İqtisadiyyat

Dollar 1.70-i ötdü

4-09-2016, 00:15

Banklar dollar və avro satışını on gündür dayandırıblar; Mərkəzi Bank xarici valyuta qıtlığı ilə bağlı vəziyyəti şərh etmir 

 

Milli valyuta olan manatla bağlı vəziyyət pisləşməkdədir. Sentyabrın 2-də ölkə banklarında dolların satış qiyməti 1,70-i ötüb. Bankların əksəriyyəti satış kursunu 1,7010-1,7016 səviyyəsində açıqlayıb.  Yeri gəlmişkən, banklar dollar və avro satışını on gündür ki, dayandırıblar. Mərkəzi Bank isə xarici valyuta qıtlığı ilə bağlı vəziyyəti şərh etmir.

Kommersiya banklarının xarici valyuta satışı ilə bağlı vəziyyət gərgindir. Bankların bir hissəsi valyuta satışını ya dayandırıb, ya da sərt limit qoyub. Müvafiq maliyyə strukturları banklarda dollar qıtlığına və bununla bağlı yaranan təşvişə rəsmi reaksiya vermirlər. Mərkəzi Bank "Turan”ın valyuta qıtlığı və vəziyyəti yaxşılaşdırmaq üçün görülən tədbirlər barədə sorğusuna cavab verməyib. Maliyyə Bazarlarına Nəzarət Palatasında qeyd ediblər ki, onlar bankların kommersiya siyasətinə qarışmır, 4 faiz marjaya nəzarət edirlər. Bununla belə, Palatada qeyd ediblər ki, əksər kommersiya banklarının valyuta satışından imtinası ilə bağlı əhali arasında təlaşın mövcud  olduğunu hesab etmirlər. 

İqtisadçı alim Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatın kəskin ucuzlaşacağı real görünmür: "Manatın keçən ilin fevral və dekabr aylarında olduğu kimi, birdən-birə kəskin ucuzlaşacağı real görünmür. Əslində manatın üzən məzənnəyə keçirilməsindən sonra heç buna ehtiyac da qalmır. Zəruri olan halda bazar özü valyuta birjası vasitəsilə manatın məzənnəsini tənzimləyə bilər. Xüsusi indikator rolunu oynayan ”qara bazar" isə vəziyyətin nəbzini özünəməxsus qaydada daha həssas bir şəkildə müəyyən edir. 

Sentyabrın 2-də "qara bazar”da artıq 1 dolların 1 manat 81 qəpiyə satılması faktının qeydə alındığı bildirildi. Mərkəzi Bankın rəsmi kursu isə bu günə 1 dollar üçün 1 manat 63 qəpik ətrafındadır. Deməli, qara bazarla rəsmi məzənnə arasında fərq 18 qəpik cuvarındadır. Bu, çox ciddi kənarlaşmadır. Bilmirəm Mərkəzi Bankın rəhbərliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası vəziyyəti necə qiymətləndirirlər. Ancaq rəsmi məzənnə ilə qeyri-rəsmi məzənnə arasında belə uçurum ciddi narahatçılıq üçün bir əsasdır. Bu vəziyyəti yetirən əsas səbəblərdən biri də budur ki, son günlər banklar xarici valyuta satışını tam dayandırıblar. Bunu görən "qara bazar”dakı möhtəkirlər isə yaranmış vəziyyətdən maksimum yararlanmaq qərarı veriblər".

Ekspertin sözlərinə görə, bütün dünyada gedən iqtisadi tənəzzülün bizdən də yan keçmədiyi bir dönəmdə manatın məzənnəsində bəzi yumşalmaların baş verməsi təbii bir haldır: "Neftin qiymətlərində baş verən kəskin ucuzlaşmalardan sonra ölkəyə daxil olan valyutanın həcminin əsaslı şəkildə azalması nəticə etibarılə tədiyyə balansımızdakı müsbət saldonun mənfi saldoya çevrilməsinə gətirib çıxardı. İndi qarşıda duran əsas vəzifə iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməklə bu sektordan ixracın həcminin artırılmasına nail olmaqdan ibarətdir. Bu hesaba daxil olacaq valyuta gəlirləri ölkənin tədiyyə balansındakı kəsrin aradan qaldırılmasını təmin edə biləcəkdir. Bu variantın alternativi yoxdur. Yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə kordinal arrımların atılmasına ehtiyac var. 

Hesab edirik ki, yaxın iki il ərzində real sektorda iki minə qədər kiçik və orta müəssisənin yaradılmasına ciddi ehtiyac var. Bu məqsədlə Neft Fondunun vəsaitlərindən 5 milyard dollara qədər vəsaitin çıxarılaraq dediyimiz məqsədə istifadə edilməsi çox yerinə düşərdi. Bu yolla yaxın bir neçə ilə tədiyyə balansındakı vəziyyətin tarazlaşdırılması mümkün ola bilər. Əks halda, manatın getdikcə dəyərdən düşməsi, inflyasiyanın sürətlənməsi və əsas makrogöstəricilərin pisləşməsi baş verər ki, bu da arzuolunan deyil. Digər tərəfdən, manatın məzənnəsində baş verən ucuzlaşmalar birbaşa qiymətlərə təsir edir. Xüsusilə da xaricdən möhkəm valyuta ilə alınıb gətirilən malların qiyməti dərhal qalxır. Təəssüf ki, belə qiymət artımları təkcə xaricdən alınıb gətirilən mallara şamil edilmir, yerli xammal əsasında daxili istehsalla məşğul olan iş adamları da sonradan tədricən öz məhsullarının qiymətlərini eyni səviyyədə qaldırırlar”.

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, manatın kəskin dəyər itirməsinin qarşısını almaq olar: "May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb. Dollara tələb yüksəkdir, bu isə nəticədə onun valyuta bazarımızda bahalaşmasına səbəb olur. Əgər banklar hərraca 700 milyon dollara təklif ilə gedirlərsə və həmin auksiondan sadəcə 50 milyon dollar aparırlarsa deməli, ABŞ pulu bahalaşmalıdır və nə qədər ki, tələb ilə təklif arasında bu disbalans var, dollar möhkəmlənməkdə davam edəcək. Hərraca son zamanlar yalnız Dövlət Neft Fondunun çıxması, Mərkəzi Bankın son aylar pul xərcləməməsi ondan xəbər verir ki, baş bank prosesə müdaxilə etməkdə maraqlı görünmür. Təbii ki, 15 milyard dollarlıq valyuta ehtiyatlarının cəmi 4 milyardan bir az artığını qoruyub saxlayan Mərkəzi Bankın ehtiyatlı davranışı anlaşılandır. 11 milyard dollar pul xərcləyən amma hələ də manatın kursunu stabilləşdirə bilməyən Mərkəzi Bank üçün güman ki, indi daha prioritet məzənnə siyasətini dəyişmək olacaq. 

Aydındır ki, tənzimlənən üzən məzənnə siyasəti səmərəli deyil. Amma Rusiya və Qazaxıstanda olduğu kimi, liberal məzənnə siyasətinə keçid də riskli görünür. 2016-cı ilin ötən aylarında hərraclara 3,03 milyard dollar çıxaran Dövlət Neft Fondu isə sadəcə öz büdcə öhdəliklərini yerinə yetirənədək hərraclara çıxacaq. 

Deməli, manatın məzənnəsi ilə bağlı iki mümkün yol var. Birincisi, Mərkəzi Bank mövcud tənzimlənən üzən valyuta rejimini davam etdirəcəksə, o zaman mərhələli şəkildə dollar möhkəmlənəcək. Bu məzənnə siyasəti son üç ayda dolların manata nisbətən hər 100 dollarda 25 manat möhkəmlənməsinə səbəb olub. İkincisi, Mərkəzi Bank məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir. Bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. Mərkəzi Bank yəqin ki, gec-tez liberal məzənnə siyasətinə keçəcək. Amma bunu nə zaman edəcək, proqnozlaşdırmaq mümkün deyil. Çünki bu, inzibati qərardır. 

Amma dollara tələb ilə təklif arasındakı gündəlik 14 dəfəlik fərq hər iki mümkün yolda dolların möhkəmlənəcəyindən xəbər verir. Manatın yenidən kəskin dəyər itirməsinin qarşısını valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilərək banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsi ilə almaq olar. Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu bir tərəfdən imkan verəcək ki, sahibkarlar güzəştli kredit alsınlar və real sektora ”isti pullar" daxil olsun, digər tərəfdən xarici valyutaya olan tələb qarşılanacaq və təklif ilə tələb arasında balans bərpa ediləcək. Nəticədə bu zaman Mərkəzi Bank artıq daha az itkilər ilə liberal valyuta rejiminə keçə bilər. Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar".

Administratorla əlaqə

077 611-55-22

[email protected]