Siyasət

“Mehriban düşmənlər” üçbucağı - Türkiyə harada, Azərbaycan da orada...

10-11-2016, 01:58

Region 8 noyabrdan əvvəl və sonra: təhdidlər, yoxsa fürsətlər dönəmi; Ankara bir-biri ilə çəkişmədə olan ABŞ və Rusiya ilə münasibətləri balanslaşdırmaq zorundadır... 

 

Bölgə ətrafında gedən proseslər həm intensivləşib, həm də mürəkkəb xarakter alıb. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun Türkiyəyə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akların isə Moskva səfərindən az sonra ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Dunford da təcili Türkiyəyə gəlib.

Amerikalı ordu generalının Ankarada türkiyəli həmkarı Akarla 4,5 saat sürən görüşündə müzakirə olunan əsas məsələlərin Suriya və İraqda gedən hərbi əməliyyatlar olduğu bildirilir. Menbicdən PYD/YPG silahlılarının çıxarılması, Rakkada vəziyyət, Mosulun İŞİD-dən azad edilməsi, terrorçu PYD/YPG təşkilatının Suriya və İraqdakı fəaliyyəti, bölgədəki məzhəblərin qarşıdurma ehtimalı barədə fikir mübadiləsi aparılıb. Həmçinin FETÖ-nun ABŞ-da fəaliyyətinin müzakirə mövzusu olduğu deyilir.
***

Lakin hər üç səfər sözsüz ki, bölgədəki durumdan daha çox Rusiya, Türkiyə və ABŞ-ın ikitərəfli münasibətlərinin xarakteri ilə birbaşa bağlıdır. Yəni bu səfərlərə ən əvvəl ikitərəfli münasibətlərin xarakterinin diktə elədiyi siyasi gedişlər prizmasından baxmaq lazım gəlir. Ona görə ki, ABŞ-Rusiya, Türkiyə-ABŞ, Türkiyə-Rusiya münasibətlərinin hansı səviyyədə olduğu bəllidir. Bu üç dövlət faktiki, "mehriban düşmənlər” üçbucağını təşkil edir. 

Qardaş ölkə bu üçbucağın əsas tərəfidir yazsaq, yəqin ki, yanlış olmaz. Nədən ki, həm Rusiya, həm də ABŞ indi sanki Türkiyə uğrunda rəqabət durumundadır. Odur ki, istər Moskva olsun, istərsə də Vaşinqton müəyyən mənada öz yerini Ankaranın yanında şirin etməyə çalışır. Təbii ki, Ankara da situasiyanın fərqindədir və özü üçün maksimum siyasi dividentlər götürməyə çalışır.  

Təsadüfi deyil ki, məhz bu arada Rusiya Prezident Administrasiyasına yaxın olan bir qurumun - Strateji Araşdırmalar İnstitutunun prezidenti Leonid Reşetnikov Türkiyə ilə bağlı sensasiyalı açıqlama verib. Belə ki, sabiq kəşfiyyatçı ötən ilin noyabrında böyük qalmaqala səbəb olmuş "Su-24" təyyarəsinin ABŞ tərəfindən vurulduğunu iddia edib (axar.az). 

Image result for Leonid Reşetnikov

Reşetnikov üstəlik, gələcəkdə bu tip təxribatların baş verəcəyini də istisna etməyib. Sitat: "Rusiya təyyarəsini vurulmasında iştirak edənlər Ərdoğanın düşmənləri idi. Onlar əmrləri ABŞ-dan alıb. Əlimizdə İncirlikdəki ABŞ əsgərlərinin bu hadisədə iştirakını sübut edən dəlillər var. Türk həmkarlarımıza bu mövzuda xəbərdarlıq etmək istəyirəm. Yeni təxribatlar ola bilər. Çünki Türkiyə ilə Rusiyanın yenidən yaxınlaşması Qərbi ciddi narahat edir. Təyyarənin vurulması ilə 15 iyul dövlət çevrilişi arasında gizli bağlantı var. Rusiya olaraq biz bunu araşdırmışıq. Hər iki hadisənin arxasında Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq vardı” (Kiçik arayış: Leonid Reşetnikov 33 il Rusiya Xarici Kəşfiyyat Xidmətində çalışıb, 2000-ci illərin əvvəllərində Rusiyada Gülən camaatına qarşı aparılan əməliyyatların əsas təşkilatçısı olub).

Image result for incirlik

***
Göründüyü kimi, rus kəşfiyyatçı da Türkiyəni faktiki surətdə ABŞ-a, Qərbə etibar etməməyə çağırır. Bu yerdə yada salaq ki, indiyədək bənzər xəbərdarlıqlar Rusiyanın bəzi digər tanınmış siyasi xadimləri də çıxış edib. Lakin son xəbərdarlıq-çağırışın ABŞ-dakı prezident seçkiləri ərəfəsinə təsadüf eləməsi xüsusilə diqqət çəkir. 

Image result for Türkiye Musul

Bəllidir ki, Kreml Hillari Klintonun prezident seçilməsini arzulamır. İstisna deyil ki, Rusiya indidən özünü Klinton dönəminə hazırlayır və Türkiyəni də öz yanında görmək üçün hazırlıqları və təbliğati gedişlərini artırıb. Ankaranı buna sövq eləmək və inandırmaq üçünsə ortaya yeni sui-qəsd iddiası atılır. Çünki Türkiyə hökuməti 15 iyul derbe cəhdinə görə onsuz da ABŞ-dan, hazırkı demokratlar hökumətindən şübhəlidir. Prezident Barak Obamanın dəstəklədiyi namizəd Klinton isə bu hökumətin siyasi varisi hesab olunur. Onun əsas rəqibi Donald Tramp hər necə olmasa, "Rusiyanın adamı” hesab edilir... 
***
Ancaq sözsüz ki, qardaş ölkə nə qədər Moskva ilə isti münasibətlərə malik olsa da, Qərblə (üzvü olduğu NATO və ABŞ-la), yer aldığı Avroatlantik təhlükəsizlik sistemi ilə  əlaqələri gözardı edə bilməz - baxmayaraq ki, məsələn, separatçı kürd millət vəkillərinin həbsinə həmin Qərbin reaksiyası da Türkiyə hökumətini qane etmədi. 

Image result for USA Votes

Bütün hallarda ABŞ-dakı seçkilərin istənilən nəticəsinin ABŞ-Rusiya, Türkiyə-ABŞ (Qərb) və Türkiyə-Rusiya münasibətlərində iz qoyacağı şəksizdir. Necə deyərlər, 8 noyabrdan sonra hər üç ölkənin bir-biri ilə ikitərəfli formatda münasibətlərində yeni bir mərhələnin başlayacağını söyləmək üçün əsaslar ciddidir. 

Bu dönəmin ən çox kimə uğur gətirəcəyi isə yenə proseslərin episentrində qərar tutmuş Türkiyədən və onun atacağı addımlardan və bir də təbii ki, Ağ Evə növbəti 4 il üçün kimin sahiblənəcəyindən asılı olacaq. Qardaş ölkə Azərbaycanın 1 nömrəli təbii müttəfiqi olduğundan, həm Türkiyə-Rusiya, həm də Türkiyə-ABŞ və Rusiya-ABŞ münasibətlərinin xarakteri Qarabağ məsələsi ilə də bağlı mühüm əhəmiyyət kəsb edir. 

Müxtəsəri, 8 noyabrdan sonra regional oyunçu olaraq ölkəmizin də daha məsuliyyətli bir dönəmə qədəm qoyacağını söyləmək olar. ABŞ-da kimin prezident seçilməsindən asılı olaraq, bu dönəm yeni təhdidlər və ildırım sürətli təhlükəli qərarların verilmə zərurəti ilə də müşayiət oluna bilər, Qarabağ üçün unikal fürsətlər və ya şanslarla da. 

Bütün hallarda Azərbaycan üçün yeganə nicat yolu qardaş ölkə ilə sinxron siyasət yürütməkdir. Türkiyə harda, Azərbaycan da orda...

Analitik xidmət

Administratorla əlaqə

077 611-55-22

[email protected]