Gündəm

Elmar Vəliyev-Cavid Qurbanov cütlüyünün cuval biabırçılığı

12-02-2016, 17:27

"Sabir Rüstəmxanlı qoy gedib bunu yaxın qohumu Ziya Məmmədovdan soruşsun və xahiş etsin ki, o çuval çıxarılsın”. 

9 gün öncə doğumunun 132-ci ilini qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı yenidən bağlanıb. Bu parkın bağlanması və hətta Rəsulzadənin büstünün üstünə çuval taxılması olayı ilk deyil.

Artıq istər Gəncə sakinləri, istərsə də ölkə vətəndaşları bu haqda bütün detalları bilirlər. Detallar isə ondan ibarətdir ki, M.Ə.Rəsulzadənin AXC-nin ilk paytaxtı sayılan Gəncədəki yeganə büstü jurnalist Qulu Məhərrəmlinin sözləri ilə desək, çoxlarının başına daş salıb. O büst elə qoyulan gündən bəri Hollivudun macəra dolu kinolarındakı kimi macəra dalğasından çıxa bilmir. Hazırda "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan bu parkın təmirinin hansı qurum tərəfindən aparıldığı da məlum deyil. Çünki Cavid Qurbanovun rəhbərlik etdiyi təşkilatın rəsmisi bildirib ki, park onlar tərəfindən bağlanmayıb. Belə olan halda kələfin ucu Gəncə icra hakimiyyətinə, birbaşa onun başçısı Elmar Vəliyevə gedib çıxır.

Elmar Vəliyevin Milli Miclisdə emissarı hesab edilən, nə şairlikdə, nə də həkimlikdə böyük uğur əldə edə bilən Musa Quliyev (Urud) parkın Cavid Qurbanova məxsusluğu haqda elə Milli Məclisdə fikir səsləndirmişdi. Hətta o zaman çuvalın çıxarılması təklifilə çıxış edən şair Sabir Rüstəmxanlı və Fazil Mustafa da ciddi qınağa səbəb olmuşdu. Musa Urud Sabir Rüstəmxanlıya demişdi ki, çuvalın taxılması və çıxarılması olayının Elmar Vəliyevə dəxli yoxdur: 

"Sabir Rüstəmxanlı qoy gedib bunu yaxın qohumu Ziya Məmmədovdan (O vaxtlar bu park Nəqliyyat Nazirliyinin balansında idi) soruşsun və xahiş etsin ki, o çuval çıxarılsın”. 

Çuval isə dəfələrlə sosial şəbəkələrdə və elektron mediada müzakirələrdən sonra nəhayət ötən il dekabrın 5-də çıxarıldı. Düzdür, buna Gəncədən yeni seçilən Naqif adlı deputatın müxalifət yönlü jurnalistlərlə yemək yeyən zaman Rəsulzadə haqda işlətdiyi təhqiramiz ifadələr də böyük təkan verdi. İndi isə fakt faktlığında qalır ki, çuvaldan çıxarılan büst indi də taxta hasarlar arasında görünməz qalıb. O görünməzliyi yaradan isə Elmar Vəliyev və Cavid Qurbanovdur. Gəncəbasar bölgəsində böyük söz sahibinə malik olan Elmar Vəliyevin bu problemi həll etməyi bir su işimi kimi şeydir.

Eyni sözləri Cavid Qurbanov haqda da demək olar. Dədə Şəmşirin nəvəsi və özünü prezident İlham Əliyevin yaxın adamı hesab edən Cavid Qurbanovun susqunluğu da müəyyən suallar verməyə əsas yaradır. Sadə və bəsit olan sual isə budur? Elmar Vəliyev və Cavid Qurbanov cənabları bu problemi ikilikdə nə vaxt həll edəcəksiniz? Yoxsa yenədəmi buna kollegiya iclasında cənab prezident qarışacaq. Prezidentin qarışmasının isə sizə acı nəticəsi ola bilər. Bu ən azından işinizi itirməklə yekunlaşar. Hadisələr isə hələlik bu işdən möhkəm yapışdığınızı göstərir…

Administratorla əlaqə

077 611-55-22

[email protected]