Gündəm

Əli İnsanovdan yeni xəbər var

9-12-2016, 12:52

Tofiq Yaqublu: "Əgər ona sovqat aparsam...”; Fərəc Kərimli: "Daim məlumatım olur”

 


Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun əlavə cinayət maddələri ilə barəsində 3 ay seçilən həbs-qətimkan qərarından iki ay ötür. 11 illik cəzası başa çatdıqdan sonra azad edilməyən sabiq nazir hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Ə.İnsanov barəsində həbs-qətimkan qərarı seçildiyi gündən bu günə qədər diqqətçəkən bir məqam var. Belə ki, sabiq nazir və çevrəsi, eləcə də, vəkili son iki ayda demək olar ki, mətbuatdan və ictimaiyyətə açıqlama verməkdən qaçırlar. Bu ayında sonunda əfv sərəncamına düşə biləcəyi ilə bağlı yayılan xəbərlər də artıq mümkünsüz görünür. Çünki onun məhkəməsinin Yeni ilə qədər başlayacağı və başa çatacağı deyilirdi. Lakin görünən odur ki, sabiq nazirin məhkəməsi Yeni ildən sonraya qaldı. Bu da onun  əfvə düşmək şansının üzərindən birdəfəlik xətt çəkdi.

13 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən sabiq nazirlə birlikdə həmin müəssisədə olan keçmiş siyasi məhbuslardan onunla maraqlanıb-maraqlanmamalarını soruşduq.

Müsavat başqanının müavini Tofiq Yaqublu sabiq dövlət məmuru ilə daim maraqlandığını bildirdi: "Əli müəllim başda olmaqla digər siyasi məhbuslarla daim maraqlanıram. Onlar hər zaman diqqətimdədir. Yeri gəlmişkən bildirim ki, diplomatik korpusun nümayəndələri ilə görüşlərim olur və hər görüşümdə bu məsələni qaldırıram. Çox təəssüf ki, Əli müəllimlə görüşmək, əlaqə yaratmaq imkanlarımız yoxdur. Əgər ona sovqat aparsam belə bilirəm ki, onu məndən qəbul etməzlər. Onun belə bir problemi də yoxdur. Ailəsi onu təmin edir. Əsas problem onun azadlığa buraxılmamasıdır. Bu yaşda olan, 11 il həbsdə yatmış bir akademikə bu qədər qəddarlıq etmək ağıla sığmayan bir əməldir. Buna çox təəssüflənirəm. Onun azadlığa buraxılması üçün hamı çalışmalıdır”.

Sabiq nazirlə bir müddət eyni müəssisədə cəza çəkən Müsavat başqanının digər müavini Fərəc Kərimli Ə.İnsanovun vəkili vasitəsilə onunla hər zaman maraqlandığını bildirdi: "Yanına getməyimizin mümkünsüz olduğu məlumdur, çünki görüşə icazə verilməz. Amma vəkili vasitəsilə Əli İnsanov barədə daim məlumatım olur. Əhval-ruhiyyəsi, vəziyyəti yaxşıdır. Başqa məlumatım yoxdur”.

Cavanşir ABBASLI 

Administratorla əlaqə

077 611-55-22

[email protected]