Gündəm

60 minlik hərbi təlim nəyə işarədir? - Müharibə, yoxsa...

12-11-2016, 17:16
60 minlik hərbi təlim nəyə işarədir? - Müharibə, yoxsa...
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb.

Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub. Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə ordumuzun cəbhə bölgəsində keçirdiyi təlimlərlə bağlı fikirlərini bölüşüb. Deputat bu barədə Unikal.org-a açıqlamasında bildirib ki, bu, planla keçirilən təlimlərdən biridir. Onun sözlərinə görə, ildə bir neçə dəfə Azərbaycan Silahlı Qüvvələri bütün qoşun növlərini cəlb etməklə iri miqyaslı hərbi təlimlər keçirir: "Azərbaycan müharibə vəziyyətində olan bir ölkədir. Torpaqlarımızın 20 faizi qonşu Ermənistanın işğalı altındadır. Azərbaycan Silahlı Qüvvələri bunun üçün hər an döyüşə və torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıdır. Bununla biz müharibə vəziyyətinə hazırlığımızı yoxlayır, digər tərəfdən, bir müstəqil dövlət kimi özümüzün suveren hüququmuzdan istifadə edirik. Qeyd edim ki, Ermənistanda bəzən təlim adıyla imitasiya etməyə çalışırlar. Ancaq bir neçə tankın cəbhə boyu sağa-sola hərəkət etməsi heç bir halda ciddi qəbul edilmir. Ermənistan yaxşı bilməlidir ki, Azərbaycanın bütün hazırlıqları, bütün fəaliyyəti özünün dövlət suverenliyinin möhkəmlənməsinə, eyni zamanda, mümükün ola bilən hərbi əməliyyatlarda qələbə çalmağa yönəlib. Ölkə prezidentinin də bu gün cəbhə bölgəsinə səfərə hərbi formada getməsi və orada bir neçə sosial obyektlərin açılışında iştirak etməsinə də münasibət bildirib. Biz unutmamalıyıq ki, İlham Əliyev Azərbaycan Prezidenti olmaqla yanaşı, həm də Ali Baş Komandandır”.

Millət vəkili Aqil Abbas da deyib ki, bu, Azərbaycan Ordusunun gücünün göstəricisidir: "Plana uyğun olaraq təlimlər keçirilir. Amma 60 minlik heyətlə Azərbaycan Silahlı Qüvvələrinin təlim keçirməsi Ermənistan hakimiyyətini də qorxuya salıb. Onlar bizim ordumuzun gücünü görüb şalvarlarına batırırlar. Həmçinin, bizim hərbi təlimləri Ermənistana işləyən dövlətlərdə kosmosdan çəkib onlara ötürürlər. Bütün bunlara baxmayaraq Azərbaycan hərbi təlimlərlə Ermənistana öz işarəsinİ edir. Torpaqlarımız sülh yolu ilə qaytarılmasa, Ali Baş Komandanın əmri ilə ordumuz qısa zaman kəsiyində düşməndən torpaqlarımızı azad edəcək".

Hərbi ekspert Üzeyr Cəfərov açıqlamasında vurğulayıb ki, il ərzində bir neçə dəfə belə təlimlər palanlaşdırılır. 2016-ci il üçün ən böyük və sonuncu təlimlərdir. Arzu edirik ki, bu təlim praktiki işlərə keçsin. Praktiki iş də ondan ibarətdir ki, işğal altında olan ərazilər işğaldan azad edilsin. Ölkə başçısının hazırda olduğu Füzuli istiqamətində 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri düşmənə çox sarsıdıcı zərbə vurdu. O vaxtı mənim də iştirak etdiyim hərbi döyüşlərdə 23 yaşayış məntəqəsi işğaldan azad edildi. 2016-ci ilin aprel ayında bizim ordumuz çox böyük qələbəyə imza atdı. Bu təlimlərin mühüm cəhəti ondan ibarətdir ki, 60 minlik şəxsi heyət həm xidmətdə olan və həm də Səfərbərlik xətti ilə çağırılan şəxslər bu təlimlərə cəlb edildilər. Döyüş hazırlıqlarını yüksəltmək və o cümlədən qoşunlar arasında əlaqənin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, bu təlimlər də həm düşmənə və onun havadarlarına bir mesajdır ki, Azərbaycan işğal edilmiş əraziləri tələb edir və əgər bu baş tutmasa, lazım olan addımları atacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]