İqtisadiyyat

Xalq fəlakət içində, neft pullarını kimlər yağmalayıb?

6-09-2016, 21:06
Son günlərdə satış mərkəzlərində və iri marketlərdə ərzaq məhsullarının qiyməti bahalaşıb; Satışla məşğul olan şəxslər bunu Azərbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər...

Politika.Az xəbər verir ki, bir həftə ərzində siqaretin iki dəfə bahalaşması, ərzaq məhsullarının qiymətində artım qeydə alınması, süni qiymət artımına da yol verilməsi, banklarda dollar satışının dayandırılması ölkədə iqtisadi fəlakət mənzərəsi yaradıb. 

Hökumət rəsmiləri bu vəziyyət barəsində heç bir açıqlama vermir və ya situasiyanı şərh etmir. Xalq isə çaşqınlıq içərisindədir. Ona görə də iri marketlərə axın edən əhali qabaqcadan tədarük görməyə və qismən qənaət etməyə başlayıb. 

Ölkədə üçüncü devalvasiyanı dərisində hiss edən əhalidə narazılıq böyüməkdədir. Bu barədə demək olar ki hər gün media xəbərlər yayır və eləcə də Politika.Az ölkəni aclığa, işsizliyə sürükləyən məmurlar barəsində məlumatlar tirajlayır, real vəziyyəti təhlil edir. 

Görünən isə budur ki, getdikcə pisləşən iqtisadi vəziyyətlə əlaqədar hər hansı antiböhran tədbirləri nəzərdə tutulmur. 

"Mud Invester Servis” də Azərbaycanın ölkədəki kapital üzərində müəyyən nəzərəti formalaşdırmalı olduğunu bildirib. 

Təşkilat həmçinin keçmiş sovet ölkələri arasında ən böyük maliyyə krizisinin məhz Azərbaycanda olduğunu qeyd edib. Məqalədə o da bildirilir ki, pul-krediti siyasəti ölkədə özünü doğrultmayıb. Eyni zamanda, ölkədə dollar qıtlığı mövcuddur. 

Bu fəlakətli siyasətin kökü məhz neft gəlirlərindən ölkəyə böyük kapital axını olanda məmurlar tərəfindən talanmasıdır. 

Ölkənin iri fiqurları, iri ranqlı nazirləri və iqtisadi qruplaşmalara bölünən klanları arasında gedən rəqabət nəticəsində milyardlar mənimsənilib, əhali borc içində qalıb. 

Elə Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin ofşora 5 milyard çıxarması bariz nümunədir ki ölkənin sərvətləri yağmalanıb. 

Xəzər sahillərini hasarlayıb saraylar tikdirənlər, rayonlarda milyonları dağıdanlar, Avropada əmlaklar alanlar, monopoliyadan varlananlar, neft pullarını daşa-divara hörənlərin fəaliyyəti nəticəsində ölkə iqtisadi fəlakətlə üzləşib. 

Nə qeyri-neft sektoru inkişaf etdirildi, nə neft gəlirləri təyinatı üzrə faydalı istifadə olundu və yekunda xalqın indiki ağır durumunu dəyişəcək heç bir real sosial islahat yoxdur. Bəs, baiskar olan məmurlar kimlər idi? 

Politika.Az xəbər verir ki, şişirdilmiş smeta dəyərinə körpü-yol tikən nəqliyyat naziri Ziya Məmmədov, Bakını alt-üst edib, mərmərlərə, parklara pul töküb maxinasiyalarla varlanan mer Hacıbala Abutalıbov, SOCAR rəhbərliyində oliqarxa çevrilmiş, Avropanın hər köşəsində villaya sahiblənmiş yetkililər iqtisadi fəlakətin təqsirkarlarıdır. 

Həmçinin, susqun nazir Şahin Mustafayevin rəhbərlik etdiyi Sənaye və İqtisadiyyat Nazirliyinin yarıtmaz fəaliyyətini qeyd etmək olar. 

Eləcə də "Caspian Drillinq Company Ltd” şirkətinin 4 nəfərlik rəhbərliyi SOCAR prezidenti Rövnəq Abdullayev də daxil olmaqla dövlət şirkətinin 11 nəfərlik idarəedicilərindən 8 dəfə çox rəsmi gəlir götürürlər. 

Bundan əlavə, büdcədən ən böyük pay Nəqliyyat Nazirliyinə məxsus idi. Elə xərclər var ki, 2006-ci ildən indiyədək davam edərək, fantastik həddə çatıb. I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi İdman və Gənclər Nazirliyinin də xərcini 3 dəfə artırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]