Elm
Şəmkir rayon Təhsil Şöbəsinin artıq və əlavə əmək haqları ödədiyi məlum olub
7-09-2016, 02:24
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin1-ci rübündə Şəmkir rayon Təhsil Şöbəsinə (Şöbə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Xeberman.com-un məlumatına görə, audit ümumilikdə 46901,5 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 91,8%-93,3%-dir.
2015/2016-cı tədris ili üçün Şöbənin strukturu 79 ümumtəhsil məktəbi üzrə ümumilikdə 31059 şagird kontingenti və 1619 sinif komplekti təsdiqləyib, ümumtəhsil məktəblərində 3189 nəfər müəllim çalışıb. Təhsil şöbəsinin ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq 19,2 nəfər, o cümlədən I-IV siniflər üzrə 20,0 nəfər, V-IX siniflər üzrə 18,5 nəfər, X-XI siniflər üzrə 18,4 nəfər təşkil edib. 2015/2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərində vakant olan 57 yer üçün (853 saat dərs yükü) kadr sifarişi verilib. Vakant yerlər üzrə ən çox tələbat əsasən riyaziyyat, fiziki tərbiyyə, biologiya, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə olub. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,52%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan 41,33%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin ana dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyənləşib.
Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına görə və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib. Audit prosesində əvəzlənməmiş, lakin əvəzlənməsi rəsmiləşdirilmiş dərs saatlarına,həmçinin əvəzetmə zamanı əvəzedici müəllimlərə düzgün olmayaraq sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi üzə çıxıb. Azkontingentli ibtidai siniflərdə komplektləşdirilmənin düzgün aparılmaması, siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən tarifləşmə siyahılarına salınmış dərs saatlarının ünvanlı bölgüsünün müvafiq qaydada rəsmiləşdirilməməsi, həmçinin artıq ştat vahidlərinin saxlanması nəticəsində artıq büdcə vəsaitinin ödənişinə yol verilib. Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilmiş, həmçinin funksional fəaliyyətə aid edilməyən və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib. Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, icraçıya malların alınmasına görə qaimədə göstərilmiş yekun məbəğindən artıq vəsaitin ödənilməsi, həmçinin şöbə tərəfindən alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyənləşib. Audit dövrünün sonuna kreditor borcun məbləği 5,9 dəfə artaraq 126 min manat olub. Həmin məbləğin 70,1%-ni kommunal xidmətlərin haqqının ödənişi ilə bağlı yaranmış borclar təşkil edib, həmçinin müxtəlif mal-material qiymətliləri uçota alınmayıb.
Hesablama Palatasının Kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şəmkir rayon Təhsil Şöbəsinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.