Media

Eynulla Fətullayevin 40 yaşı tamam oldu - FOTOLAR

26-09-2016, 18:13
Bu gün Azərbaycanın araşdırmaçı-jurnalisti, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin 40 yaşı tamam olur. Bu münasibətlə həmkarımızı təbrik edirik. 

E. Fətullayev Azərbaycanın rus və Azərbaycan dillərində yazan ən istedadlı jurnalistlərindən olmaqla yanaşı, həm də təcrübəli media meneceridir. O, azərbaycandilli və rusdilli xəbər məkanında yüksək reytinqə malik bir neçə KİV-in qurucusudur.   

Onun peşə tərcümeyi  - halı olduqca zəngindir. 

Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlib. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E.Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb.

2005-ci ildə E.Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E.Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib. Ancaq iki ay sonra "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini yenidən buraxmağa başlayıb.

E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Bu həbsə Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiası səbəb olub. Jurnalist 2005-ci ildə qələmə aldığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib.

Tutulandan bir ay sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevin rəhbərlik etdiyi KİV-lərdə getmiş məlumatlarla əlaqədar cinayət işi başlanıb. Söhbət "Realnı Azerbaydjan" qəzetində yerləşdirilən, ABŞ-ın İrana hərbi təcavüzü ilə bağlı ehtimalların səsləndirildiyi məlumatlardan gedir. Bu məlumatların Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunub.

MTN-də başlanan istintaqla əlaqədar E.Fətullayev Bayıldakı istintaq təcridxanasından MTN-in təcridxanasına köçürülüb. Burada ona qarşı Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə E.Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb.

E.Fətullayev tutulandan az sonra onun nəşrləri fəaliyyətini dayandırmağa məcbur olub.

11 noyabr 2010-cu ildə AR Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə üzərinə qoyulan məhkumiyyətdən bəraət alıb.

Fətullayev 26 may 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb. 

Həbsdən çıxdıqdan sonra bir müddət hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. Qısa müddət sonra -  2012-ci ilin 11 aprelində isə rus dilinidə yayın yapan haqqın.az saytının fəaliyyətinə start verib. Daha sonra isə virtualaz.org saytının nəşrinə başlayıb. 

Eynulla Fətullayev qətlə yetirilən jurnalist Elmar Hüseynovun yaxın dostu olub. O, bu qətl işinin açılması üçün uzun zaman araşdırmalar aparıb. 

Eynulla Fətullayev iddia edir ki, Elmar Hüseynovun qətlini ləğv olunmuş MTN-in rəhbərliyi, xüsusi olaraq da general Akif Çovdarov sifariş və icra edib. O, bu barədə ən müxtəlif zamanlarda dəfələrlə yazıb və buna görə də təzyiqlərə məruz qalıb. E. Fətullayev hesab edir ki, onun həbsi də məhz bu araşdırmalarla bağlı olub. 

Eynulla Fətullayevin haqqın.az saytı ermənilərin ölkəmizə qarşı apardığı informasiya müharibəsinə qarşı fəaliyyət göstərən ən effektli media resurslarından hesab olunur.   

Musavat.com 

 





Administratorla əlaqə

077 611-55-22

[email protected]