Yaşam

Azərbaycanda burun əməliyyatları neçəyədir? - ARAŞDIRMA

17-08-2016, 01:08
Azərbaycanda burun əməliyyatları neçəyədir? - ARAŞDIRMA

Burnunun quruluşunda problem olan, burnunun özünə yaraşmadığını düşünən, burundaxili funksiyalarda çatışmazlıq hiss edən, qısaca burnundan narazı olan insanlar kifayət qədər çoxdur. Əvvəlki illərə nisbətən son zamanlar vətəndaşlar bu komplekslərindən qurtulmaq üçün sıraya düzülüblər.

AZXEBER.COM olaraq bu dəfə ölkəmizdə çalışan, ən çox müraciət olunan, ən çox razı qalınan plastik cərrahları və əməliyatın qiymətlərini araşdırdıq.

"Rinoplastika” nədir?

" Rinoplastika ” günümüzdə ən çox müraciət edilən estetik əməliyyatlardandır. 

Rinoplastika- bu, plastik cərrahiyyənin yalnız olmayan burnun və onun hissələrinin qüsurlarının canlı toxumalarla əvəz edilməsi yolu ilə yenidən bərpa edilməsi üsullarını deyil, həm də burnun anadangəlmə və qazanılmış düzgün olmayan formalarının cərrahi yolla düzəldilməsi üsullarını öyrənən bölməsidir. Rusiyalı professor P.İ.Dyakonov bu cərrahi müdaxilə haqqında yazırdı: "Rinoplastika adı ilə də məşhur olan eybəcərləşdirilmiş burnun düzəldilməsi əməliyyatı plastik cərrahiyyənin ümumi qaydalarının əməli surətdə tətbiq edilməsinin xüsusi hallarından biridir”. Plastik əməliyyatın qarşısında duran məsələ embriogenez mərhələsində və ya hər hansı bir xəstəlik və yaxud da mexaniki (travmatik) zədələnmə nəticəsində pozulmuş düzgün formaların bərpa edilməsindən ibarətdir.

Rinoplastika XIX əsrin əvvəlində avropalı cərrahlar tərəfindən qəti şəkildə qəbul edilmişdir. İngiltərəli cərrah C.K. Karpyu (J.C.Carpue) burunun bərpa edilməsi texnikasını Kəlküttədə mənimsəmişdir. O, Londonda cərrahi təcrübə ilə məşğul olaraq, rinoplastika texnikasını təkmilləşdirmişdir. Alman cərrahı Karl Ferdinand fon Qrefe (ata) (Carl Ferdinand Graefe, 1787-1840) 1811-ci ildə yanaq dərisindən qismən rinoplastika əməliyyatı icra etmişdir, o, yaxınlıqda yerləşən sahələrindən dəri götürərək kiçik qızın burnunun ucunu bərpa etmişdir. Almaniyada rinoplastikanın yeni üsullarını mənimsəməyə başlamışlar. 1816-cı ildə Qrefe Q.Talyakossanın metodu üzrə burnu bərpa etmişdir. Yeni italyan metodu dirçəlməyə başlamışdır. Qrefenin digər bir xidməti də ondan ibarətdir ki, o, rinoplastikanın italiyan üsuluna cərrahların əvvəlki diqqətini qaytarmış və rinoplastikanın yeni metodlarının meydana gəlməsinə səbəb olmuşdur. Qrefenin yeni italyan üsulu və Kapryunun hind üsulu aseptik dövrə qədər Avropada cərrahlar tərəfindən geniş surətdə tətbiq edilməyə başlanmışdır. Bu cərrahlar parça kəsilməsi texnikasına öz təkmilləşdirmələrini daxil etmişlər. Məsələn, məlumdur ki, Byunger 1823-cü ildə bir xəstənin budundan dəri parçası kəsmiş və onu buruna köçürmüşdür; ancaq dəri parçasının böyük bir hissəsi ölgünləşmişdir, lakin toxumanın qismən bitişməsi də baş vermişdir. Ancaq yalnız İohann Fridrix Differbax (Dieffenbach Johann Friedrich, 1792-1847) cərrahlara müxtəlif xəstəlik formalarında plastik cərrahiyyənin əsaslarını tətbiq etməyi öyrədərək plastik cərrahiyyəyə yüksək dəyər gətirmiş və bu məsələyə istənilən halda yalnız ikinci dərəcəli rol oynayacaq kosmetik baxımdan yanaşmaqdan vaz keçmişdir. Sonuncu və bir çox baxımdan heç də az əhəmiyyət daşımayan addım zədələnmiş və ya kifayət qədər inkişaf etməmiş hissələrdə (xüsusilə də burun və damaq nahiyəsində) çatışmayan sümük əsasını yerinə yetirmək üçün plastik əməliyyatlar zamanı ilk dəfə sümük üstlüyündən (sümüyün üstünü örtən birləşdirici toxuma qişası) istifadə edilməsində yaxşı nəticə əldə edən Bernqardt Rudolf Konrad f. Langenbek (B.R.K.Langenbeck, 1810-1887) tərəfindən atılmışdır. O, sümük üstlüyünün sümüyün regenerasiyasında fəal surətdə inkişaf etməsinə əsaslanmışdır. B. Langenbek burun dəlikləri və çəpəri üçün alından ikiqat artırmaq üçün uclarında üç ağızlı parça kəsmiş, bundan başqa bu parçanı alında çəpinə vəziyyətdə yerləşdirmişdir. Amerikalı C.Rok 1887-ci ildə burun ucunun düzəldilməsi üzrə əməliyyat icra etmiş və əməliyyatın nəticələrini onun aparılması texnikasının təsviri ilə birlikdə dərc etdirmişdir. Rusiya imperiyasında rinoplastika problemləri ilə N.İ.Piroqovun V.A.Karavayev, A.A.Kiter, P.Y.Nemmert və b. kimi tələbələri və ardıcılları məşğul olmuşlar. Kiyevli professor Vladimir Afanasyeviç Karavayev 12 orijinal əməliyyat təklif etmişdir ki, onların da arasında plastik əməliyyatlar üstünlük təşkil edir. 1840-сı ildə dərc edilən "Sağlamlığın dostu” jurnalında onun "Rinoplastika, burnun sağ tərəfinin, sağ dəliyinin və çəpərinin yaradılması” adlı məqaləsi işıq üzü görmüşdür. Bu məqalədə o, özünün əməliyyatının aparılması metodikası barədə də məlumat vermişdir. "Bir yerdən götürülərək digər yerə köçürülən dəri parçası, -V.Karavayev yazırdı, - həyatın yeni təsirlərinə tabe olur, ona görə də digər həyatı və əvvəlkindən doğma orqanizmdən fərqli tamamilə başqa orqanizmi qəbul edir. Əgər kimsə burnun indi qığırdaq möhkəmliyinə malik olan və burnun ucu üçün əla dayaq rolu oynayan yenidən yaradılmış çəpəri üzərində araşdırma apararsa, onun yanağın yağlı və yumşaq dərisindən yarana biləcəyinə inanmaqdı”. V.A.Karavayev həmçinin alından alınan dəri parçasından burun körpüsünün düzləşdirilməsi metodunu, burun qanadı qüsurunun bərpa edilməsi üsulu, yuxarı dodaqdan burun çəpərinin yaradılmasını təsvir etmişdir.

Rinoplastika zamanı cərrahlar tərəfindən uzun müddət bərpaetmə (zədələr, xəstəlik və anadangəlmə qüsurlar zamanı) məqsədi güdülmüşdür, estetik amillər isə yalnız əsas məqsədi müşayiət edirdilər. Budur, XIX əsrin sonunda estetik aspektləri də nəzərə alaraq, əməliyyatlar keçirməyə başlayırlar. Bu məsələdə ilk cığırı açan Roçesterdən olan həkim, fındıqburnun korreksiyası metodikasını təsvir edən Con Orlando Roy (1848-1915-ci illər) olmuşdur. O, ilk dəfə qapalı əməliyyat üsulunu təklif etmişdir. O, həmçinin burun profilinin dərialtı korreksiyası, onun ölçülərinin azaldılması və donqarın götürülməsi metodikasını işləyib hazırlamışdır. Bir qədər sonra Royla birlikdə estetik rinoplastikanın atası adını bölüşən Jak Jozefin analoji mövzu ilə bağlı əsəri dərc olunmuşdur. Məhz o, üzdə korreksiyaedici və rekonstruktiv əməliyyatların əsas prinsiplərini formalaşdırmışdır. 1900-1901-ci illərdə burnun yəhərşəkilli deformasiyasının düzəldilməsi zamanı burun çəpəri qığırdağının uğurla köçürülməsi haqqında məlumatlar yayılmışdı. 1965-cı ildən başlayaraq qapalı burun əməliyyatları icra edən həkim Tsope, Xutsidze Vaxtanq Qalaktionoviç (plastik cərrah, otorinolarinqoloq) Sovet dövrünün əfsanəvi plastik cərrahı idi, 1984-cü ildə moskvalı kinodokumentalistlər tərəfindən lentə alınan "Məni gözəl edin” sənədli filmi onun fəaliyyətini əks etdirirdi.

Daha çox kimlər burun əməliyyatı edir?

Araşdırmalara görə xanımlar bu əməliyata daha çox üstünlük verirlər. Lakin son dönəmdə əvvəlkinə nisbətən kişilərin də sayı artır. Son dövrlər məşhurların da burun əməliyyatı etməsi və bunu reklam etməsi ilə insanlar üçün rinoplastika daha da adiləşib. Əvvəllər vətəndaşlarımız bu əməliyyatlar üçün xarici ölkələrə üz tutsa da, son zamanlar ölkə daxilində əməliyyatlar daha çox edlir. Ölkəmizdə bu əməliyyatı icra edən yetəri qədər plastik cərrah çalışır. Onların çoxu xarici ölkələrdə, ən əsas da Türkiyədə təhsil alan şəxslərdir.

 

Bəs bu əməliyyatlara nə qədər xərcimiz çıxır?

 

Araşdırmamız zamanı məlum oldu ki, rinoplastika əməliyyatının qiyməti 600 AZN ilə 8000 AZN arası dəyişir. Bəzi hallarda isə şişirdilmiş qiymətlər 8000 AZN-ni aşır. Ümumilikdə, qiymətləri 4 yerə ayıra bilərik:

 

600-900 AZN - ucuz

900-1700 AZN - orta

1700-3000 AZN - baha

3000-8000 AZN və daha yüksək məbləğ isə şişirdilmiş qiymətlərdir

 

Qiymətləri 600-900 AZN arası dəyişən cərrahların fikrincə bu qiymətlər normaldır. 900 AZN-i keçən qiymətlər bahadır və çox maraqlıdır ki, Azərbaycanda fəaliyyət göstərən tanınmış həkimlərin 99%-i məhz standartdan baha qiymətlərlə xəstələri əməliyyat edir.

 

Bizdə məhz cəmiyyətdə bahalı cərrahlardan açıqlama almaq qərarına gəldik.

 

" Rinoplastika ” əməliyatının qiyməti 600-900 arası dəyişərkən sizin qiymətlər daha bahadır. Qiymətlərin baha olmasının səbəbi nəynən bağlıdır? sualına cərrahlar belə cavab verdi:

 

Baku Medical Plaza Op. Dr. Mircəfər Seyid: "Fikrimcə qiymətlərimiz elə də baha deyil. Tam olaraq əməliyyatın hansı qiymətə icra olunacağını pasientin müayinəsindən sonra qiymətləndiririk. Bu əməliyyatın icrasına sərf edəcəyimiz vaxt və ləvazimatlarda nəzərə alınır. Sap, gips, tampon kimi məhsulları alarkən ən müasir, ən keyfiyyətli və pasient üçün ən rahat olanını seçirik. Bir pasient üçün ortalama 2 saat vaxt sərf edilərkən, bəzən qat qat artıq vaxtımızı alır. Qiymətlər orta hesabla 1100-1700 AZN arası dəyişir. Pasient əməliyyatdan narazı qaldığı halda təkrar əməliyyat üçün pasientdən sadecə klinika xərcləri alınır.

 

Mərkəzi Gömrük Hospital Uzm. Dr. Tale Neimətzadə: Mənim fikrimi soruşacaq olsanız, düşünürəm ki, bu qiymətlər baha deyil. Tam əksinə 600-900-lük əməliyyatlar ucuzdur. Ortalama bu əməliyyatın icrasına 2 saat vaxt sərf edirəm. Lakin bu əməliyatı yarım saata edənlər də var. Məncə ucuz qiymətə iş görənlər araşdırılmalıdır. Çünki bu əməliyyat 600-900 AZN-lik əməliyyat deyil. Əgər bu iş doğru düzgün və peşəkarcasına aparılırsa qiymət orta qiymət olur.

Bizdə qiymətlər 1100-1800 arası dəyişə bilər. Əgər qiymətlər 2500-ü keçirsə bu çox baha qiymətlərdir.

 

Mərkəzi Neftçilər Xəstəxanası Uzm. Dr. Rauf Kərimov: Əməliyyatın qiyməti həkimin aldığı təhsil, təcrübə, xəstəxana şəraiti və istifadə olunan materialların sap, gips və tampon kimi məhsulların seçimi ilə də bağlıdır.Məncə bu ən vacib məsələdir. Qiymətlərimiz 1100-1500 AZN arası dəyişir. Məncə bu normal qiymətdir.

 

Xətai Estetik Klinikası Dr. Sami Samin digər cərrahlardan fərqli olaraq vətəndaş və jurnalistlərlə özü yox, köməkçisi vasitəsiylə danışır. Zəngimizi onun koordinatoru cavabladı və türk cərrah Sami Saminin əməliyyat qiymətlərinin 1800-2000 AZN olduğunu bildirdi. Səbəbini soruşduqda isə bizdə qiymətlər budur, xoşunuz gəlir gəlin, gəlmirsə yox deyə” deyə cavabladı.

 

İstanbul Estetik Klinikası Op. Dr. Taha Mehmetoğlu: Qiymətləri mən müəyyənləşdirmirəm. Mən sadəcə müayinə edirəm. Klinika qiymət qoyur. Alınan məbləğdən xəbərim olmur. Daha sonra əməliyatı icra edirəm.

 

Klinika ilə əlaqə saxladıqda isə türk cərrahın yalan məlumat verdiyini öyrəndik. Klinikadan bildirildi ki, əməliyyatın qiymətini həkim özü təyin edir, onlar həkimin işinə qarışmırlar.

 

Eyni klinikanın cərrahı Uzm. Dr. Dilqəm Məmmədov isə qiymətlərin neçə AZN olduğu və səbəbi barədə açıqlama verməkdən imtina etdi.

 

HB Güven Klinikası Uzm. Dr. Cavid Cabbarzadə isə bu haqda danışmaq istəmədiyini deyib.

 

Araşdırmamıza əsasən bu gün ölkəmizdə digər tibbi sahələrdən fərqli olaraq, rinoplastika üçün xarici deyil, yerli həkimlərə üz tuturlar. 

Cərrahlarla söhbətimizdə də onlar plastik əməliyyatların sayının artdığını dedilər. Klinikaların birindən dedilər ki, gündə 3-4 plastik əməliyyat keçirilir.

Müdriklərin dediyi kimi "gözəllik qurban tələb edir" və "kim deyirsə ki, zorla gözəllik olmur boş şeydir. Pulun varsa, olurmuş..."

Administratorla əlaqə

077 611-55-22

[email protected]