Gündəm

Müsavat Partiyası mitinq qərarı verdi

31-08-2016, 13:25

Referendumla bağlı təşviqat kampaniyasına üç gün sonra başlanacaq

 

Konstitusiya dəyişiklikləri üçün sentyabrın 26-da keçiriləcək referenduma 26 gün qalıb. Sentyabrın 3-dən isə referendumla bağlı təbliğat-təşviqat kampaniyasına rəsmi start veriləcək. Sentyabrın 26-na təyin edilmiş ümumxalq referendumun hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermənin başlanmasına 24 saat qalanadək aparılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

 Təbliğat-təşviqat kampaniyasının aparılması üçün "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq şəhər və rayonlarda müəyyən edilmiş açıq və qapalı yerlər müəyyənləşdirilib. Şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer (ümumilikdə 256 yer) müəyyən edilib. 

Sentyabrın 3-dən referendum üzrə MSK-da qeydə alınmış təşviqat qrupları təbliğat-təşviqata başlaya bilərlər. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç - "Yeni Azərbaycan”, "Bələdiyyə” və "Vətəndaş Cəmiyyəti” təşviqat qruplarını qeydə alıb. Yeganə müxalifət mövqeyində olan təşviqat qrupu-Müsavat Partiyasının yaratdığı "Respublika” təşviqat qrupu isə qeydə alınmayıb.  Qeydə alınan təşviqat qruplarının açıq havada kütləvi aksiyalar keçirəcəyi gözlənilməsə də  Müsavat Partiyası sentyabr ayında mitinq keçirməyi planlaşdırır. Bu barədə partiyanın başqanı Arif Hacılı dünən keçirdiyi mətbuat konfransında məlumat verib. O qeyd edib ki, mitinqin keçirilməsi ilə bağlı qərar qəbul olunub və mitinq komitəsi yaradılıb. Mitinqin keçirilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla müzakirələr aparılacaq. Müzakirələr mitinqin birgə təşkili üçün keçiriləcək. Aksiyaların referendumdan öncə və sonra keçirilməsi nəzərdə tutulub.

Telekanallar isə sentyabrın 26-na təyin edilmiş referendumla bağlı ödənişli təşviqat aparılması üçün tarif cədvəlini açıqlayıb.

Ödənişli təşviqat üçün ən bahalı efiri "Xəzər” televiziyası müəyyənləşdirib. Məsələn, bu telekanalda saat 19.00-dan sonra 5-7 dəqiqəlik efir vaxtı üçün 8000 manat tələb olunur.
İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla, efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla, efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.

"Lider” TV, Azad Azərbaycan Televiziyası da ödənişli efir vaxtının qiymətini açıqlayıb. Bu telekanallarda da qiymətlər təxminən yuxarıdakı kimidir. 

E.SEYİDAĞA

Administratorla əlaqə

077 611-55-22

[email protected]