna olunmur. Süni düyü parıltılığı, bişiriləndə yapışmaması ilə seçilir. İstehlakçı üçün bunu ayırd etmək çox çətindir. Belə süni düyülərin üzərinə yazılmalıdır".

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bu barədə məlumatsız olduqlarını dedi: "Məhsulların keyfiyyətinə dövlət nəzarəti aparılmır. Sahibkarlıq fəaliyyətinə aparılan yoxlamaların dayandırılması haqqında qanunun tələblərinə əsasən yoxlamalar dayanıb. Ona görə də biz bu barədə məlumatsızıq. Bizim qaynar xəttə bu barədə şikayət də daxil olmayıb. Hər halda, təbii məhsullarımız varsa, saxtasına nə ehtiyac var. Bizim təbii məhsullarımız ölkə bazarının tələbatını kifayət qədər ödəyə bilir. Amma saxta yumurtanın, düyünün olub-olmaması barədə nəsə deyə bilmərəm”.

Günel MANAFLI
Fotolar müəllifindir


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]