Ölkə
Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin milyonçu rəisi…
6-11-2016, 16:52
Niyaməddin İbrahimov evi yandıqdan sonra ona dəymiş ziyanı sürücülərin hesabına bərpa etməyə başlayıb Etiraf etmək lazımdır ki, bu gün qanunlara əməl edən, daim üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən yol polisi əməkdaşları ilə yanaşı, sürücülərlə kobud rəftar edən, onları əsassız yerə cərimələyən və bununla da şəxsi maraqlarını təmin etməyə, daha çox gəlir götürməyə çalışan yol polisləri də var. Misal olaraq Niyaməddin İbrahim oğlu İbrahimovun rəisi olduğu Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsini qeyd edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, adıçəkilən şöbənin əməkdaşları nədənsə son zamanlar vəzifə borclarını unudaraq sürücülərlə kobud şəkildə rəftar etməyə üstünlük verirlər. Belə ki, Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Niyaməddin İbrahimov və işçilərindən müvafiq qurumlara kifayət qədər şikayətlərin daxil olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən şöbənin əməkdaşları vətəndaşlarla kobud davranır, sürücülərlə normal rəftar etmir, müxtəlif bəhanələrlə onları incidirlər: «Deyilənlərə görə, Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əksər hallarda özlərini təqdim etmir, ciddi qanun pozuntusu olmadan, saxlanma əmrinə tabe olan sürücülərin belə, avtomobillərindən çıxmalarını tələb edirlər. Halbuki əslində polis əməkdaşı sürücüyə yaxınlaşarkən ilk öncə özünü təqdim etməli və bu zaman sürücü avtomobildən düşməyə borclu deyil. Niyaməddin İbrahimovun tabeliyindəki bəzi yol polisləri isə sürücüləri əsassız yerə saxlayır, onlarla kobud rəftar edirlər. Etiraz edəndə də vətəndaşları cərimə yazacaqları ilə hədələyirlər. Həmçinin o da bildirilir ki, Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Hacıqabul və Şirvan sakinlərinin gününü göy əskiyə döndərib. Bu səbəbdən də ətraf rayonların sakinləri Hacıqabul və Şirvan ərazisindən avtomobillə keçərkən ehtiyat edirlər. Çünki Niyaməddin İbrahimovun tabeliyindəki yol polisləri həmin sürücüləri qaydanı pozmadıqları halda saxlayıb cərimələyir. Bu səbəbdən sürücülər artıq boğaza yığılıb». Bu arada, əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Niyaməddin İbrahimovun Şirvan şəhərində gözəllik salonu, avtoservisi, supermarket və digər ticarət obyektləri mövcuddur: «Deyilənlərə görə, Niyaməddin İbrahimovun böyük sərvətə sahib olduğu demək olar ki, hər kəsə bəllidir. Bildirilir ki, o, əlində olan imkanlardan istifadə edərək son illər gəlirlərini bir neçə dəfə artırmağa nail olub. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, təxminən iki il bundan öncə Niyaməddin İbrahimovun Sabirabad rayonunun Ətcələr kəndindəki ümumi sahəsi təqribən 200 kvadratmetr olan evində yanğın baş vermişdi. Həmin vaxt o, Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışırdı. Deyilənlərə görə, yanğın zamanı ev sakinlərindən xəsarət alan olmasa da Niyaməddin İbrahimova xeyli ziyan dəymişdi. Belə ki, həmin vaxt məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında Niyaməddin İbrahimov 20 min manata yaxın pulun, 50 min manat dəyərində qızıl-zinət əşyasının yandığını, ümumilikdə 150 minə yaxın ziyan dəydiyini bildirib. Deyilənlərə görə, elə həmin vaxtdan etibarən Niyaməddin İbrahimov ona dəymiş ziyanı tez bir müddət ərzində məhz sürücülərin hesabına bərpa etməyə başlayıb. Odur ki, bu gün Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin nəzarətindəki ərazilərdə avtomobili darə etmək xeyli çətinləşib. Çünki yol polisləri müxtəlif bəhanələrlə sürücüləri saxlayıb onlardan nəysə umurlar. Bildirilir ki, Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Niyaməddin İbrahimovun əsas qazancı sərxoş sürücülərin hesabına əldə olunur. Düzdür, hazırda Məhərrəm ayıdır və bu ayda spirtli içkidən istifadə edənlərin sayı bir qədər az olur. Lakin digər vaxtlarda Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları demək olar ki, hər gün içkili sürücü saxlayırlar. Çox vaxt həmin sürücülər elə yerindəcə problemi yoluna qoyurlar. Deyilənə görə, sürücülər bunun müqabilində yol polislərinə 500-800 dəfə «təşükkür» etməlidirlər. Məhz elə bu «təşəkkür»lərin, «minnətdarlığın» hesabına Niyaməddin İbrahimov milyonçuya çevrilib». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.