Əsas Səhifə / Yazarlar

İlahiyyatçı –yazardan tanınmış sayta sərt təpki: “Hanı sizin əxlaqınız?”

5-01-2016, 13:19

Dünən gecə tanınmış saytların birində (ABNA- Xəbər Agentliyi) Gültəkin Hacıbəyliyə cavab olaraq bir yazı yayımlanıb. Yazıya münasibət.İlahiyyatçı –yazardan tanınmış sayta sərt təpki: “Hanı sizin əxlaqınız?”

Başlayaq Gültəkin Hacıbəylidən...

 

Gültəkin Hacıbəylinin sözlərində təzad dolu cümlələr var. Gah sünni-şiə yoxdur deyir, gah da 27 sünni aliminin edamından danışır. Əgər yoxdursa, onda edam olunan (bu onun iddiasıdır) kimlərdir? Biz qəbul etsək də, etməsək də sünni və şiə məfhumu artıq mövcuddur. Şiə və sünni adından istifadə edənlər və qarşıdurma yaradanlar nə sünnidirlər və nə də şiə. İslam düşmənlərinin dəyirmanına su tökən bir qrup zavallılardır. İslam bizə parçalanmağı deyil, bir ilahi hədəf uğrunda birləşməyi və Allahın ipindən (dinindən, Quranından) yapışmağı əmr edir.

Gültəkinlər...

Məlumdur ki, İslamla həmişə mübarizə olub və olacaqda. Bizim vəzifəmiz, bu iddia və çıxışlara tutarlı məntiq və dəlillərlə cavab verməkdir və bu da nəticədə İslamın inkşafına səbəb olur. İslam düşmənlərinin hiylələrini gərək tədbir ilə, İslamın xeyrinə istifadə edək. Onlar İslamı təhqir edir? Sən onun gözəlliklərini çatdır. Şəxslərə baxmayın. Gültəkin bugün danışırsa, ondan öncə Əli Nağıyevlər, Hafiz Hacıyevlər də vardı...

Sabah da başqa biri çıxacaq, yenə eyni sözləri başqa formada ifadə edəcək.

 

"Gül təkin” olmayanlar...

Məni narahat edən, Gültəkinlər deyil, "gül təkin” olmayanlardır.

Gəlin gül kimi olaq. Gül harada bitirsə bitsin, o yenə də öz gözəl təravətini, gözəl qoxusunu hər yerə yayır. Gül olma xüsusiyyətini heç vaxt itirmir.Öz lətafətini, gözəl ətrini əldən vermir. Gülün ətrafında olan tikanlar, ot-ələflər onda təsir qoya bilmir və o da onlarla həmrəng olmur, baxmayaraq ki onlarla bir mühitdədir. Odur ki gəlin gül kimi olaq. Dinimizə dil uzadanlara cavab verək, amma ədəb çərçivəsində, əxlaq çərçivəsində...

İslamda təhqir etmək qadağandır.

Yazıda keçən təhqir dolu ifadələrə gəlincə; O sayt onu İslam adı ilə, müsəlman adı ilə yayırsa çox böyük səhv edir. Bilmirəm o yazını kim yazıb. Amma elə də fərqi yoxdur. Kim olursa olsun o "SƏHV İŞ” görüb və etdiyinə görə də Allah qarşısında tövbə etməli, və sayt rəhbərliyi də bu iş görə üzr istəməlidir. Bu necə məntiqdir? Bu necə İslamdır? Kimsə dinimizə qarşı ədəbsizlik edib, bunu anladıq. Bəs hanı sizin əxlaqınız? Niyə Quranın, peyğəmbərimizin (s) prinsiplərini ayaqlar altına sərdiniz? Bu bizə yaraşdımı? Bu yazını yayan saytlar bəs sizə nə olub? Özünüzə oxucu, reytinq yığırsınız? Bəs fərqindəsinizmi ki, İslama zidd addım atırsınız?

 

İslam dini və təhqir.

Saytın tutduğu mövqe, onun acizliyinin göstəricisidir. Ya da belə deyək; Qəzəbin ağıla qələbə çalmasıdır. Quran hətta kafirlərin də bütlərini söyməyə, təhqir etməyə icazə vermir. Uca Allah buyurur: "Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər...” (Ənam 108)

Məgər biz "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” deyən və beləliklə Quranda məhz ədəb və ərkanına görə təriflənən və haqqında ayələr nazil olan peyğəmbərin (s) ümməti deyilik?

 

Mark Tvenin atası yoxsa...?

Bir dəfə Mark Tvendən soruşurlar. Heç atanın sözündən çıxıbsanmı?

Dedi: Bəli. Atam bir dəfə mənə bərk-bərk tapşırdı ki, əxlaqsız yerlərə getməyim. Mən getdim və atamın orada ön sırada əyləşdiyini gördüm.

Deməli, kiməsə ədəb öyrədən, özü də buna əməl etməlidir ki, söz təsir qüvvəsinə malik olsun. Əks təqdirdə Mark Tvenlərin müasir formaları təzahür edəcək. Odur ki dinimizin müdafiəsində duraq amma, Mark Tvenin atası kimi yox, əziz İslam peyğəmbəri (s) kimi.

Mahir Şəkərov

Administratorla əlaqə

077 611-55-22

[email protected]