Gündəm

İŞİD Bakı yolunda-terrorçuların başqa ölkələrə sızma təhlükəsi var

15-11-2016, 13:12

Suriyada və İraqda sıxışdırılan İŞİD üzvlərinin "geri dönməsi” Azərbaycana da təhlükə riskini artırır

 

İraq və Suriyada sıxışdırılan İŞİD üzvlərinin digər ölkələrə qaçması haqda xəbərlər yenidən artıb. Son olaraq İŞİD lideri Bağdadinin qruplaşmasının Liviyaya qaçmağa hazırlaşdığı haqda xəbərlər yayılıb. 

Bundan başqa, İŞİD üzvlərinin böyük bir qrupunun Yəmənə keçməsi haqda xəbərlər yayılıb. Əlbəttə, hələlik bu xəbərlərin nə qədər dəqiq olması məlum deyil, amma aydın məsələdir ki, İraq və Suriyada bu qruplaşmalara qarşı başlayan yeni müharibə ilə bağlıdır. İŞİD döyüşçüləri də yaxşı anlayır ki, onların adıçəkilən ölkədəki mövcudluğu üzərindən xətt çəkilib. Bu səbəbdən də artıq mediada İŞİD üzvlərinin "geri dönməsi” mövzusu yenidən aktuallıq qazanır. Təbii ki, bu mövzu Azərbaycanda da narahatlıqla izlənilir. Çünki dünyanın bir çox ölkələri kimi, Azərbaycandan da xeyli sayda ölkə vətəndaşı savaşmaq üçün Suriya və İraqa gedib, onların böyük bir qismi (2013-cü ilin məlumatlarında 60 faizə qədəri - K.R) İŞİD sıralarında döyüşüb. 

Qeyd edək ki, İŞİD sırasında olan azərbaycanlıların sayı ilə bağlı bir-birindən fərqli rəqəmlər söylənilib. 2013-cü ildə Suriyada savaşan azərbaycanlılardan biri Türkiyə mediasına müsahibəsində bu ölkədə savaşan azərbaycanlıların 250 nəfərə yaxın olduğunu demişdi. 

Bir qədər əvvəl isə mətbuatda ABŞ-ın təhlükəsizlik orqanlarının İŞİD terror qruplaşmasına 70 millətin nümayəndəsinin qoşulduğu barədə məlumatın olması haqda xəbər yayıldı. 4600-ə qədər insanın adının olduğu siyahı keçmiş İŞİD üzvlərindən biri tərəfindən ABŞ-a ötürülmüşdü. Həmin siyahıda İŞİD-ə Səudiyyə Ərəbistanından (579 nəfər), Rusiyadan (141 nəfər), Azərbaycandan İŞİD-ə qoşulan muzdluların sayı 122, Türkiyədən qoşulanların sayı isə 243 nəfər olduğu deyilirdi.

İŞİD üzvlərinin və oradakı azərbaycanlıların sayı ilə bağlı ən son məlumatlardan biri də mediaya ABŞ-ın "Soufan Qrup” şirkəti tərəfindən təqdim olunub. Axar.az saytının yaydığı həmin siyahıda İŞİD tərkibində 86 ölkədən olmaqla, 31 min nəfərin döyüşdüyünü yazıb. Siyahıda Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan İŞİD üzvlərinin sayının 16 min nəfərdən çox olduğu, bunların Tunis (6000 nəfər) və Səudiyyə Ərəbistanı (2500 nəfər) vətəndaşlarının çoxlu təşkil etdiyi əksini tapıb.

Image result for İŞİD

Həmçinin İŞİD sıralarında Qərbi Avropadan 5 min nəfər olub ki, bunun da böyük hissəsi Fransa (1700 nəfər), Böyük Britaniya (760 nəfər), Almaniya (760 nəfər) və Belçikanın (470 nəfər) payına düşüb. İŞİD üzvləri arasında Rusiya və MDB ölkələrindən gedənlərin sayının 4700 nəfər olduğu, bunun 2400-nün Rusiya, əsasən də Dağıstan, Çeçenistan kimi respublikalardan olduğu məlum olub. 

Maraqlıdır ki, bu siyahıya əsasən Azərbaycan və Gürcüstandan (görünür, Cənubi Qafqaz və Gürcüstandakı azərbaycanlılar faktoru səbəbindən iki respublika birgə qeyd olunub - K.R.) İŞİD sıralarında olan şəxslərin sayı 500 nəfərdir.

Qeyd edək ki, bir qədər əvvəl vesti.az saytı Suriyada döyüşən azərbaycanlıların təxmini sayını müəyyənləşdirmək məqsədilə Azərbaycanın 40 polis idarəsində sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, Suriyada Bəşər Əsədə qarşı döyüşən qruplaşmaların tərkibində Xaçmaz, Zaqatala, Qax, Yevlax, Şabran, Oğuz, Quba, Şəki, Qusar və Sumqayıtdan 104 nəfər döyüşüb, onlardan təxminən 60 nəfərə yaxını döyüşlərdə öldürülüb. Eyni zamanda Suriyaya ən çox azərbaycanlı Sumqayıt şəhərindən (40), Şabran (22) və Qusar rayonlarından (15) gedib. Sorğu zamanı Azərbaycanın əksər rayonlarında Suriyaya gedərək qanunsuz hərbi birləşmələrin tərkibində döyüşən azərbaycanlıların olmadığı müəyyənləşib.

Image result for İŞİD xəritə

Qeyd edək ki, Azərbaycandan Suriyaya savaşmaq üçün gedənlərlə bağlı ilk ciddi məlumat 2013-cü ilin yazında videogörüntülər yayılanda üzə çıxıb. Bundan sonra bu tip xəbərlər yerli və xarici mediada yer almağa başlayıb. 

Ancaq 2014-cü ilin yanvarında Suriyanın şimalında İŞİD və digər islamçı qruplar arasında mövqe müharibəsi başladıqdan sonra hər iki tərəfdən ölənlər arasında azərbaycanlıların olması mediada geniş əks-səda doğurdu. Yaranmış vəziyyətdən hökumət də narahat oldu və ilk dəfə geri qayıdanların həbsləri başladı, eyni zamanda Cinayət Məcəlləsində xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrin tərkibində vuruşanlara qarşı cəzalar sərtləşdirildi, geri qayıdanların həbsi başladı. Ümumilikdə son 2,5 il ərzində 100-ə yaxın ölkə vətəndaşı xaricdə silahlı birləşmələrin tərkibində döyüşdüyü üçün həbs olunaraq məhkum olunub.

Ancaq hazırda da İraq və Suriyada çoxlu sayda azərbaycanlı olduğu haqda məlumatlar var. Ara-sıra ictimaiyyətdə bu insanların geri qayıtması və yaranacaq təhlükələrdən bəhs olunur. Bu insanların radikal dini cərəyanların təsiri altında olması, terror fəaliyyətləri göstərməsi, dini dözümsüzlüyü olması, eləcə də müəyyən təşkilat və qruplara bağlılığı və nəhayət, müharibə yaşaması onların yenidən bu kimi fəaliyyətlərə dönməsi riskini yaradır. Bu səbəbdən də Azərbaycanda da bu istiqamətdə, yəni geri qayıdanlarla bağlı narahatlıq var. Məsələ burasındadır ki, İŞİD bu günə qədər mövcud olmuş ən güclü terror təşkilatı olub. 

Image result for İŞİD xəritə

Ona qədər ən güclü terror təşkilatı hesab olunan "əl-Qaidə” gizli fəaliyyət göstərib, dövlət elan etməyib. Ancaq İŞİD İraq, Suriya, Liviya, Yəmən və eləcə də ona sədaqətini bildirən terror təşkilatları vasitəsilə Afrikaya qədər bir çox ölkələrdə konkret ərazilərə nəzarət edirdi. İndi terror ekspertləri İraq və Suriyada əzilən qruplaşmanın "yer altına” çəkilməsi, gizli fəaliyyətə keçməsi ehtimalını müzakirə edirlər. 

Azərbaycanda din sahəsində müəyyən tolerantlıq mühitinin olması, hüquq-mühafizə orqanlarının sərt tədbirləri və ən əsası bu günə qədər ölkəmizin beynəlxalq terror təşkilatlarının, eləcə də terroru himayə edən dövlətlərin hədəfində olmaması səbəbindən Azərbaycana qarşı ciddi terror təhdidi olmayıb. Ancaq bu siyasi-diplomatik vəziyyətin bir gün dəyişməsi riski hər zaman qaldığı üçün terror riski də ciddi təhdid olaraq qalır. Çünki İŞİD liderlərinin birbaşa ölkəmizi hədəfə alan çıxışları da olub. 

Kənan RÖVŞƏNOĞLU

Administratorla əlaqə

077 611-55-22

[email protected]