Siyasət

Şəhidlərimizə hörmətsizlik edən NAZİRLƏRİMİZ

18-08-2016, 03:43
Şəhidlərimizə hörmətsizlik edən NAZİRLƏRİMİZ
Olanları  cəmiyyətdə məmur özbaşınalığını qiymətləndirmək üçün test indiqatoru da hesab eləmək olar.

Deməli, haqqı tapdanan, ədalətsizliyin qurbanı olan, faciə girdabına atılanların sayı az deyil. Eldar Mahmudov nümunəsi təklikdən kənardı, digər nazirlik və dövlət orqanlarında da mahmudovsayağı işlər var. Fərq bundadır ki,  Eldar Mahmudov varlı, pullu adamların, məmurların boğazına çökəndə, hələ də dövlətin rahat kreslolarında əyləşənlər yazığın, yetim-yesirin, gününü qara edirlər. Əmək və Əhalinin Sosial Müdafə Nazirliyi belə işlərin birincisidir. Ya haqq deyib fəryad edənlərə aidiyyatı vəzifə sahibləri laqeyd yanaşırlar. Ondan sonrası Müdafiə Nazirliyi, SHXÇDX- i də digər nazir qardaşlarından geri qalmırlar. 

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anasının yaşadığı həyat dramı bu cəmiyyətdə baş verənlərin testi deməkdir, desək qətiyyən yanılmarıq. Miq.az saytının əməkdaşı şəhid anasının işindəki  durumu yenidən nəzərdən keçirmək, olanlara ayna tutmaq qərarına gəlib. Başlanğıcda ordan başlayaq ki, müraciətlərin aidiyyatı şəxslərə çatdırılması poçt vasitəsilə mümkün olduğundan Əsli xanım Muradovanın da ilk olaraq üz tutduğu yer «AZƏRPOÇT» MMC-nin Bərdə rayon şöbəsi olub. Göndərdiyi məktubların bir qisminin alınmasını təsdiq edən xəbərnamələri alsa da, bir çoxunun xəbərnaməsini ala bilməyib. Şəhid anası bir çox dövlət orqanlarına məktublar yollasa da onlardan bir çoxunun xəbərnaməsi geri qayıtmayıb. Aydındır ki , vətəndaşın hüquqları məhz elə buradan pozulmağa başlayıb. Artıq pul ödəyib, məktubunun ünvanına çatdığına  əmin olmaq istəsə də, bu tam təmin edilməyib.

Şəhid anası Əsli Muradovanın yazdığı məktubların məğzi kiminsə quyusunu qazmaq, kiminsə qatırını hürkütmək  yox, özünün qarşılaşdığı haqsızlığı əlaqədar təşkilatlara, başbilənlərə, hüquq- mühafizə orqanlarına çatdırmaqdan ibarət olub. Oturduğu yerdə bəlaya düşən ana haqsızlığa uğradığını, şər- böhtana məruz qaldığını aləmə car çəkməkdən başqa çarəsi qalmayıb,  bundan ötrü dəridən qabıqdan çıxmalı olub.

Qeyd edək ki, Əsli Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin 27 dekabrında Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub. 172 saylı hərbi hissənin komandiri, Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun imzaladığı, möhürlədiyi xəbərnamə-bildirişdə də əsgərin- Azərbaycan Respublikasının müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub – deyə xüsusi qeyd əksini tapıb. Buna müvafiq olaraq Bərdə rayon icra hakimiyyətinin başçısının sərəncamıyla əsgər Mübariz Muradovun anasına şəhid ailəsi statusu verilib, eyni adlı vəsiqəylə təmin edilib. Bərdə rayon ƏSMM-də də həmin əsaslar üzrə şəhid ailəsi kimi qeydiyyata götürülüb. 2007-ci ildə bir il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına uyğun olaraq şəhid ailələri üçün verilən prezident təqaüdü alıb. 2008-ci ildə Bərdə ƏSMM yenidən şəhidliyi təsdiq edən arayış tələb edib. Belə desək, Bərdə rayon icra hakimiyyətinin sərəncamı nə məhkəmə, nə də yuxarı instansiyalı dövlət orqanının hər hansı qərarı ilə ləğv edilmədiyi halda Bərdə ƏSMM- qeyri qanuni hərəkətiylə şəhidin statusunu dayandırıb. Ən pisi də odur ki, şəhid anasına belə desələr də, başlarından edib, yola salandan sonra şəhid təqaüdünü alıb aybay həzmi rabedən keçiriblər.

 Şəhid Mübariz Muradov

 Nəhayət, 2014-cü ilin noyabrında Bərdə ƏSMM olanlardan xəbərsiz kimi şəhid anası Əsli Muradovaya məktub göndərib, sizin sənədlərin arasında şəhidliyi təsdiq edən məlumatın olmadığı bildirilir , hərbi komissarlıqdan arayış tələb edilir. 
Bərəkallah. 2008-ci ildə bunu demişdilər axı.Əsli Muradova  məktubu bir anlaşılmamazlıq kimi başa düşür. Ciddi qəbul etmir. Daha doğrusu heç nə başa düşmür. Bir xeyli keçəndən sonra isə əsl həqiqətdən agah olur. ƏSMM-nin lotuları baxmayıblar ki, göz yaşları ilə yuyulubdu, ya bir şəhidin qan puludu, nə vicdanlarından, nə də allahlarından ar eləmədən şəhid təqaüdünü bu haqqa sahib olan kimi aybay alıb götürüblər. Kim aldığını soruşanda da ƏSMM rəsmiləri barmaqlarını Əsli Muradovaya tuşlayıblar. Sən almısan!
 
Çarəsiz qalan, eşitdiklərindən şok olan ana Əsli Muradova  birinci gümanı gələn ölkə başçısı cənab prezidentimiz İlham Əliyev olur. İkincisi hamının ümidgahına çevrilən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva. Üzləşdiyi haqsızlığı bir-bir anladan məktub yazır. Ədalətin bərpasına görə kömək istəyir. Millət vəkili Zahid Oruca, millət vəkili Azay Quliyevə, Respublikanın baş prokururuna, Müdafiə Naziri, Daxili İşlər Naziri və digər şəxslərə müraciətlər edir. Müraciətlərə cavab ləngidiyindən məsələ KİV-lərə çıxır. 


ƏƏSM nazirliyi anındaca, olduqca operativ Əsli Muradovanın müraciətinə reaksiyasını ləngitmir.İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev şəhid təqaüdünün ağbirçək ana Ə. Muradovanın şəxsən özü tərəfindən alındığını, pulu geriyə qaytarmadığından yalan danışdığını deyir.
Az keçmir ki, Əsli Muradova Bərdə ƏSMM-yə dəvət olunur. Mərkəzin baş mühasibi tərəfindən ona nazirliyin müraciəti əsasında kapitalbankın bankomatına baxıldığını, kartla pul çıxaranların təsvirlərinin aşkar edildiyini, pulun çıxarılmasının ona aidiyyatının olmadığı bildirilir. Nazirlik adından pulun alınmadığına dair notarial imza təsdiqiylə izahatda alınır.

Müdafiə nazirliyinin cavabından da görünür ki, şəhidin aləsininin problemini aradan qaldırmaqda köməklik göstərilməsindən əsla belə söhbət gedə bilməz. Ən pisi də odur ki, nazirlik tabeliyində olan 172 saylı hərbi hissənin verdiyi arayışı nəzərə alıb, şəhidin statusuna dair söhbətlərə son qoymur. 
SHXÇDX-də ardıcıl iki dəfə müraciət edilib. Əvəzində müdafiə nazirliyinə müraciət etdiklərini, cavab gözlədiklərini, şəhid statusuna yenidən baxılacağını bildiriblər.
Göründüyü kimi Müdafiə Nazirliyi və SHXÇDX-i əsgəri ordu sıralarına sağlam çağırıb, nəşini anasına təhvil veriblər. Bəlkə cənab Zakir Həsənov və Arzu Rəhimov inkar edələr ki, ümumiyyətlə Mübariz Muradov adında şəxs hərbi xidmətə çağrılmayıb. Çox şükürlər olsun ki, insaf eliyirlər, belə demirlər. Çağırıblar. Özü də sağlam çağırıblar. Əvvəl şəhid adı verdikləri əsgərlərinə durub-durub, illərdən sonra şəhidliyi təsdiq edən arayışı əsirgəmək ayıbdanda aybdır, vallah! Ona görə də Əsli Muradovaya verdikləri cavablar məqbul sayıla bilməz.

Baş prokuror Zakir Qaralov, Daxili İşlər Naziri Ramil Usubov da olanlardan məlumatlandırılıb. Lakin təəssüf doğuran haldır ki, vətədaş hüquq və azadlıqlarının baş müdafiəçiləri, qanunların  qarantı olanların heç biri Əsli Muradovaya tuşlanan qara əlləri kəsib atmağa heç bir halda belə səy etməyib. Əsli Muradovanın qırıq könlünü, yaralı qəlbini qanadan üzdəniraqların cinayət məsuliyyətinə cəlb edilməsi, məhkəmə qarşısına çıxarılması barədə tədbir görülməyib.

Nəticədə məhkəmə qarşısına Əsli Muradovanın özünü çıxarıblar.İmza nümunələrini alıblar. Ekspertizaya göndərsinlər, görsünlər, doğrudanmı şəhid təqaüdünü alan özüdür, ya başqası. İş üzrə hakim Əhməd Sarıyev haqqında, insafən deyək ki, çoxları yaxşı fikirlər söyləyirlər. Deyirlər ki, yerində olan hakimlərdəndir. Ədalətlidir. Əlində olan işi elə- belə buraxmaz. Axırınacan gedəndir. Şəhid anası Əsli Muradovanın da tək ümidi indi Əhməd Sarıyevin ədalətinə  qalıb.

Son günlər  şəhid ailələrini incidən, yaralarını qanadan bir çox hallar  demək olar ki, saytların gündəmindən  düşmür. Şəhid polkovnik –leytnant Raquf Orucovun ailəsinə göstərilən münasibət, Xızı rayonunda  balasının məzar daşını dəyişdirdiyinə görə şəhid ailəsinin hədə- qorxu və təhqirə məruz qalması, Zərdab rayonunda şəhid məzarı üzərində qaldırılan bayrağın açılıb atılması bütün bunlar hansı anlama gəlir görəsən? Bəlkə bütün bunlar dövlətçilik və hakimiyyət əleyhinə yönələn təxribatların başlanğıcıdır . Məlumdur ki, cəmiyyət üçün şəhiddən  başqa ikinci həssas məsələ ola bilməz. Kəmfürsətlərə də elə bu lazım deyilmi? Həssas olan yerdən vursunlar.
Məsələnin bir tərəfi də var ki, şəhid anası Əsli Muradovanın başına gələnlər son olanlara görə bir presedent də ola bilər. Şəhid ailəsinə qarşı edilən haqsızlığın bu günə qədər aradan qaldırılmaması məhz bu günkü eybəcər, əxlaqsız əhvalatların ortaya çıxmasına səbəb olub. Haqqında danışılan və son günlər olanlara görə günahkarlar layiq olan cəzanı almasa, görünür bundan da betər işlər baş verəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]