Əsas Səhifə / Siyasət

Elmar Məmmədyarov “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında keçirilən 17-ci sammitində çıxış edib

18-09-2016, 15:51

Elmar Məmmədyarov  “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında keçirilən 17-ci sammitində çıxış edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  Xeberman.com -a verilən məlumata görə, E. Məmmədyarov bildirib ki, Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb, lakin hələ də Hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində görüləcək işlər çoxdur.

Naziri deyib ki, biz son qlobal gərginliklər və siyasi böhranların daha çox inkişaf etməkdə olan ölkələrə zərbə vurmaqla, onların iqtisadi və sosial inkişafını ləngitdiyini və beləliklə, bu ölkələrdə insan inkişafı üzrə göstəriciləri aşağı saldığını yaxşı bilirik: 

"Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. İki önəmli beynəlxalq nəqliyyat dəhlizinin - Şimal-Cənub və Şərq-Qərb - kəsişməsində yerləşən Azərbaycan Cənub-Cənub əməkdaşlığı da daxil olmaqla, siyasi müstəqillik və iqtisadi əməkdaşlıq vasitəsilə inkişafı hər zaman təşviq edir. Son on il ərzində Azərbaycan dünya enerji bazarında və nəqliyyat infrastrukturu inkişafı layihələri üzrə önəmli aktorlardan birinə çevrilib. 2015-ci ildə Azərbaycan Respublikasının rəhbərliyi əhalinin rifahının artırılması, savadsızlıq və yoxsulluğun azaldılması, həmçinin Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətinə görə 2015 Cənub-Cənub mükafatına layiq görülüb. Sürətli iqtisadi inkişaf Azərbaycanı donor ölkəyə çevirib. 

Xarici İşlər Nazirliyi yanında Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanda aparıcı qeyri-hökumət xeyriyyə təşkilatı olan Heydər Əliyev Fondu vasitəsilə mənim ölkəm Hərəkata üzv olan bir neçə ölkədə çoxlu sayda sosial, humanitar və inkişaf layihələrini dəstəkləmiş və həyata keçirib. Biz həmçinin xalqlar arasında inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmaya da xüsusi əhəmiyyət veririk. 25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi edibr. Bundan başqa, biz 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Biz bütün bunların Qoşulmama Hərəkatı çərçivəsində və ondan kənarda mədəniyyətlər və dinlər arasında qarşılıqlı harmoniyanın təşviqinə davamlı xidmət edəcəyinə inanırıq”.

E.Məmmədyarov qeyd edib ki, təəssüf ki, zorakılıq və münaqişələr hələ də inkişaf və çiçəklənməyə mane olur. Artıq 20 ildən çoxdur ki, Ermənistan beynəlxalq hüququn fundamental norma və prinsiplərini davamlı şəkildə və açıq-aşkar pozur və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edir: 

"Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20%-ni işğal edib və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirib. Nəticədə nə Ermənistanda, nə də Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmayıb. BMT Təlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasətini pisləyən və Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnaməsi (822, 853, 874 və 884) hələ də icra edilməyib. Beynəlxalq ictimaiyyətin birmənalı mövqeyi beynəlxalq sülhə qarşı bu cür dəhşətli təhlükələrin aradan qaldırılması baxımından olduqca önəmlidir. Bu xüsusda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı Yekun Sənəddə bir daha ifadə edilən əsaslı dəstəyə görə öz minnətdarlığını bildirir. 

Bu, üzv dövlətlərin Bandunq prinsiplərinə ciddi riayət etməsinin aşkar təzahürüdür və onların zorakılıq, işğal, etnik təmizləmə və qaçqın və məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulması hallarına qarşı qəti mövqeyini əks etdirir. Mən bugün Azərbaycan prezidenti İlham Əliyevin və üç il sonra Hərəkata sədrlik edəcək dövlətimin adından burada çıxış etdiyim üçün qürur duyuram. 2019-cu ildə Bakıda keçiriləcək 19-cu Sammit rəmzi xarakter daşıyacaq. Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Mən fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatına üzv olan bütün ölkələrin dövlət və hökumət başçılarına növbəti sammitdə iştirak etmək üçün səmimi dəvətimizi çatdırıram”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]