Mobil operatorun iş vakansiyaları “Karyerada ilk addım” devizi altında keçirilmiş əmək yarmarkasında təqdim edildi
Mobil operatorun iş vakansiyaları "Karyerada ilk addım” devizi altında keçirilmiş əmək yarmarkasında təqdim edildi
"Nar” gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator 28 oktyabr 2016-cı il tarixdə "Karyerada ilk addım” devizi altında keçirilmiş əmək yarmarkasında iştirak edib. Azərbaycan Turizm və Menecment Universitetinin məzun və tələbələrinin əmək bazarına inteqrasiyasına köməklik göstərmək məqsədilə təşkil edilmiş əmək yarmarkasında iştirak edən şirkət və təşkilatlar sırasına "Nar” da qoşulub.
"Nar” gənc kadrlara 6 iş vakansiyası təqdim edib. Satış və xidmət üzrə agent, korporativ satış üzrə mütəxəssis, media satınalması üzrə mütəxəssis, brend və reklam işləri üzrə mütəxəssis, kommersiya analitiki və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb edilməsi istiqamətində daha bir addım atıb.
Tədbirdəki "Nar” stendi gənclərin böyük marağına səbəb olub. Təqdimat zamanı onlara iş vakansiyaları barədə daha ətraflı məlumat verilib, mobil operatorun nümayəndəsi gəncləri maraqlandıran suallara cavab verib, müvafiq prosedur əsasında maarifləndirici söhbət aparılıb. Namizədlər öz tərcümeyi-hallarını "Nar” nümayəndəsinə təqdim ediblər. "Nar” operatorunda karyera fürsəti ilə maraqlanmış ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq mobil operatorda qeyd edilən vakansiyalar üzrə işlə təmin edilmək imkanı qazanacaqlar.