Ölkə

Keçmiş polis rəislərinin «Azərişıq» sisteminə gətirilməsi kökündən yanlışdır

19-10-2016, 23:31
Ələsgər Bədəlov Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində, Toğrul Rəhimov isə Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsində öz «qayda»larını tətbiq edir Elə bu səbəbdən də Baba Rzayevin rəhbərlik etdiyi ASC-nin fəaliyyətində hələ də müsbətə doğru dönüş hiss olunmur Son zamanlar «Azərişıq» ASC-də cərəyan edən bəzi proseslər həm sadə vətəndaşlar, həm kütləvi informasiya vasitələri, həm də ictimaiyyət nümayəndələri tərəfindən heç də xoş qarşılanmır. Belə ki, adıçəkilən qurumun sədri Baba Rzayevin nədənsə keçmiş polis rəislərini ətrafına topladığını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, məhz elə bu səbəbdən də «Azərişıq» ASC-nin fəaliyyətində hələ də müsbətə doğru dönüş hiss olunmur. Beləliklə, Baba Rzayevin ona həvalə olunan vəzifənin öhdəsindən layiqincə gəlmədiyini, göstərilən etimadı doğrultmadığını deyən mənbənin sözlərinə görə, Mingəçevir Şəhər Polis Şöbəsinin keçmiş rəisi, ötən ilin noyabr ayında yaşına görə təqaüdə göndərilən Ələsgər Bədəlovun «Azərişıq» ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinin keçmiş rəisi Rauf Rzayevi əvəzləməsi həm qurum daxilində, həm də ictimaiyyət arasında kəskin etirazla qarşılanıb: «Deyilənlərə görə, Ələsgər Bədəlovun adı ictimaiyyətin yaddaşında ötən ilin avqustunda Mingəçevir Polis İdarəsində baş vermiş qalmaqallı ölüm hadisəsi ilə möhkəmlənib. Belə ki, onun rəis işlədiyi həmin dövrdə, avqustun 22-də Mingəçevir polisində Bəhruz Hacıyev adlı gənc ölmüşdü. Valideynləri və qərəzsiz müşahidəçilər Bəhruz Hacıyevin idarədə aldığı işgəncələrdən həyatını itirdiyini iddia ediblər. Onun polis idarəsində üzləşdiyi işgəncələrdən öldüyü deyilirdi. O zaman məhz bu hadisə Mingəçevirdə ixtişaşlara səbəb olmuşdu. Məsələnin maraqlı tərəfi ondadır ki, həmin hadisədən bir müddət sonra Baba Rzayev adı bir çox xoşagəlməz olaylarda hallanan, ixtişaşlara səbəb olan sabiq polis rəisini «Azərişıq» ASC-də vəzifəyə gətirib». Hələ bu, harasıdır. «Azərişıq» ASC-nin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Toğrul Rəhimovun da keçmiş polis rəisi olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, o, hələ də hüquq-mühafizə orqanının ab-havasından ayıla bilməyib: «Deyilənlərə görə, Toğrul Rəhimov Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Sabunçu rayon sakinlərinin elektrik enerjisi ilə təminatında müəyyən axsamalar və ciddi nöqsanlar müşahidə edilməyə başlayıb. Bildirilir ki, bu idarədə işləyən şəxslərin bir çoxu camaatı incitməklə məşğuldur. Məsələn, abonentlərə şişirdilmiş borclar yazılır, sayğaclara kənar müdaxilələr olunur və işıq çəkdirmək istəyən vətəndaşlar əsassız yerə incidilir. Deyilənlərə görə, keçmiş polis rəisi işçilərinə tapşırıb ki, kim yeni tikdiyi fərdi yaşayış sahəsinə işıq xətti çəkmək istəyirsə, dövlət rüsumu ilə yanaşı, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə əlavə «təşəkkür» də etməlidir. Əks halda, həmin vətəndaşın müraciətinə baxılmır. Bəzi hallarda rayon ərazisində yerləşən bahalı villaların borcu kasıb camaatın ayağına yazılır». Bu arada, «Azərişıq» ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinin rəisi Ələsgər Bədəlovun və adıçəkilən qurumun Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Toğrul Rəhimovun yalnız şəxsi maraqlarını təmin etmək barədə düşündüklərini deyən mənbə bildirir ki, məhz elə bu səbəbdən də həm Nizami, həm də Sabunçu rayonunun qəsəbələrində elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunur: «Havalar soyuyandan bəri elektrik enerjisinin verilişində mütəmadi olaraq fasilələr olur. İşıqların tez-tez sönüb yanması həm evlərin soyuq olmasına, həm də mənzillərdə olan məişət cihazlarının sıradan çıxmasına səbəb olur. Bu isə onu deməyə əsas verir ki, Ələsgər Bədəlov və Toğrul Rəhimov onlara həvalə edilən işlərin öhdəsindən gələ bilmir. Deyilənlərə görə, hər iki şəxs polis sistemində etdikləri bəzi əməlləri «Azərişıq» sistemində də təkrarlayır və bu, əhalinin ciddi narazılığına səbəb olur». Ələsgər Bədəlov və Toğrul Rəhimovun rəhbərlik etdikləri idarələrdə öz sistemlərini qurduqlarını, öz «qayda»larını tətbiq etdiklərini iddia edən məlumatlı şəxsin sözlərinə görə, onların «Azərişıq» sisteminə gətirilməsi kökündən yanlışdır: «Düzdür, digər bir sahədə işləyən şəxsin başqa bir sahədə vəzifəyə təyinat almasına qanunla məhdudiyyət qoyulmur. Lakin bu sahə spesifikdir. Bu vəzifəyə həmin sahəni mükəmməl bilən şəxs təyin olunmalı idi. Bunun effekti daha yüksək olar. Ələsgər Bədəlov və Toğrul Rəhimovun vəzifəyə təyin olunması göstərir ki, kiminsə tapşırığı bu işdə əsas rol oynayıb. Odur ki, bu məsələ ilə bağlı ciddi araşdırmaya ehtiyac var». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]