Ölkə

İradə Gülməmmədovanın “Titanik”i, “Palma”ları və daha nələri…

8-09-2016, 00:19
İradə Gülməmmədovanın “Titanik”i, “Palma”ları və daha nələri…Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcov Sumqayıta təyinat aldıqdan sonra bu rayonun sakinləri düşünürdülər ki, onun yerinə təyin edilən müavini İradə Gülməmmədova Abşerondakı dözülməz vəziyyəti qismən də olsa aradan qaldıracaq


Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Abşeron sakinlərinin bildirdiyinə görə, Z.Fərəcovdan sonra vəziyyət daha da pisləşib.

Rayon ərazisində tikinti işləri aparmaq üçün alınan rüşvətin məbləği ən azı iki dəfə artırılıb, obyektlərdən yığılan haqq kəllə-çarxa çıxıb. Sakinlərin və rayon ərazisində fəaliyyət göstərən sahibkarların dediyinə görə, bunun əsas səbəbi İ.Gülməmmədovanın əldə etdiyi qanunsuz gəlirləri faktiki olaraq indi də Abşeronun sahibi hesab olunan Z.Fərəcovla bölməsidir.
Onlar bildirirlər ki, faktiki olaraq indinin özündə də İ.Gülməmmədova qeyri-rəsmi olaraq Z.Fərəcovun birinci müavini statusunda fəaliyyət göstərir, onun tapşırıqlarını yerinə yetirir. Amma nə qədər belə olsa da, indi İ.Gülməmmədovanın əl-qolu xeyli açılıb və imkanlarını genişləndirib.

Bildirilir ki, İ.Gülməmmədovanın hazırda əsas gəlir mənbələrdən biri torpaq satışından və rayon ərazisində tikinti aparılmasına icazə verilməsindən əldə olunan qazancdır. Bu işi isə o Z.Fərəcovun tapşırığı ilə müavini Fuad Cəbrayılova həvalə edib. F.Cəbrayılov vaxtilə Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsi müdirinin müavini işləyərkən yüzlərlə saxta sənədlər düzələdərək vətəndaşlara qanunsuz "küpça” verilməsi əməliyyatına rəhbərlik edərək külli-miqdarda pul qazanıb. Bundan başqa saxta sənədlərlə Abşeron rayonu ərazisində xeyli sayda obyektlər ələ keçirib.

Məlumata görə, Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyi də qarışıb. Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyester Xidmətinin Abşeron Şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov həbs edilib. Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyester Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.

İddiaya görə, Fuad Cəbrayılov azadlığa çıxması üçün MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qaynatası vasitəsilə külli-miqdarda rüşvət verib. Reyester Xidmətinin Abşeron Şöbəsində qanunsuzluların ortaya çıxması və MTN-nin əməliyyat keçirməsindən sonra şöbə müdiri Vidadi müəllimin qovulduğunu bildirən mənbəmiz qeyd edir ki, Fuad Cəbrayılov Arif Qaraşovun sayəsində öz vəzifəsini saxlayıb. Amma Arif Qaraşov Dövlət Reyester Xidmətinin rəisi vəzifəsindən çıxarıldıqdan sonra Fuad Cəbrayılov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən xidmətdən qovulub.

Bir müddət qayınatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılovun sonra məhz qayınatasının köməkliyilə Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəldiyi deyilir.

İ.Gülməmmədova icra başçısı təyin olunduqdan sonra isə onu özünə müavin təyin edib və faktiki olaraq F.Cəbrayılovun həm İ.Gülməmmədovanın, həm də Z.Fərəcovun "qara kassiri” rolunu oynadığını bildirilir.

İki icra başçısının "qara kassiri” olan F.Cəbrayılovun özünün də "qara kassiri” var. Bu isə vaxtilə onun sürücüsü işləmiş indi isə F.Cəbrayılov tərəfindən

Abşeron Memarlıq və Tikinti Şöbəsində vəzifə ilə təmin olunan Elmir adlı şəxsdir. Onun tikinti və sənədləşdirmə ilə bağlı işlərini məhz bu şəxsin apardığı deyilir.

Bütün bunlar isə İ.Gülməmmədovanın razılığı ilə baş verir və bu xanım icra başçısı hazırda sərvətini daha da artırmaq və yeni-yeni obyektlər inşa etdirməklə məşğuldur.

Gunxeber.com-a daxil olan məlumata görə, Abşeron rayonu ərazisində İ.Gülməmmədovanın biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var. Bunlardan ən məşhurları isə Xırdlan şəhərindəki "Titanik” adlı böyük obyekt, Mehdiabad-Fatmayi yolunun üstündəki "Palma” supermarketi, eyni adlı restoran və digərləridir. Abşeron sakinlərinin bildirdiyinə görə, bu obyektlərdə qiymətlər daha yüksək olması ilə diqqəti çəkir. Müştərilər nəyəsə etiraz edən də isə işçilər "Bura İradə xanımın obyektidir, heç kim bizə gözün üstə qaşın var deyə biməz” deyərək onlarla kobud davranırlar.

Qeyd olunur ki, İ.Gülməmmədova "Titanik”in "sükanı”nı isə İlham adlı qardaşına tapşırıb. Bu şəxsin adı isə bir sıra qalmaqallada çəkilir. Bu mövzuya bir başqa yazıda toxunacağıq.
Bildirilir ki, Abşeron rayonundakı bütün təndirxanaların demək olar ki, İ.Gülməmmədovaya məxsusdur. Böyük qazanc gətirən bu təndirxanalar xüsusən də yay aylarında İ.Gülməmmədovaya yüz minlərlə manat qazandırır. Amma xanım icra başçısının bütün bunlarla kifayətlənməyərək rayon ərazisində daha böyük və obyektlər inşa etdirməyə hazırlaşdığı bildirilir.

Bu barədə növbəti yazılrımızda məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (gunxeber.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]