Müsahibə

Siyavuş Novruzov: “İş mənim üçün bir vərdişə çevrilib”

7-09-2016, 01:40
Siyavuş Novruzov: “İş mənim üçün bir vərdişə çevrilib”
"Siyasətçi olmaq üçün yaxşı təhsilin, mütaliən olmalı, dünya təcrübəsini izləməlisən”

 

Xeberman.com SİA istinadən  Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun müsahibəsini dərc edir:
 
- Siyavuş müəllim, yay tətilində istirahət edə bildinizmi?

- Bilirsiniz, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək Referendumla bağlı ciddi işlər aparırıq. Bunun üçün dincəlməyə vaxt yoxdur. Ümumiyyətlə, siyasətdə istirahət yoxdur. Siyasətdə bir gün gecikdinsə, lazım olan informasiya məsələləri də gecikir. Ona görə də mütəmadi olaraq informasiyanın içində olmalısan, ölkədə gedən ictima-siyasi proseslərdən xəbərin olmalıdır.Mənim 1990-cı ildən bu günə kimi istirahətim yoxdur. Bir həftəlik harasa getsəm,fikrim yenədə işimdə olur. Beynim işim üçün çalışır. 
 
- Deyirsiniz ki, işləriniz çoxdur. Bəs ailənizə vaxt ayıra bilirsinizmi?

- Əlbəttə, imkan daxilində vaxt ayırıram. Ümumiyyətlə, siyasətlə məşğul olan şəxs, öz zamanını, asudə vaxtını  və iş rejimini düzgün tənzimləmək məcburiyyətindədir. Lakin reallıq ondan ibarətdir ki, işlərim çox olduğuna görə  ailəyə, uşaqlarıma ayırdığım vaxtdan kəsmək məcburiyyətində qalıram. 
 
- Siyasət sizi yormur?

- İnsanam, təbii ki, yoruluram. Amma iş mənim üçün bir vərdişə çevrilib. İxtisasca hüquqşunasam. Əgər işimi hüquqşunas kimi davam etdirsəydim, bu sahədə də müxtəlif nailiyyətlər əldə edə bilərdim. Bu insanın özündən asılıdır. Hər bir insan qarşısına məqsəd qoyur və buna çatmaq üçün müxtəlif addımlar atır. Bizim gənclik dövrümüz digər nəsillərə nisbətən çox çətin dövrə təsadüf etdi. Hazırda vətəndaşlarımız üçün hər cür şərait yardılıb. İctimai-siyasi sabitlik var. Övladlarımızın yaxşı təhsil almaları üçün yüksək səviyədə maddi-texniki bazaya malik məktəblər var. Qloballaşmanın və müasir İKT-nin yaratdığı geniş informassiya şəbəkəsi mövcuddur. İstənilən kitabı, məlumatı internetdə tapıb oxuya bilirsən. Amma bizim dövrümüzdə bunların heç biri yox idi. 1980-cı illərdən 1993-cü ilə kimi milli azadlıq hərəkatı, sərhədlərimizin pozulması, ərazilərimizin işğalı, müharibə və digər problemlər bizi geriyə salırdı. Bu dövrdə çətin və şərəfli həyat var idi. Azadlıq meydanında gecədən səhərə qədər oyaq qalmaq, azadlıq tələb etmək bir  məktəb idi. Hərbi və tələbə həyatı görməyən insan həyatda bir az büdrəyən kimi çox çətinliklərlə rastlaşır. Yataqxana həyatının özü belə bir məktəbdir.

Bizim dövrdə təhsil alan nəslin əksəriyyəti bu gün ictimai-siyasi prosseslərdə çox fəal iştirak edir. Çoxu öz peşəsi ilə məşğul olmur. Bunun da əsas səbəbi həmin zamanlarda gənclərin  siyasi məsələlərə  marağının daha çox olması  ilə bağlıdır.
 
- Siyasətçi olmasaydınız, başqa hansı sahəni seçərdiniz?

- Hüququ seçmişdim. Siyasətçi olmasaydım, hüquqşünas olacaqdım. Mən uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. O vaxt bizim dövrdə iki il stajı olmayan şəxs, xüsusilədə hüquq fakultəsinə sənəd verə bilməzdi. Mən də iki illik hərbi xidmətdən sonra Rusiyadan Azərbaycana qayıdıb, sənədlərimi Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti-red.) verdim. Hüquq fakultəsinə qəbul olundum. 
 
- Siyasətdə sizə qarşı  paxıllıq edənlər varmı?

- Təbii ki, bu istər-istəməz olmalıdır. Məsələn, siyasi dozumsüzlük və qısqanclıq səbəbindən  başqa adlarla "Facebook”da  haqqımda şərhlər yazırlar. Həm də konkret  bir arqument ortaya qoymadan. Amma bilirəm ki, bu sırf mənim siyasi mövqeyimə və peşəkar fəaliyyətimə olan qısqanclıqdan  irəli gəlir. O adamı da təxmini bilirəm kimdir. 20 ildən artıqdır ki, mən siyasətdəyəm. Hər kəsin dəsti-xəttini, istiqamətini gözəl bilirəm. Daşın harda atıldığını görürəm. (Gülür)
 
- Deyirsiz ki, paxıllığınızı çəkəni tanıyırsınız. Bu, Əli Kərimli deyil ki?

- Əli Kərimli artıq deqradasiyaya uğrayıb. (Gülür) Onun hazırda siyasətdə yeri və rolu yoxdur. O, artıq marginal bir fiqura çevrilib. İnsanın gərək həm çəxsi həyatda və peşəkar fəaliyyətində prinsipləri olsun. İnsanının özünün-özünə vurğunluğu çox pis cəhətdir. Bunun yanına kim gəlib, sonradan qaçıb. Ona görə yox ki, o müxalifətdədir. Xeyr. Sadəcə olaraq, bu adamın nə yüksək insani, nə tutarlı siyasətçi keyfiyyətləri yoxdur. Halbuki vaxtilə onunla eyni düşərgədə təmsil olunan bir çox dostları hazırda Milli Məclisdə təmsil olunur və Azərbaycanın ictimai-siyasi həyatında uğurlu fəaliyyət göstərirlər. 
 
- Bəs deyirlər, iqtidar onları yoldan çıxarıb?

- Xeyr. Belə deyil. Bunların biri, üçü, beşi pis olsun. Belə bir məsəl var: Dünyanı düzəldə bilmirsənsə, çalış özünü düzəlt. Əli Kərimli çalışıb özünü düzəltməlidir.

Dünənə qədər Kərimlinin Əbülfəz Qurbanlı adlı müavini var idi. Bəyanat verdi çıxıb getdi. Razı Nurullayev təhsilli bir insan idi. O da Əli Kərmlinin yanından bəyanat verib uzaqlaşdı. Bu insanları heç kim hansısa tərəfə çəkməyib. Görürlər ki, Əli Kərimli ancaq özünü düşünür. Bu gün Əli Kərimlinin yanında qalanlar ya məcburiyyətdən işləyib əmək haqqı alan insanlardır, ya da, bu və ya digər şəkildə qohumluq əlaqələri ilə ona bağlıdır. 

Deyir, gəlin sosioloji sorğu keçirək. Əli Kərimli, gəl çıxaq küçəyə, görək kimə neçə nəfər salam verir. Budur, əsl sosioloji sorğu. Yoxsa, hardasa hansısa sənədi yalandan doldurmaq sorğu deyil.
 
- Nə vaxtsa siyasətdən getməyi fikirləşirsinizmi?

- Onu tale göstərər. Bunu biz müəyyənləşdirmirik.
 
- Siyasətdə səhviniz olubmu?

- Səhvsiz insan yoxdur. Sadəcə Allah səhv etmir. Lakin əsas odur ki, insan gərək çalışsın özünün və başqalarının səhvlərini təkrarlamasın. Əksinə, səhvlərdən nəticə çıxarmaq lazımdır. 
 
- Bəs siyasətçi olmaq üçün insan hansı xarakterə malik olmalıdır?

- Siyasət də bir peşədir. Bu sahə üzrə fakültəni qurtarıb siyasətşünas olmaq mümkün deyil. Azərbaycanda televiziyalarda elə bir siyasətçi yoxdur ki, mən onunla canlı efirlərdə debatda olmayım. Debatda heç kəs sənin qarşına nəisə yazıb qoya bilməz. Canlı debatda insanın bütün keyfiyyətləri üzə çıxır. Təbii ki, siyasətçi olmaq üçün yaxşı təhsilin, mütaliən olmalı, dünya təcrübəsini izləməlisən. Çevik düşünüb, reaksiya vermək bacarığın olmalıdır. 
 
- Bəs, qarşı düşərgədən debatda özünüzə kimi rəqib görürsüz?

- Həzərəti Əlinin bir sözü var. Deyir, gözümlə gördüyüm, qarşımda duran heç kəsdən qorxmuram.(GÜLÜR)
 
- Mütaliəyə zaman ayıra bilirsinizmi?

- Mütləq. Bu olmasa, danışmaq mümkün deyil. Gündəlik qəzetləri və internet saytlarını, mütəmmadi olaraq keçmiş dövlət rəhbərlərinin taleyi, həyatı ilə bağlı kitablar  oxuyuram. Oxuduğum kitablar sırasında Azərbaycan tarixinə aid olanlar da çoxdur. Həmçinin, bədii ədəbiyyat da oxuyuram. 
Şənbə günləri "525-ci”, "Ədalət” qəzetlərində gənc yazarların dərc olunan şerlərini və hekayələrini izləyirəm. Yazıçı, şair üçün yazmaq indi daha rahatdır. Keçmişdə kolxoz, sovxoz və sosialist realizmindən  yazmağa icazə verilirdisə, bu gün yazıçıların bütün mövzularda  geniş yaradıcılıq imkanları var. Yazıçılar İttifaqının nəşrlərinə abunə yazılmışam. Rusiyada çap olunan kitab və jurnalları alıram. 
 
- Gənc politoloqların çıxışlarını izləyirsinizmi?

- Eləsi var ki, reallığı danışmır. Bilirsiniz ki, politoloq reallığı dərk etməlidir. Abstrak təfəkkürlə məsələ həll eləmək olmur. Məsələn, antik dövrdən bəri bir çox  klassiklərin sevimli mövzusu ədalətli bir dünya ideyası üzərində qurulmuşdu. Bütün bəşər tarixi bu arzusuna qovuşa bilmədisə, inanmıram ki, hansısa gənc politoloq bunun axırına gəlib çata bilər. (GÜLÜR) 
 
- Siyavuş müəllim, Bulvarda çox vaxt sizi tək gəzərkən görürük. Mühafizəçiniz varmı?

- Xeyr. Buna ehtiyac yoxdur. İnsanlar məni tanıyır. Bu vaxta qədər kiminsə malını, pulunu əlindən almamışam. Kiminsə haqqında təhqiredici ifadə işlətməmişəm. Ümumiyyətlə, çalışıram ki, başqa məsələləri siyasətə qatmayım.
 
- İdmanla məşğul olursunuz?

- Mən gənc yaşlarımdan idmanla məşğulam. Həmçinin, sərbəst güləş üzrə idman ustasıyam. Hazırda güləşmirəm. Amma başqa idman növləriilə də məşğul oluram. Bəzən mənə sataşmaq üçün yazırlar ki, Siyavuş Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. (Gülür). Bir nəfər mənə yaxınlaşıb görüşür, deyir ki, səni tanıyıram. Soruşuram hardan tanıyırsan? Deyir, Bədən Tərbiyyəsi İnstitunda bir yerdə oxumuşuq.(Gülür)
 
- Yəqin ki, idmanda yaxşı nəticələriniz olub...

- Bəli, olub. Mən əsasən hərbi xidmətdə olanda güləşlə məşğul olmuşam. Oradakı çempionatlarda iştirak etmişəm. İlk dəfə Naxçıvanda güləşmişəm. Respublika çempionatında iştirak etmək üçün xeyli mərhələ keçməli idin. Məktəb, rayon, Muxtar Respublika çempionatında iştirak edəndən sonra respublika çempionatında iştirak edə bilərdin. Bu, çox çətin idi. Maneələr törədirdilər. Hər klub istəyirdi ki, öz idmançıları irəli getsin. Təkcə güləşmək deyil, psixoloji mübarizəyə də hazır  olmalı idin. Gecikdirirdilər, yaddan çıxarırdılar, siyahıya salmırdılar. Amma mən bütün bunlara baxmayaraq nəticələr qazanmışam.
 
- Təşəkkür edirəm..
 
-Çox sağ olun..
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]