Ölkə

Qarabağ Döyüşçüsü FHN-in işçisindən prezidentə ŞİKAYƏT etdi

27-09-2016, 04:52
Qarabağ müharibəsi veteranı Fövqəladə Hallar Nazirliyinin (FHN) işçisindən prezidentə şikayət edib. Ağdam rayonundan məcburi köçkün olan 43 yaşlı Ağdam rayon sakini Xalid Məmmədovun prezident İlham Əliyevə etdiyi şikayətdə FHN əməkdaşının kasıb bir ailənin əziyyətini necə mənimsəməsindən bəhs edir: ''Ağdamın Saybalı kəndində anadan olmuşam. 1-ci Qarabağ müharibəsində axıradək iştirak etmişəm. Müharibə veteranıyam. Ağdam rayonundakı kəndimiz işğal olunduqdan sonra Oğuz rayonun Calud qəsəbə ərazisində ailəmlə məskunlaşmışam. Özüm avtoyuyucu kimi işləyirəm. Uşaqlarım da min bir zülmlə yaxınlıqdakı meşədən kəsilmiş ağacların atılmış qol-budağını yığıb evə gətiriblər ki, oduncaqlarından kömür tədarük edib satım. Uşaqların qış uzunu hazırladıqları odundan kömür tədarük etdim. Cəmi 168 kisə oldu. Bu ilin yazında bizim meşəbəyi Mehmanın oğlu Məmmədov Namiq evimizə gəldi ki, səndə olan kömürü mənə ver, 10 günə pulun hamısını göndərəcəm. Razılaşdıq. Mən, 168 kisə(50 kq-lıq,hər birini 4 manataolmaqla) kömürə 580 manat qiymət danışıb malı təhvil verdim. 12 gündən sonra Namiqə zəng etdim. Dedi ki, kömür hələ satılmayıb, aradan bir xeyli keçdikdən sonra yenə əlaqə saxladım. Dedi ki, mal yaxşı çıxmayıb. Belə belə hər dəfə bir bəhanə uydurmağa başladı. Beləcə aradan 6 ay keçdikdən sonra Namiq mənə 300 mant göndərib bildirdi ki, "qalan 280 manatı verməyəcəm. Get hara istəyirsən şikayət et, əlindən gələni et. Mən Fövqəladə Halların işçisiyəm. Heç kimdən də qorxum yoxdur. Bir də məni bezdirmə.” Namiqin bu cavabından hələ də özümə gələ bilmirəm, evdə uşaqların da üzünə baxa bilmirəm. Onların min-bir əziyyətlə hazırladıqları məhsulu mən səhv edib Fövqəladə Hallar Nazirliyinin bir dələduzuna təslim etdim. Bu səhvimi özümə bağışlaya bilmirəm. İş burasıdır ki, Namiq Məmmədovu mən atası, meşəbəyimiz olan Mehman kişiyə görə tanımışam. Onlar Ağdamın Sarıcalı kəndindən idilər. N.Məmmədov hazırda Qaradağ rayonun "Sahil” qəsəbəsində yaşayır və həmin rayonda Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayonu üzrə Yanğından Mühafizə Xidmətinin əməkdaşıdır. Bilirik ki, Namiq Qaradağ rayonunda yerləşən kafe və restoranlara hər biri 50 kq. Kisədə olan kömürlərin birini ən aşağı 15 manata satmaqla 1500 AZN pul qazanmışdır. Və yalnız 6 aydan sonra bizi bezdirib cəmi 300 manat verməklə dələduzluq edir. Və Fövqəladə Hallar Nazirliyində arxalandığı məmura görə bizə hədə-qorxu gəlir. Heç kimdən qorxmadığını bildirir. Cənab Prezident mən kasıbçılıqla gecə-gündüz dincəlmədən birtəhər ailəmin gündəlik çörəkpulunu qazanmağa çalışıram. Döyüş bölgələrində sağlamlığımı itirmişəm. Bu gün fakt bundan ibarətdir ki, özünü Fövqəladə Hallar Hazirliyinin işçisi hesab edən və respublikada heç kimdən qorxmadığını bəyan edən Məmmədov Namiq Mehman oğlu uşaqlarımın min bir əziyyətlə hazırladıqları məhsulu satıb və pulunu mənimsəmişdir. Siz həmişə rəsmi çıxışlarınızda bəyan edirsiniz ki, "Mən hər bir azərbaycanlının prezidentiyəm”. Mən güman yeri kimi Sizə üz tutub müraciət edir və çox xahiş edirəm ki, FHN-nin əməkdaşı Namiq Məmmədovun mənə verəcəyi pulun qaytarılması üçün aidiyyatı orqanlara göstəriş verəsiniz''. Prezidentə ünvanlanan şikayət məktubu eyni zmanda fövqəladə hallar naziri K.Heydərova, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da göndərilib. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-baku.com

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]