İqtisadiyyat

Azərbaycanın nəhəng ticarət mərkəzi niyə çökdü? - təfsilat (fotolar)

30-10-2016, 17:27
Oktyabrın 24-də KİV-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin dayandırılmasına dair xəbər yayıldı

Elə həmin gün Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəzarəti Xidmətinin mətbuat xidmətindən bununla bağlı açıqlama yayıldı. 

Açıqlamada isə bildirildi ki, ticarət mərkəzində elektrik xətlərində problem olduğu, mağazaların bəzilərində işıq yanmadığı üçün bu, onların işinə mənfi təsir edirdi: "Elektrik xətlərinin yenilənməsi ilə bağlı olaraq mağazalar bir neçə günlük bağlanıb. Xətlər yeniləndikdən sonra ticarət mərkəzi fəaliyyətini davam etdirəcək”. 

Daha sonra "Baku Outlet Park” ticarət mərkəzi mediaya açıqladı ki, fəaliyyətlərinə yalnız bir gün – oktyabrn 24-də, sırf texniki problemə görə fasilə verilib. Həmin problem aradan qaldırılıb və "Baku Outlet Park” TM işinə davam edir. 

GUYA BREND MALLAR SATILMALIDIR, AMMA... 

Sözügedən ticarət mərkəzində yaranmış son durum acınacaqlıdır, fotolardan da gördüyünüz kimi, "qu deyəndə qulaq tutulur”, mərtəbələr boşdur. Günorta saatları, həftə sonu olmasına baxmayaraq, içəridə müştəri adına heç kimi görmək olmur. Mağazaların bir çoxunun qapısına isə elə bu səbəbdən kilid vurulub. Açıq mağazaların satıcılarını isə çox vaxt yerində tapmaq olmur. Müştərinin gəlməyəcəyinə əmin olduqları və vaxtı öldürmək üçün çox vaxt qonşu mağazanın satıcıları ilə koridorda söhbətləşirlər. Mağazalardakı malların keyfiyyətindən isə xüsusi danışmağa dəyməz. Məkanın adı Baku Outlet Park olsa da, dünyadakı analogiyasına və açılan gündən verdikləri elanlara baxmayaraq, burda gerçək brend mallar tapmaq müşküldür. Bundan başqa, mağazalar şəbəkəsinin ilk gündən verdiyi anons bundan ibarət olub ki, burda brend malları 30%-dan 80%-dək endirimlərlə almaq mümkündür. 

Amma mərkəzdə gəzintimiz və ümumi müşahidələrimiz zamanı məlum oldu ki, burada brend mal adına nəsə tapmaq çətindir. Bir çox hallarda mağazaların üstündə brend firmaların adı yazılsa da, içində satılan malların həmin markalara aidiyyatı yoxdur. Sıradan, amma heç də ucuz olmayan qiymətlərdə geyim, ayaqqabı, uşaq malları.... satılan mağazaların müştəri qıtlığı da çox güman ki, bu səbəbdən idi. 

SATICI NARAZILIQ EDİR: "BURA RAYON CAMAATI GƏLİR, ONA NƏ BREND?”

Mağazalardan birində satıcı işləyən Gülnar adlı xanım bildirdi ki, 1 ildir burdadır və gəldiyinə peşman olub. Dediyinə görə, ona öncədən bu məkanın gəlirli olduğunu və satışın maaşına da təsir edəcəyini vəd etsələr də mənzərə fərqli olub: "Bura daha çox rayon camaatı gəlir. Biri kənddən gəlir, burdakı nəvəsinə nəsə paltar almaq istəyir, ya da gəlinini bəzəndirmək üçün gəlir. Kənd adamına brend mal lazım deyil. İkincisi də, onlar gələndə çox ucuz mal axtarırlar. Bir az dolanırlar, sonra da deyirlər, getdik "Sədərək” yarmarkasına. Şəhər camaatı isə bura alverə gəlmir, onlar mollarda kredit kartı ilə alver etməyi xoşlayır. Bizdə kart sistemi də yoxdur, kimə sərf edir ki?”

Müştərilər üçün də bura favorit seçim sayılmaz. Taleh adlı orta yaşlı müştəri bildirir ki, bura kiçik oğlu üçün qış ayaqqabısı almağa gəlib: "Bayaqdan baxıram, 40 manatdan ucuz ayaqqabı yoxdur. Amma deyirlər ki, guya bura ucuz yerdir. Yolumun üstüdür, avtobusla burda düşüb, sonra qəsəbəyə gedirəm deyə mənə uyğundur. Yoxsa ki, qiymət və seçim uyğunluğundan danışmaq olmaz”. 

DÜNYADA TƏYİNATI... BİZDƏN FƏRQLİDİR 

Geyim, ayaqqabı, mebel, parfümeriya və ev üçün aksessuarlar təklif edən brendlərin birləşdiyi və ümumi ərazisi 7500 m2 olan iki mərtəbəli Outlet Park 2011-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Və hər gün saat 9.00-dan 20.00-a qədər fmüştərilərimizin xidmətindədir. 

Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan "outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə etmək olur (musavat.com). 
Azərbaycanın nəhəng ticarət mərkəzi niyə çökdü?
Azərbaycanın nəhəng ticarət mərkəzi niyə çökdü?
Azərbaycanın nəhəng ticarət mərkəzi niyə çökdü?
Azərbaycanın nəhəng ticarət mərkəzi niyə çökdü?
Azərbaycanın nəhəng ticarət mərkəzi niyə çökdü?
Azərbaycanın nəhəng ticarət mərkəzi niyə çökdü?

Administratorla əlaqə

077 611-55-22

[email protected]