Əsas Səhifə / Ölkə

Nizami rayonunda tikinti müəmması: mühasirəyə alınan ağaclar və susan icra hakimiyyəti

18-01-2016, 16:43
Nizami rayonunda tikinti müəmması: mühasirəyə alınan ağaclar və susan icra hakimiyyəti Həmişəyaşıl iynəyarpaqlı və yarpaqlı ağaclar, eləcə də subtropik ağaclar (onlar Bakıda yaşıllıq bitkilərinin 70 faizindən çoxunu təşkil edirlər) dekorativliyi, gözəlliyi ilə şəhər obyektlərinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da var ki, bu Qanun Konstitusiyanın 39-cu, 78-ci maddələrinə və 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Lakin bu gün ölkədə yaşıllıq zolaqları nə dərəcədə qorunur, yaşıllıqlar nə dərəcədə mühafizə edilir? Bu, əsl narahatlıq doğuran məqamlardan biridir. Söhbəti çox uzatmadan Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarının yaxınlığındakı meşə zolağının məhv edilməsindən bəhs etmək istərdik. Sözügedən ərazidə geniş meşə zolağı var ki, bu günlərdə həmin ərazidə qanuniliyi müəmmalı olan tikinti aparılır. Müşahidə zamanı şahidi olduq ki, tikilinin bünövrəsi təxminən 10-a yaxın ağacı mühasirəyə alıb. Ağacların kəsilməsini müşahidə etməsək də tikilinin içindəki 10-a yaxın ağacın aqibəti bizi narahat etdi. Tikinti ilə məşğul olan fəhlələrə yaxınlaşsaq da görünür "yuxarıdan” tapşırıq aldıqlarına görə heç bir məlumat vermədilər. Hətta tikdikləri obyektin nə olacağını belə bilmirlər. Mühəndisin bir azdan gələcəyi bildirilsə də, "bir az” təxminən 2 saat çəkdi, amma mühəndis gəlib işinə nəzarət etmədi. Mühəndisin gəlməyəcəyini görüb üz tutduq Nizami rayon İcra Hakimiyyətinə. Bizi qapı önündəki polislər qarşıladı. Heç kimsə ilə görüşə bilməyəcəyimizi deyib bizi ərazidən uzaqlaşdırdılar. Redaksiyada yenidən Nizami rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbənin məsul əməkdaşı Əli Axundovun dəstəyi götürəcəyinə ümid etsək də, onun əvəzinə şöbənin baş məsləhətçi Bəhman Hüseynovla danışmaq bizə müyəssər oldu. "Mənim heç nədən xəbərim yoxdur, mən heç nə bilmirəm. Nə tikirlər tiksinlər, mən heç nə bilmirəm! Suala bir bax, orada nə tikirlər?! Mən ictimai-siyasi şöbənin məsləhətçisiyəm, jurnalistlərə məlumat vermək şöbəsində çalışmıram. Bunun üçün təsərrüfat şöbəsi ilə əlaqə saxlayın". Təsərrüfat Şöbəsindən özünü təqdim etməkdən şəkinən naməlum şəxs sualı eşidən kimi dəstəyi bir daha götürməmək şərti ilə üzümüzə qapatdı. Bir neçə saat sonra yenidən əlaqə saxladıq və eyni hərəkət bu dəfə də təkrarlandı. Məlumat almaq hüququmuz olsa da, Nizami rayon İcra Hakimiyyəti hüquqlarımızın istifadəsinə imkan vermədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə hadisə ilə dərhal maraqlandı və nazirliyin müfəttişlər deyilən ünvana göndərildi. Müfəttiş Şakir Quliyev sözlərinə görə, kəsilən ağaclar şam və sərv ağaclarıdır: "Prezidentin sərəncamına əsasən rayondakı Mikayıl Əliyev, Çobanzadə, həmçinin həmin küçədə abadlıq işləri həyata keçirilir. Həmin ərazidə dayanacaq inşa ediləcək, həmçinin yollar genişləndiriləcək. Hal-hazırda orada ağacların kəsilməsi ilə bağlı heç bir fakta rast gəlmədiyimiz üçün müdaxilə edə bilmədik. Əgər gələcəkdə belə bir hal baş verərsə, dərhal müdaxilə edəcəyik. Hələ bəlli deyil ki, yuxarı instansiyalar ağacların kəsilməsinə icazə verəcək, yaxud yox. Amma buna baxmayaraq ərazi daim bizim nəzarətimizdədir". Maraqlıdır ki, Nizami rayon İcra Hakimiyyətinin rəsmi internet saytında rayonda aparılan abadlıq işləri ilə bağlı heç bir məlumata rast gəlmədik. Saytdakı son məlumat rayona yeni icra başçısının təyin edilməsi ilə bağlı idi. Görünür, rayon üçün ən əhəmiyyətli məsələ məhz bu imiş, bundan başqa son zamanlar rayonda ictimaiyyətin nəzərinə çatdırılacaq başqa mühüm hadisə olmayıb. Rövşən Əsədov Cebhe.info - See more at: https://cebhe.info/oxu/10912/#sthash.MSc474Ub.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]