İqtisadiyyat

Nazir müavini vergi sistemindəki rüsvayçı durumu necə etiraf etdi?

28-08-2016, 18:59
Borc içində batan sahibkar və qəpik-quruş ödəyən müğənni
Ötən yazımızda vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş fiziki və hüquqi şəxslər haqqında məlumat vermişdik. Məlum olmuşdu ki, 313 hüquqi, 283 fiziki şəxs vergi borcuna görə ölkədə girov saxlanılır. Biz də bildirmişdik ki, bu adamları ölkədə saxlamaqla büdcəni doldurmaq, yaranmış problemi həll etmək mümkün deyil. Yazmışdıq ki, adamları girov saxlamaq əvəzinə, ölkəni girovluqdan azad etmək gərəkdir.


Amma Vergilər Nazirliyindən verilən növbəti açıqlamalar vəziyyətin daha ağır olduğunu göstərir və hökumətin təbliğatını bir daha ifşa edir. Vergilər nazirinin müavini Sahib Ələkbərov deyir ki, ölkədən çıxışına qadağa qoyulmuş hüquqi və fiziki şəxslərin ümumilikdə 1.6 milyard manatdan çox borcu var.

Hökumət bir tərəfdən aparılan uğurlu siyasətdən, əldə edilmiş nailiyyətlərdən, 2016-cı ilin birinci yarısının müsbət nəticələrindən danışır, o biri tərəfdən bütün sahələrdəki rüsvayçı vəziyyət etiraf edilir.

Axı, bu necə inkişafdır ki, problemli kreditlərin həcmi 1 milyardı ötüb, əhalinin 2.5 milyonu borc içindədir, banklar iflas səbəbindən bağlanır, sahibkarlar vergi borcunu ödəyə bilmir? Əgər ölkədə münbit şərait varsa, sahibkarlara imkan yaradılıbsa, insanlar rahat şəkildə qazana bilirsə, Vergilər Nazirliyi niyə vergiləri yığa bilmir? Axı, Vergilər Nazirliyi üçün yığım etmək çətin deyil? Necə olur ki, kiçik bizneslə məşğul olan sadə vətəndaşdan illik vergi yığılır, necə olur ki, səbəbsiz yerə adamlara vergi cərimələri yazılır, amma biznes nəhənglərindən vergi almaq mümkün olmur?

Yəni vəziyyəti hansı tərəfdən şərh etsək, ölkədəki eybəcər mənzərənin şahidi olacağıq. Vergilər Nazirliyi də etiraf edir ki, bu ölkədə iş adamlarının da vergi ödəmək imkanı yoxdur. Yaxud etiraf edirlər ki, nazirlik öz missiyasını yerinə yetirə bilmir.

Nazir müavini daha sonra bildirib ki, vergi sistemində dəyişikliklər olacaq və bu dəyişikliklər yanvarın 1-də qüvvəyə minəcək.

Yenə də imitasiya, yenə də problemin səbəblərini bir tərəfə atıb vətəndaşı sıxmağın yollarını axtarırlar.

Vergi sistemində dəyişiklik edilməsi nəyə xidmət edəcək? Vergi sistemində hansısa dəyişiklik sahibkarın ödəmə qabiliyyətini artıra bilərmi, neqativləri aradan qaldırmağa qadirdimi? Əlbəttə, yox.

Nə qədər ki, ölkədə münbit şərait yaradılmayıb, neqativ ənənələr qüvvədədir, hökumət köklü islahatlara start verməyib, heç bir dəyişiklik uğura apara bilməz. Vergi sisitemindəki dəyişiklik korrupsiyanı ləğv etməyəcək, sahibkarı əlavə ödənişlərdən xilas etməyəcək və deməli, daha çox vergi yığımını da təmin etməyəcək. Əksinə, qanunlar sərtləşdikcə, vergi ödəyiciləri azalacaq. Faktiki olaraq ölkədəki eybəcər vəziyyətə görə yüzlərlə iş adamı qonşu plkələrə pənah aparır, Gürcüstanın, Türkiyənin büdcəsinə töhfə verir.

Nazir müavini onu da bildirib ki, Azərbaycanda 6347 şou-biznes nümayəndəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçib və onlar əvvəllər ildə 46-50 min manat həcmində vergi ödəyiblər.

Belə çıxır ki, bu müğənnilər ildə 8-9 manat vergi ödəyirmişlər. Bəli, 6347 müğənni ildə 50 min manat ödəniş edibsə, nəticədə gülməli rəqəm ortaya çıxır.

Görəsən, Vergilər Nazirliyi nə işlə məşğul olurmuş ki, uzun illər ərzində bu müğənnilər vergi ödəməyib? Vergilər Nazirliyi uzun illərdi bu müğənnilərin fəaliyyətindən xəbərsiz olub, televiziyada bağlarını, maşınlarını reklam edən müğənniləri izləməyiblər? Əvvəllər bu müğənnilərin nə qədər qazandıqlarını bilməyiblər? Ələbəttə, xəbərləri olub. Sadəcə olaraq uzun illər məqsədli şəkildə vergi yığımı həyata keçirilməyib. Neft pullarının ölkəyə axını hesabına boşluqar doldurulub. Deməli, neft qiymətdən düşməli, ölkə uçurumun dibinə enməliydi ki, Vergilər Nazirliyi müğənnilərdən vergi tələb etsin. Təbii ki, bu məsələdə başqa məqamlar da var və bu məqamlara görə xeyli məhşur müğənnilər toxunulmazlıq qazanıb.

Amma istənilən halda bu qədər qazancı olan şəxsin vergidən illərlə yayınması Vergilər Nazirliyinin bir qurum kimi fəaliyyətsizliyinin, yarıtmazlığının nəticəsidir. Sadə vətəndaşın balaca köşkündən zəli kimi yapışanlar, müğənnilərdən illər ərzində, demək olar, vergi almayıblar. Əslində, problem təkcə müğənnilərlə də məhdudlaşmır. Bu ölkədə vergidən yayınan, vergi ödəməyən xeyli iri biznes strukturları, dövlət qurumları var. Vergilər Nazirliyi isə büdcəyə daha çox töhfə verəcək ünvanları görməzdən gəlib, xırda sahibkarı, əlinin qabarıyla dolananları hədəf seçib.

Istənilən halda nazir müavininin dedikləri ölkənin idarə edilmədiyinin, qanunsuzluğun, rüsvayçılığın etirafıdır.

Samir

Administratorla əlaqə

077 611-55-22

[email protected]