İqtisadiyyat

Manatı gücləndirən səbəblər...

15-10-2016, 15:53

Ekspertlər təkrar eniş olacağından da narahatdır 

 

Son günlər manatın cüzi də olsa bahalaşması müşahidə edilir. Manatın məzənnəsinin artırılmasının neçə müddət davam edəcəyi ekspertlər tərəfindən müxtəlif müddətdə ölçülür. Həmçinin bildirilir ki, yaxın gələcəkdə manatın növbəti ucuzlaşma ehtimalları makroiqtisadi göstəricilər sisteminə mənfi təsir göstərəcək. 

Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, son həftələr ərzində valyuta bazarında müşahidə olunan manatın məzənnəsinin möhkəmlənməsi  tendensiyası ilk növbədə Neft Fondu tərəfindən Beynəlxalq  Bankda bir milyard dollarlıq depozitin yerləşdirilməsi ilə  bağlıdır: "Bu vəsaitin ölkə miqyası üçün çox böyük olması  sözsüz ki, maliyyə bazarına təsir etməyə  bilməzdi. Məlumdur ki, bundan öncədə hökumətin Beynəlxalq Banka dəstək  məqsədilə ciddi addımları olub. Ancaq əvvəllər həmin dəstək əsasən manatla ifadə olunurdu. Lakin Beynəlxalq Bankın dollarda ifadə olunan öhdəliklərinin kritik həddə olmasını nəzərə alan hökumət bu bankda iri məbləğdə dollar depozitinin yerləşdirilməsi kimi məcburi addıma getdi. Düşünürəm ki, ümumiyyətlə, Beynəlxalq Bankla bağlı vəziyyətin bank-maliyyə sektoruna sarsıdıcı təsirini hələ uzun müddət ölkə iqtisadiyyatı həzm edə bilməyəcək. Buna görə də bu bankın gələcəyi ilə bağlı bankın fəaliyyətinə aidiyyəti olan bütün subyektlərin maksimum mümkün şəkildə maraqlarının nəzərə alınması şərti ilə optimal, eyni zamanda prinsipial qərarların qəbulu zəruridir”.

Ekspert yerləşdirilən depozitə diqqət çəkərək vurğulayıb ki, onun yerləşdirilməsinin valyuta  bazarına təsiri bank sektorunda, o cümlədən risk-menecment, marketinq və iqtisadi təhlil mexanizmləri ilə bağlı mövcud olmuş problemlərin milli valyutanın məzənnəsinin, inflyasiyanın və bütövlükdə makroiqtisadi göstəricilərin formalaşmasında nə dərəcədə böyük rol oynadığını bir  daha sübut edir: "Bütün bunlarla yanaşı, Neft  Fondu tərəfindən həmin depozitin yerləşdirilməsi səbəbinə görə  valyuta  bazarında müşahidə olunan hazırkı dinamika monetar siyasət subyektlərinin tələb-təklif nisbətinə əsasən formalaşan proses kimi deyil, ciddi maliyyə problemləri olan sistem formalaşdıran banka həcmi  böyük də olsa, məhdud  və müvəqqəti dövlət dəstəyi amilinin nəticəsi kimi qəbul  edilməlidir. Hazırkı şəraitdə makroiqtisadi inkişaf baxımından faydalı hesab olunan milli valyutanın məzənnəsinin  möhkəmləndirilməsi üçün isə daha dayanıqlı, fundamental amillərin meydana çıxması zəruridir. Bu amillər ölkənin Tədiyyə Balansının formalaşdırılmasında həlledici xüsusi  çəkiyə malik olan idxal, idxal və kapital axını göstəriciləri ilə bağlıdır. İxraca gəldikdə, nəzərə almaq lazımdır ki, reallıqda  hələ uzun müddət ixrac faktoru kimi nefti nəinki əvəz edə biləcək. Hətta hazırkı neftin yüksək olmayan qiymətləri çərçivəsində onun ümumi ixrac göstəricilərinə təsirinin 20 faizini belə təşkil edə biləcək digər əmtəə və xidmət növü ölkədə olmayacaq. Belə olan halda, mühüm məqsəd, zənnimcə,  idxalın adekvat şəkildə əvəz olunmasından, yerli qeyri-neft sektorunun ilk növbədə daxili bazarın qorunması və təmin olunmasına yönəldilməsindən ibarətdir. Digər strateji istiqamət isə sözsüz ki, kapital axınının qarşısının alınması ilə bağlıdır. Məsələnin strateji əhəmiyyətini nəzərə alaraq, kapital axınının  qarşısının alınmasında hətta müəyyən inzibati mexanizmlərdən də istifadə etmək məqsədəuyğun hesab oluna bilər”.

E.Məmmədov hesab edir ki, milli valyutanın məzənnəsinin qorunması üçün prioritet məsələlər az deyil:"Ölkədə rəqabət mühitinin və milli istehsal sistemlərinin dayanıqlı şəkildə formalaşdırılması hesabına daxili bazarın qorunması və əmtəə resursları ilə təmin edilməsi şərtləri ilə maksimum mümkün dərəcədə idxalın əvəz  olunması və ölkə üçün strateji əhəmiyyət kəsb edən layihələr istisna olmaqla, kapital axınının, o cümlədən həm portfel, həm digər növ investisiyaların ölkə xaricinə yönəlməsinin qarşısının alınması milli valyutanın məzənnəsinin qorunması üçün prioritet məsələlərdir. Çünki milli iqtisadiyyatın spesifikasını nəzərə aldıqda, növbəti devalvasiyanın ölkənin bank-maliyyə sektoruna və ümumilikdə makroiqtisadi göstəricilər sisteminə çox ciddi mənfi təsirinin olacağını əminliklə söyləmək olar”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]