“Nardaran işi” üzrə 3-cü məhkəmə başladı
Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi” ilə bağlı 3-cü qrupun mühakiməsi başlanıb.
Bu dəfə hakim önünə 12 nəfər çıxarılıb: Zülfüqar Mikayılov, Elman Ağayev, Elxan Həsənov, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Ruzi İsmayılov, Cabir Əliyev, Mübariz İbrahimov və Ramil Seyfullayev.
Məhkəmə prosesinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Yanvarın 19-da məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən, onlara dövlət hesabına vəkil təyin olunduğu, amma təqsirləndirilənlərin həmin vəkillərdən imtina etdiyi üzə çıxıb. İmtinaya əsas kimi bildiriblər ki, özlərinin müqavilə bağladıqları vəkillər var və onlar növbəti iclasa qatılacaqlar. Bu səbəbdən məhkəmənin hazırlıq iclası yanvarın 30-dək ertələnib.
Çoxu Müsəlman Birliyi Hərəkatının üzvləri olan təqsirləndirilən şəxslər hakimiyyət əleyhinə iğtişaşların hazırlanmasında, qanunsuz silah-sursat saxlamaqda və bir sıra başqa ağır cinayətlərdə suçlanırlar. Amma onlar ittihamları qəbul etmirlər.