Siyasət

CƏLİLABADIN BAŞ HÜQUQŞÜNASI İSLAH OLUNMAYIB

1-10-2016, 19:43

ELŞAD ƏZİZOVUN HAZIRKİ VƏZİFƏSİNDƏ QALMASI RAYON RƏHBƏRLİYİNİN ƏDALƏTSİZLİYİNİN GÖSTƏRİCİSİ DEYİLMİ?

 

Cəlilabad Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Elşad Əzizovun tutduğu vəzifəyə layiq olmaması və mövqeyindən sui-istifadə etməsi barədə Nyus.az-ın sentyabrın 5-də oxuculara təqdim etdiyi İTİRDİYİ İCTİMAİ ETİMADI BƏRPA ETMƏK ƏVƏZİNƏ..." sərlövhəli məqalənin yekununda vəd etmişdik ki, Cəlilabadın baş hüquqşünasının başqa cinayətlərdə əlinin olub-olmamasını müəyyənləşdirmək istiqamətində  tərəfimizdən aparılmaqda olan araşdırmaların nəticələrini oxucuların müzakirəsinə çıxaracağıq. Sadiq oxucularımıza verdiyimiz vədi yerinə yetirməyi özümüzə borc bilirik.

Nyus.az Elşad Əzizovun hazırki vəzifəsindən daha əvvəl Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə müfəssəl məlumatlar əldə etmişdir. Belə ki, o, 2010-cu ilin aprel ayında Cəlilabad şəhərində yerləşən "Göl" mehmanxanasının sahibi Nuriyev Şamil Kamil oğlunun müraciəti əsasında Şamil Nuriyevə mehmanxananın fəaliyyətinə dair xüsusi razılıq - lisenziyanın alınmasını təşkil edəcəyini yalandan vəd edərək, bununla bağlı ondan dövlət rüsumu ödənişi adı ilə şöbənin inzibati binasındakı xidməti otağında 3000 (üç min) manat alaraq Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmədən saxta lisenziya blankı vermişdir. Elşad Əzizov Cəlilabad rayon məhkəməsində törətdiyi əməldən peşman olduğunu, səhv etdiyini boynuna almış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə Əzizov Elşad Nəhməd oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilib 3000 (üç min) manat cərimə cəzasına məhkum etmişdir.

Kənar müşahidəçiyə elə gələ bilər ki, bu hadisə sadəcə bir qumardır: Girişdin - ya 3 min manat udacaqsan, ya da çox yox, elə o qədər də uduzacaqsan. Başqa heç bir əlavə itkin olmayacaq. Səni əvvəlkindən heç də pis olmayan vəzifəyə götürəcəklər. Hələ bir başqalarına da hüquq məsləhəti verə bilərsən. İndi isə gəlin təsəvvür edək, Cəlilabadda sahibkarlıq fəaliyyəti göstərən həmin o Şamil Nuriyev tutaq ki indilər rastlaşdığı hər hansı hüquqpozma ilə bağlı Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinə müraciət edir və onun döydüyü qapını Elşad Əzizov açır. Deyin, bu vətəndaş rayon rəhbərliyinin ədalətinə inanarmı?

Mövzuya qayıdacağıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]