Əsas Səhifə / Ölkə

DSMF-nin Şirvan Şəhər Şöbəsində özbaşınalıqlar pik həddə çətıb

2-08-2014, 08:31
DSMF-nin Şirvan Şəhər Şöbəsində özbaşınalıqlar pik həddə çətıb
Şirvanda təqaüdlər necə və kim(lər)in vasitəsilə artırılır?
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şirvan Şəhər Şöbəsində bir sıra ciddi nöqsanlar, qanunazidd əməllər mövcud olduğundan sakinlər həm sözügedən idarədən, həm də onun rəhbərindən şikayətlənirlər. Əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, DSMF-nin Şirvan Şəhər Şöbəsinin müdiri Çingiz Əhmədov işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar.
Çingiz Əhmədovun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, haqlı-haqsız onlardan nələrsə istənildiyini qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Şirvan sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: «Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Şirvan Şəhər Şöbəsində adi hal alıb. Şöbənin müdiri Çingiz Əhmədov maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü az qala hər vasitədən, hətta rayonun güc sturukturlarının adından da istifadə etməkdən çəkinmir». Şirvan şəhərində təqaüdlərin bəzi müəmmalı yollarla artırılmasına tez-tez rast gəlindiyini deyən rayon camaatının bildirdiyinə görə, şöbə müdiri özü birbaşa heç kimlə təmasda olmasa da, bu işi onun tabeçiliyində çalışan bəzi şəxslər həyata keçirirlər: «Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür, bu, Çingiz Əhmədovu zərrə qədər də olsun maraqlandırmır. Əks halda Dövlət Sosial Müdafiə Fondunun Şirvan Şəhər Şöbəsində heç kim əlavə «staj» artırmaqla məşğul olmazdı. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fondunun Şirvan Şəhər Şöbəsi tərəfindən irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir. Əminliklə deyə bilərik ki, əgər müvafiq dövlət orqanları tərəfindən Çingiz Əhmədovun rəhbərlik etdiyi şöbənin fəaliyyəti yoxlanılarsa, o zaman bir sıra mətləblərin üstü açılar».
Şikayətçilərin sözlərinə görə, Şirvanda ali savadlı, peşəkar kadrlar ixtisasları üzrə iş tapa bilməsələr də, Çingiz Əhmədovun yaxın adamları bacarığı oldu-olmadı müxtəlif nüfuzlu işlərlə təmin olunublar: «Şöbə müdiri Çingiz Əhmədov camaatın başına olmazın oyunlar açır, onların problemlərini həll etmək əvəzinə əhali üçün yeni-yeni qayğılar yaradır. Lakin bütün bunlara baxmayaraq, nədənsə heç kim ona irad tutmur, yol verdiyi nöqsanlara reaksiya vermir». Çingiz Əhmədovun Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyində təmsil olunan bəzi şəxslər tərəfindən himayə olunduğunu vurğulayan sakinlər, məhz bu səbəbdən də şöbə müdirinin bir sıra əməllərinin ört-basdır edildiyini bildirirlər: «Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyində fondun Şirvan şəhər şöbəsinin müdirinin əməllərini ört-basdır edənlər var. Çingiz Əhmədovun himayəsinə arxalandığı digər şəxs isə Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. Şöbə müdiri hər dəfə dara düşəndə məhz icra başçısının adından istifadə edərək təhlükəni özündən uzaqlaşdırmağa müvəffəq olur».

Məsələ ilə bağlı DSMF-nin Şirvan Şəhər Şöbəsinin 021-215-10-22 nömrəsinə zəng vurub, münasibət öyrənməyə çalışsaq da, heç cür alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]