Dünya

Moskva Ərdoğanın istefasını rəsmən tələb etdi

26-12-2015, 20:19
Moskva Ərdoğanın istefasını rəsmən tələb etdi
Kremllə Ankara arasında yaşanan gərginlik özünün yeni mərhələsinə qədəm qoymaqdadır. Hadisələrin gedişi göstərir ki, proseslərin indiki məcrada davam etməsində maraqlı olan Rusiyanın əsl niyyəti Ankarada fərqli qüvvələrin hakimiyyətə gəlməsidir. Elə bu məqsədlə Rusiya Türkiyəyə təkcə iqtisadi yox, həm də hərbi təzyiqlər göstərir. Bilindiyi kimi, Rusiya Türkiyə ətrafında hərbi qüvvələr cəmləşdirir. Həmçinin Suriyada Türkiyəyə yaxın qüvvələrin Rusiya tərəfindən daha intensiv şəkildə vurulması prosesi davam etdirilir.
Qeyd edək ki, Suriya üzrə beynəlxalq vasitəçilər qrupunun Nyu-Yorkda keçirilən görüşü nəticəsiz başa çatdığından və terrorçu təşkilatların vahid siyahısını tərtib etmək mümkün olmadığından, Rusiya istənilən qruplaşmanı bombalamaq hüququnu özündə saxlayır. Türkiyə Rusiyanın "Su-24" təyyarəsini vurandan, Rusiya isə "Hmemymim" bazasında "S-400" zenit-raket kompleksləri yerləşdirəndən sonra Rusiya Suriyanın şimalında faktiki olaraq uçuşsuz zona yaradıb. Bu da türk aviasiyasının fəaliyyətsiz qalması ilə nəticələnib. Bununla Moskvanın Ankaraya təzyiqləri getdikcə güclənir.
Belə bir vaxtda Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istefasını tələb edib. Rusiya XİN-nin sözçüsü Türkiyənin İŞİD-lə ticarət əməkdaşlığı apardığını və prezident Rəcəb Tayyib Ərdoğanın da bunun sübut edildiyi təqdirdə istefa verəcəyi barədə açıqlamasını xatırladıb. Mariya Zaxarova deyib ki, Rusiya Türkiyənin İŞİD-lə əməkdaşlığını sübut edib və Ərdoğan sözünü tutub istefa verməlidir: "Ərdoğan demişdi ki, əgər Rusiya İŞİD-lə Türkiyənin ticarət əməkdaşlığını sübut edərsə, mən istefa verəcəm. Biz onsuz da bunu sübut etmişik. Hətta Danimarkanın "Rystad Energy" şirkəti də Türkiyənin neft qaçaqmalçılığı ilə məşğul və İŞİD-lə əlaqələrinin olduğunu sübut edən sənəd yayımlayıb. İndi növbə Ərdoğanındır. Onun yerinə kim olsaydı, sözünü tutub istefa verərdi. İndi Ərdoğanın kreslosunda vəziyyət necədir, onu öyrənmək istərdik".
Rəcəb Tayyib Ərdoğan isə Bursa şəhərində iş adamları qarşısında çıxışı zamanı növbəti dəfə bəyan edib ki, ruslar Türkiyənin İŞİD-dən neft aldığını təsdiqləyərsə, istefa verəcək. Ərdoğan bildirib ki, Türkiyə qaçaqmalçı axtarmır və bir dövlət kimi heç vaxt ərazisində qaçaqmal neft və qazın olmasına imkan verməyəcək. O əlavə edib ki, Türkiyə Rusiya, İran, Azərbaycan və Şimali İraqdan, həmçinin Əlcəzair, Qətər və bəzən də Nigeriyadan neft alır. Rusiya isə bu arqumentləri nəzərə almaq istəmir. Əksinə, Ankara ilə təzyiq dilində danışmaqda israrlı olduğunu bəyan edir. Rusiyanın Dövlət Dumasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Aleksey Puşkov məsələ ilə bağlı bildirir: "Türkiyə Rusiya təyyarəsini vurmaqla Moskvanın gözünü qorxutmağa çalışdı, amma Türkiyə bundan zərərli çıxdı. Rusiya təyyarəsi gözümüzü qorxutmaq üçün vurulmuşdu. Məqsəd Suriyadakı hərbi əməliyyatları məhdudlaşdırmaq idi. Lakin bu hadisə Ankara üçün mənfi proseslərin başlanmasına səbəb oldu. Əvvəlcə Türkiyə sərhədindəki bölgələrdə hücumların sayını artırdıq. Ankaraya göstərdik ki, onun hərəkəti heç bir nəticə vermədi. Türkiyə təyyarəmiz üçün on milyardlarla dollar ödəmək məcburiyyətində qalacaq".
Rusiya İraq vasitəsilə də Türkiyəyə təzyiq göstərməyə çalışır. İraqda türk qoşunlarının olması isə bu məsələdə Rusiya və İraq üçün münbit şərait yaradır. İraq xarici işlər naziri İbrahim Cəfəri bildirib ki, Türkiyə bu torpaqlardan geri çəkilməsə, ciddi gərginlik baş verəcək: "Heç kimin İraqın suverenliyini pozmasına icazə verməyəcəyik. Biz, əvvəllər olduğu kimi, indi də İraq hökumətinin güclü siyasətinə bağlıyıq. Türkiyənin əsgərləri geri çəkməsi üçün bütün diplomatik vasitələrdən istifadə etdik. Lakin Türkiyə əsgərləri burada saxlamaqda qərarlıdır. Əgər Türkiyə əsgərlərini geri çəkməsə, İraqın önündəki bütün qapılar açıq olacaq".
Ərəb Dövlətləri Liqasının (ƏDL) quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Misirdə növbədənkənar görüşündə də bu məsələyə toxunulub. Danışıqların yekununda təşkilat Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib. Bağdad ƏDL-dən iki həftə əvvəl bu məsələyə baxmağı xahiş edib. İraq hakimiyyəti həmçinin BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbçiləri İraq könüllülərinə terrorçularla mübarizə aparmaq üçün təlim keçir. Amma Rusiya ilə danışıqları intensivləşdirən İraq məsələyə fərqli prizmadan yanaşır. Bütün bunlar, nəticə etibarilə, Yaxın Şərqdə Türkiyənin mövqeyinin zəiflədilməsinə yönəlmiş addım sayılır.
Nahid SALAYEV

Administratorla əlaqə

077 611-55-22

[email protected]