Gündəm

Jurnalist ev dustaqlığına buraxılmadı

28-10-2016, 22:03
Jurnalist ev dustaqlığına buraxılmadı

Bakı Apelyasiya Məhkəməsi oktyabrın 28-də jurnalist Fikrət Fərəməzoğlunu ev dustaqlığına buraxmayıb. Bununla da, Nərimanov Rayon Məhkəməsinin 3 gün əvvəl verdiyi qərarı qüvvədə saxlayıb.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.

Jurnalistin vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyirdilər. Vəkilin deməsinə görə, Bakı Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədov Nərimanov Rayon Məhkəməsinin F.Fərəməzoğlunu ev dustaqlığına buraxılmaması ilə bağlı qərarını əsaslı sayıb.

Oktyabrın 28-də F.Fərəməzoğlu ilə bağlı daha bir məhkəmə prosesi keçirilib.

Bakı Apelyasiya Məhkəməsi F.Fərəməzoğlunun həbs müddətinin 2017-ci il yanvarın 30-na kimi uzadılması barədə Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayətə də baxıb. Camal Ramazanovun sədrlik etdiyi hakim heyəti bu şikayəti də rədd edib.

Vəkil hər iki qərarın qanunsuz olduğunu bildirib.

"Bu qərarlar Fikrət Fərəməzoğlunun Avropa Konvensiyasının 5-ci maddəsi üzrə azadlıq və toxunulmazlıq, 10-cu maddəsi üzrə ifadə azadlığı və 18-ci maddəsi üzrə müdaxilədən sui-istifadənin qadağan edilməsi hüquqlarını pozur. Hər iki işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”, vəkil bildirib.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.

Jurnalistin vəkili ittihamlarla razılaşmadıqlarını açıqlayıb.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman "24 saat” qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə, xəbərdarlıq olunmuşdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]