Reportaj

Təmirdən çıxan Badamdar yolu dağıldı, sakinlər narahatdır - FOTOLAR, VİDEO

10-09-2016, 21:11
Təmirdən çıxan Badamdar yolu dağıldı, sakinlər narahatdır - FOTOLAR, VİDEO
Ötən il təmir olunan Badamdar yolu bu dəfə su və kanalizasiya xətlərinin çəkilməsi üçün qazılıb. Qəsəbənin "Qurd qapısı” adlanan ərazisindən  başlayaraq "Gəlin qayası” adlanan yerə qədər magistral yolun bir tərəfi qazılıb. Qazıntı aparılan yerdə nəqliyyatın hərəkəti məhdudlaşıb. 

Bələ ki, ikitərəfli dar yolun bir hissəsində qazıntı aparıldığından bütün hərəkət qarşı tərəfə keçib. Burada isə yolun eni 4 metr olduğundan qəsəbəyə gedən və gələn avtomobillər yalnız bir xətt üzrə hərəkət etməli olur. Bu baxımdan günün istənilən saatında burada tıxac yaşanır. Xüsusən  yolda hərəkətin sıx olduğu pik saatlarda  yol keçilməz olur. 

Badamdar qəsəbəsinin sakinləri deyir ki, eyni problemi ötən il də bir neçə ay yaşayıblar. Yol təxminən 3 aya hissə-hissə təmir olunub. Bu il yenidən həmin yolun qazılması, bir tərəfin hərəkət üçün qapadılması insanları narazı salıb. 

Həmçinin yolun qazıntı aparılan hissəsində hərəkət olmadığı üçün orada olan  ticarət obyektləri, yanacaqdoldurma məntəqələri, ictimai-iaşə obyektləri müştəri üzünə həsrət qaldığından müflis olmaq həddindədirlər. 

Badamdar qəsəbə sakini Sahib Həmidov musavat.com-da danışarkən bildirdi ki, təmir işlərinin bu cür sistemsiz aparılmasını insanlara əlavə narahatlıq verməkdir: "Ötən il bu yolu təmir edəndə su və kanalizasiya xətlərinin yenilənməsini də nəzərdə tutmalı idilər. Yeni təmir olunan yolun qazılması dünyanın heç yerində yoxdur. Bu cür absurd yanaşma ancaq Azərbaycanda ola bilər. Neçə kilometr yolu qazıblar, indi bilmək olmur ki, bu işlər nə zaman yekunlaşacaq, yol nə zaman yenidən istifadə olunacaq. Sürücülərə cəmi 4 metrlik yol verilib. Hər iki istiqamətdə hərəkət bu yolun ümidinə qalıb”. 
 
 
Həmsöhbət olduğumuz digər sakinlər də bu yolun qazılmasını büdcə pullarının səmərəsiz istifadəsi kimi qiymətləndirdilər: "Özləri deyirlər ki, büdcədə pul yoxdur, neft ucuzlaşıb, gəlirlər azalıb. Bəs, elədirsə, bu qədər büdcə vəsaitini niyə məhv edirlər”.
 
 "Azərsu”ASC-dən isə bildirilir ki,  bu işlər "Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində aparılır və  yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəf götürüb: "Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci  ilədək perspektiv inkişaf  nəzərə alınmaqla reallaşdırılır. Qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün ”Alatava” mərkəzi su anbarının imkanlarından istifadə olunacaq. Həmin anbardan suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 mm diametrli polad borularla 9,8 km uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilmiş və indiyə qədər kəmərin 4 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. 

Hazırda qəsəbə ərazisində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri də davam etdirilir.  Tikinti şirkəti tərəfindən indiyədək 25 km su, 16 km kanalizasiya xəttinin çəkilişi başa çatdırılmış, 474 kanalizasiya quyusu quraşdırılmış, ünvanlara birləşmələr verilmişdir. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ildə  başa çatdırılması planlaşdırılır”. 

"Azəravtoyol”  ASC-nin mətbuat katibi Anar Nəcəfli də "Yeni Müsavat”a açıqlamasında yolun qazılmasının dövlət proqramı çərçivəsində su xətlərinin yenilənməsi ilə bağlı olduğunu bildirdi: "Ötən il həmin yol Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunub. Bu il də dövlət proqramına əsasən "Azərsu” orada su və kanalizasiya xətlərinin çəkilişini aparır. Yəni, aparılan işlərin "Azəravtoyol”a aidiyyatı yoxdur”.  

Anar Nəcəfli onu da bildirdi ki, hər hansı yol yeraltı kommunikasiya xətlərinin çəkilişi zamanı dağıdılırsa, yolun təmirinə də həmin işləri aparan qurum  cavabdehlik daşıyır: "Bizim tərəfimizdən onlara tezxniki şərt verilir, yəni yolun qazılmasına icazə verilir. O yolun bərpası da qazıntını aparan qurum tərəfindən həyata keçirilməlidir.  Əgər bizim qurumla müqavilə imzalanıbsa, o zaman işlər bitdikdən sonra "Azəravtoyol” yolun bərpa işlərini aparır”. 

Yeni təmirdən çıxan avtomobil yollarının kommunikasiya xətlərinin bərpası üçün qazılmasına münasibət bildirən yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bunun büdcəyə zərbə olduğunu bildirdi: "Bu elə bir məsələdir ki, münasibət bildirmək bir qədər çətindir. Nə üçün su xətlərinin yenilənməsi yolun təmiri ilə eyni vaxtda yox, bir ildən sonra aparılır. Bu haqda bizdə dəqiq məlumat yoxdur ki, nə üçün eyni vaxtda hər iki iş görmədilər. Bütün ölkələrdə bu təcrübə və bizdə də artıq tətbiq olunur. "Azəravtoyol” ASC hər hansı yol çəkərkən kommunikasiya xətlərinin aid olduğu orqanlara da məlumat verir və çalışırlar ki, işlər eyni vaxtda aparılsın. Xarici ölkələrdə də hər hansı yol təmir olunanda bu qurumlardan nümayəndələr dəvət olunur, layihə müzakirə olunanda ortaya müəyyən tələblər qoyulur. Məsələn, şərt qoyulur ki, əgər indi kommunikasiya xətlərinizi yeniləməsəniz, ən azı 10 il ərzində bu yolda qazıntı aparmağa icazə verilməyəcək. Bizdə də bu təcrübəni həyata keçirməyə çalışırlar. Ancaq görünən odur ki, nail ola bilmirlər. Məsələn, ötən il Bakı Şəhər İcra Hakimiyyətindən yolun yenidən qurulması üçün pul ayrıldı və aidiyyatı qurumlara xəbər verildi. O zaman "Azərsu” müraciət etməliydi ki, bizim o istiqamətdə olan su borularımız köhnədir, ancaq onu yeniləməyə pulum yoxdur. İşlər elə qurulmalıdır ki, həm vətəndaşlar üçün narahatlıq olmasın. Həm də yeni çəkilən yol yenidən qazılmaqla dövlətin vəsaitləri havaya sovrulmasın. Təzə salınmış yolu bir ildən sonra dağıtmaq dövlətin sərf etdiyi vəsaitin 50 faizini havaya sovurmaqdır”. 

Məğrur Mərd
Fotolar və video müəllifindir


 






Administratorla əlaqə

077 611-55-22

[email protected]