Əsas Səhifə / Gündəm

DSMF-NİN LAÇIN ŞÖBƏSİNDƏ ANARXİYA

19-12-2015, 21:05
DSMF-NİN LAÇIN ŞÖBƏSİNDƏ ANARXİYAŞöbənin müdiri Ramiz Mehdiyev müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verir

Bu günlərdə daxil olan yeni məlumatlarda DSMF-nin Laçın rayon şöbəsinin fəaliyyətinə dair narazılıqlar öz əksini tapıb. Bu xüsusda ünvanlanan müraciətlərdə bildirilir ki, şöbənin işi davamlı olaraq vətəndaşlara qarşı irəli sürülən rüşvət tələbləri ilə müşayiət olunmaqdadır. Şöbənin müdiri Ramiz Mehdiyev isə, təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyaların həyata keçiriməsində ittiham olunur. Eyni zamanda da açıqlamalarda vurğulanır ki, Laçın sakinləri məhz Ramiz Mehdiyevin əlindən qanuni pensiyalarını ala bilmirlər. Pensiya alınması ilə yanaşı, ona nail olmaq üçün də DSMF-nin Laçın şöbəsində bir xeyli pul tələb edilir. Vəziyyətdən istifadə edən şöbə müdiri isə “qiymətləri” getdikcə daha çox qaldırır. Məlum olduğu kimi, Pensiya İslahatı Konsepsiyasının icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 26 dekabr 2001-ci il tarixli 616 nömrəli və “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 04 avqust 2003-cü il tarixli 908 nömrəli fərmanları mühüm rol oynamışdır. Bu fərmanlarla ölkədə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuş, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik edilərək ona fərdi uçotu həyata keçirmək səlahiyyəti verilmişdir, pensiyaların təyini və maliyyələşdirilməsi funksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqan tərəfindən icra olunmasını təmin etmək məqsədilə vahid sığorta - pensiya qurumunun yaradılması müəyyənləşdirilmişdir. Lakin bu islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbarı sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Təəssüflər olsun ki, bu gün yerlərdə hər iki kontingentin təmsilçiləri arasında “qarşılıqlı anlaşmaya” gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israralı olanlara kifayət qədər tez-tez rast gəlinir. Xüsusilə əyalət rayonlarında əhalinin nisbətən az maariflənməsi faktından yararlanaraq bəzi işbazlar və DSMF əməkdaşları şəxsi mənafeyləri naminə icbari sığorta ödənişlərindən kütləvi yayınma hallarına yol verirlər. Elə aldığımız məlumatlarda da bildirilir ki, DSMF-nin Laçın şöbəsinin müdiri Ramiz Mehdiyev müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verir. İddialara görə, şöbə rəisinin bəzi müəssisə rəhbərləri ilə aralarında əldə olunan razılığa əsasən, rəsmi sənədlərdə həmin müəssisədə işləyən fəhlələrin sayı real saydan xeyli az göstərilir. Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Eyni zamanda məhz Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən qənaət olunan məbləğin yarısı, nəğd şəkildə Ramiz Mehdiyevə təqdim edilir. Göründüyü kimi, əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması məsələsinin daima dövlətin diqqət mərkəzində saxlanılmasına rəğmən, bəzi məmurların yerlərdə yol verdikləri özbaşınalıqlar hələ də, məhz bu təbəqənin maraqlarına ciddi zərbələr vura bilmək qabiliyyətindədir. Belə vəziyyətin yaranmasına əsas səbəblərdən biri isə DSMF strukturlarına, xüsusən qurumun rayonlarda fəaliyyət göstərən şöbələrinə rəhbərlik edən bəzi məmurların dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti nə düzgün qiymətləndirməyə, nə də bu baxımdan üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olmamalarıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]