Əsas Səhifə / Elm

MƏKTƏBƏQƏDƏR TƏHSİLİN MÜASİR PROBLEMLƏRİ

4-04-2016, 11:49

Müasir dünyanın təhsil meridianında özünə yer tutmuş dünya standartlarına uyğun modern təhsil sisteminin yaradılması istiqamətində fəaliyyətlər davam etdirilməlidir. Artıq respublikamızda təhsilin bütün pillələrində islahatyönümlü tədbirlər həyata keçirilir. Respublikamızda sosial-iqtisadi sahədə baş verən dəyişikliklər bütövlükdə təhsil sistemində və onun ilkin pilləsi olan məktəbəqədər təhsil pilləsində də ciddi dəyişikliklərə gətirib çıxardı.

Müasir dövrün, eyni zamanda Azərbaycan cəmiyyətinin tələb və ehtiyaclarına uyğun, son illərdə nəticəyönümlü, yəni təhsil sistemində əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında qabaqcadan müəyyən edilməsi və müvafiq nəticələrdən ibarət şəxsiyyətyönümlütəhsil sisteminin yaradılması sisteminin yaradılması sahəsində xeyli işlər görülmüşdür.Şübhəsiz müasir məktəbəqədər təhsil sistemi çox vacib və aktualdır.Hazırda məktəbəqədər təhsilin problemləri də var. Qeyd etmək lazımdır ki, məhz məktəbəqədər yaş dövründə uşaqlarda şəxsiyyətin bütün əsas xüsusiyyətlərinin təməli qoyulur, onun sonrakı fiziki və psixi inkişafının keyfiyyəti müəyyən edilir.Beləliklə, aparılmış araşdırmalardan belə qənaətə gəlinir ki, əgər məktəbəqədər müəssisələrdə təlim-tərbiyə işi yüksək səviyyədə təşkil edilərsə uşaqlar sosiallaşar; uşaqların nailiyyət, uğur qazanmalarına şərait yaranmış olar; onlar öz maraqlarına görə fəaliyyət seçə bilərlər; onlarda yaşıdları və böyüklərlə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, müstəqillik, sərbəst mühakimə yürütmək bacarığı və s. aşılanar; uşaqların hərtərəfli inkişafı, onların məktəb mühitinə rahat uyğunlaşması, məktəbə və həyata hazırlanması prosesi müvəffəqiyyətlə aparılar. Aparılan tədqiqatlar məktəbəqədər təhsil sahəsində olan çatışmazlıqları üzə çıxardı və bu sahədə islahatın zəruriliyini sübut etdi: İslahatı zəruri edən səbəblər proqramın təkvariantlı, təklifyönümlüvə bilikyönümlü olması, inteqrativliyin nəzərə alınmaması və nəzərdə tutulan bir çox vəzifələrin mürəkkəbliyi; ibtidai siniflərin bəzi vəzifələrinin uşaq bağçalarında verilməsi; kadrların əksəriyyətinin yenilikləri tətbiq edə bilməmələri; təlimin uşaqyönümlü olmaması; tərbiyəçi-uşaq münasibətlərinin birtərəfli olması; ənənəvi təlimin yaddaşa əsaslanması; uşaqların inkişafı üçün standartların və onların inkişafını izləmək üçün dəyərlərin olmaması; nəticələrin qiymətləndirilməsi üçün meyarların olmaması; əməkdaşlıq prinsipinə əməl edilməməsi; biliklərin müstəqil əldə edilməsinə cəhd edilməməsi; həyati bacarıqlara əsaslanan təlimə keçilməsi zərurəti; məktəbəqədər müəssisələrin maliyyələşməsində uyğunsuzluqların olması; idarəetmə mexanizminin yeniləşməsinə ehtiyacın olması; təlim-tərbiyənin günün tələbləri səviyyəsində qurulmaması;

Problemlərdən biri də odur ki, məktəbəqədər təhsilin yeni məzmunu hazırlanaraq, Təhsil Naziri tərəfindən təsdiq edilməsinə baxmayaraq, hələ də respublikamızda məktəbəqədər təhsil təəssüf ki, hələ də 40-50 il bundan əvvəlki model əsasında fəaliyyət göstərir. Keçirilən təlimin məzmunu, strategiyası, erkən yaş qruplarında təlimin təşkili müasir dövrün tələbləri baxımından tələbatı ödəmir. Uzun müddət məktəbəqədər təhsil sistemində uşağa bilik, bacarıq və vərdişlərin daşıyıcısı, tərbiyəçilərə isə bilik ötürən kimi baxılıb. Ancaq biz görürük ki, ənənəvi proqram üzrə pedaqoji prosesin müxtəlif bilik sahələrində məzmunun həcminin genişlənməsi həddindən artıq yüklənməyə gətirib çıxarır ki, bu da, ilk növbədə, uşaqda əks olunur. Bu zaman bir növ "uşağa daha çox bilik vermək" arzusu və məktəbəqədər yaşlı uşağın psixi və fiziki imkanları arasında ziddiyyət yaranır.

Belə problemlərin həll olunması, məktəbəqədər təhsil üzrə yeni dövlət standartları əsasında işə başlanılması üçün, ilk növbədə, inteqrasiyadan istifadə etmək zərurəti yaranır. Bir çox mütəxəssislər inteqrasiyanı məktəbəqədər təhsilin yeniləşdirilməsi və uşaq şəxsiyyətinin inkişafının səmərəliliyi, uşaq sağlamlığının qorunması, onu keyfiyyətli təhsilə nail olmanın yollarından biri kimi müəyyən edir.

Daha mühüm bir problemə diqqət yetirək. Bu gün birinci sinifə gedən uşağın bioloji inkişaf səviyyəsi psixoloji inkişafı qədər əhəmiyyətli deyil. Əsas onu anlamaq lazımdır ki, hər bir gələcək birinci sinif şagirdində müvafiq daxili mövqe formalaşdırılmış olsun. Valideynlər uşağı məktəbə nə qədər "hazırlamağa" çalışmaqlarından asılı olmayaraq, nəticə həmişə gözlənildiyi kimi olmur, çünki onlar məktəblinin daxili mövqeyinin formalaşması haqqında deyil, daha çox təlimini düşünürlər. Hər bir birinci sinif şagirdi üçün məktəbdə özünü psixoloji cəhətdən rahat hiss etməsi çox mühümdür. Bu gün məktəbəqədər yaşlı uşaqlara, hər şeydən əvvəl, yazı və oxunun öyrədilməsi valideynlər tərəfindən obyektiv və subyektiv səbəblərə görə çox təkidlə həyata keçirilir. Mən bir mütəxəssis kimi məktəbəqədər müəssisələrdə yazı və oxu təliminin aparılmasının əleyhinəyəm. Uşaq bağçalarında yazı və oxu təliminə hazırlıq aparılmalıdır ki, məktəbə gedərkən uşaq təlim yükünü daşımağa hazır olsun. Uşaq yazının kolliqrafiq qaydalarının məktəbdə müəllimdən öyrənməlidir. Çünki məktəbə müxtəlif səviyyəli ailələrdən, müxtəlif məktəbəqədər təhsil müəssisələrindən, həmçinin uşaq yaradıcılıq mərkəzlərində subyektiv qaydada hazırlıq keçmiş uşaqlar gəlirlər. Belə uşaqlarla işləmək, onlara yazı texnikasını öyrətmək ibtidai sinif müəllimi üçün çətin olur. Onlar məktəbə gedənədək hərflərin yalnız çap formasını tanımalıdırlar.Amma daha vacib cəhət uşağın məktəb təliminə fiziki, psixoloji, sosial və intellektual cəhətdən hazırlanmasıdır.

Məlumdur ki, məktəbəqədər təhsil sahəsində təhsil islahatının həyata keçirildiyi hazırki şəraitdə pedaqoji kadrlara, xüsusən tərbiyəçilərə olan tələbatlar dəyişir. Şəxsiyyətyönümlü kurikulumların tətbiqi tərbiyəçilərdən uşaqyönümlü fəaliyyət mexanizmlərinin tətbiq olunmasını, ən müasir pedaqoji texnologiyalara istinad olunmasını tələb edir. Bunların daha uğurlu tətbiq olunmasını həyata keçirmək üçün birinci növbədə tərbiyəçilərin müasir şəraitdə fəaliyyəti ilə bağlı aydın təsəvvürə malik olmaları, onların peşəkarlıq və səriştəliliklərinin artırılması hesab edilir.

Cəfərova Laləzar Kazım qızı.

Ped.üzrə fəlsəfə doktoru, dosent.

TPİ-nin məktəbəqədər təhsilin

kurikulumu şöbəsinin müdiri

qabaqcıl təhsil işçisi

Administratorla əlaqə

077 611-55-22

[email protected]