İqtisadiyyat

“Azsığorta”nın Tovuz filialında maxinasiyalar

10-08-2016, 15:19

Məmməd Məmmədovun himayəsində olan Raya Bayramova müştərilərin hüquqlarının ciddi şəkildə pozulmasına şərait yaradır

Dünən redaksiyamıza yeni daxil olmuş növbəti məlumatlarda "Azsığorta” ASC-nin Tovuz filialının fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmaqdadır.

Qeyd edək ki, ASC 2006 ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərir. Əslində şirkətin yürütdüyü siyasət, quruma sığorta bazarında yüksək mövqe tutmağa və sığortalıların sayını ilbəil artırmağa imkan yaradır, bunu Maliyyə Nazirliyinin tətbiq etdiyi sığorta şirkətləri arasındakı illik reytinq göstəricilərindən də müşahidə etmək olar. ASC Azərbaycan Respublikasının bir çox regionlarında filiallar və nümayyəndəliklərlə təmsil olunub. Belə ki, Bakı şəhərində yerləşən Baş ofisdə, həmçinin Sumqayıt, Gəncə, Lənkaran, Şirvan, Xaçmaz, Qəbələ, Tərtər, Şamaxı və Yevlax şəhərlərində fəaliyyət göstərən regional filiallarında ümumi olaraq 300 nəfər işlə təmin edilib. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına dəstək olmaqla sığorta ehtiyaclarının operativ şəkildə təmin olunması ilə yanaşı müştərilərə günün 24 saatı keyfiyyətli sığorta xidmətinin göstərilməsində xüsusi rol oynayır.
Lakin bütün bu göstəricilər "Azsığorta” ASC-nin özünü belə qurumun bəzi filiallarında müşahidə edilən özbaşınalıqlardan sığorta edə bilmir. Bu xüsusda Tovuzdan daxil olan məlumatlarda bildirilir ki, ASC-nin bu rayonda yerləşən filialının rəhbəri Raya Bayramovanın fəaliyyəti də sığortalıların və şirkətin potensial müştərilərinin ciddi narazılıqlarına səbəb olur. Açıqlamalara görə, ASC-nin baş ofisində məsul vəzifələrdən birini tutan Məmməd Məmmədovun himayəsində olan Raya xanım artıq 20 ildir ki, Tovuz filialına rəhbərlik edir. Eyni zamanda da, müxtəlif özbaşınalıqlara yol verməklə, filial rəhbəri mütəmadi olaraq müştərilərin hüquqlarının ciddi şəkildə pozulmasına şərait yaradır. İddialara görə, bu gün "Azsığorta” ASC-nin Tovuz filialının əksər əməkdaşları Raya Bayramovanın ailə üzvləri və yaxın qohumlarıdır. Məsələn, filialın bütün idarəçiliyini hazırda Raya xanımın qızı Vüsalə həyata keçirir. Bu vəziyyət isə, sığortalıların hüquqlarının pozulması baxımından xüsusilə əlverişli şərait yaratmış olur. Açıqlamalarda bildirilir ki, bir çox hallarda sığortalılar müqavilədə nəzərdə tutulan hallar baş verdikdə, öz sığorta pullarını ala bilmirlər. Məsələn, qeyd olunur ki, bir müddət bundan əvvəl Tovuz sakini Rövnəq İsmayılov da sığortalanmış evinin yanmasına baxmayaraq, filialdan sığorta pulu ala bilməmişdi. Mənbə bildirir ki, yalnız sığorta məbləğinin böyük bir hissəsini Raya xanıma verməyə razılaşan müştərilər filialdan pul ala bilirlər. Bu xüsusda Bakıya, ASC-nin baş ofisinə müraciət edən vətəndaşların şikayətlərini isə, məhz Raya xanımın həmyerlisi və himayədarı olan Məmməd Məmmədov "araşdırır”. Bir qayda olaraq, bu araşdırmaların da nəticəsində Raya Bayramovanın "haqlı” olduğunu təsdiqləyən nəticələr əldə olunur.
Aldığımız açıqlamalarda bildirilir ki, həyata keçirdiyi maxinasiyalar və mənimsəmələr nəticəsində, eləcə də bu maxinasiyalardan "qazandığı” pulları yüksək faizlə sələmə verərək, əldə etdiyi gəlirlər hesabına, bu gün Raya Bayramova Tovuzun ən zəngin şəxslərindən birinə çevrilmişdir. İddialara görə, hazırda "Azsığorta” ASC-nin bu filial rəhbəri Tovuzun mərkəzində, Rayon İcra Hakimiyyəti binası ilə eyni küçədə yerləşən səkkiz 2-3 mərtəbəli şəxsi evin, yenə də həmin küçədə inşa olunmuş yeni tikili binada yerləşən iki 4 otaqlı mənzilin və paytaxtın Novxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin sahibidir. Raya xanımın bilavasitə yaşadığı evin altında isə, yenə də ona məxsus olan, "Vüsalə” adlı böyük bir gözəllik salonu fəaliyyət göstərir.
Qeyd olunduğu kimi, Raya Bayramova ASC-nin baş ofisində çalışan Məmməd Məmmədov tərəfindən himayə olunur. Bununla belə, mənbənin bildirdiyinə görə, özünü sığortalamaq üçün Raya xanım həmçinin Tovuz RİH-nin başçısı cənab Tofiq Zeynalovun da adından sui-istifadə hallarına tez-tez yol verir...

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]