Siyasət

Sabiq dövlət müşavirindən qiyam açıqlaması

18-07-2016, 14:43
"Hərbi qiyamın başında Ərdoğanın siyasi oyunlarının dayanması versiyası inandırıcı görsənmir”

Xeberman.com-un verdiy məlumata görə,  keçmiş dövlət müşaviri, siyasi ekspert Qabil Hüseynli Politika.Az-a açıqlamasında deyib. Analitik iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olunması ilə bağlı bildirib ki, prosesə kənar təsirlərin olması mümkün variantdır. 

Onun fikrincə, ilk növbədə qiyama qədər Ərdoğandan ciddi narazılığın olmasına diqqət yetirilməlidir: "NATO ölkəsi olan Türkiyədən narazılıq vardı. Amma bu əsas vermirdi ki, müstəqil dövlətdə hərbi çevrilişə cəhd olunsun. 

Sadəcə, bu vəziyyətin yaranmasında Ərdoğanın "xidmətləri” olub. O, Atatürkçü, dünyəvi sistemin demontajı ilə məşğul idi, idarəçiliyi dini istiqamətə yönləndirməyə çalışırdı. 

Dindar təbəqənin imtiyazları artırdı. Ərdoğanın çağırışından sonra meydana çıxanlar arasında da təsadüfi deyil ki, saqqalı təriqətçilər çox idi. Bu da dini idarəçilik həm Atatürkü sevənlərdə, həm NATO-da həyəcan doğururdu”.

Q.Hüseynli hesab edir ki, əhalidən çox, ordunun içərisində dünyəvi sistemlə bu cür davranılmasına etiraz vardı: "Ərdoğan 11 ildir ki, iqtidardadır, bu müddətdə orduya və polisə qarşı yanlış mövqe tutub. Ordunun cəmiyyətdəki nüfuzunu sarsıtmaq üçün müxtəlif üsullara al atıb. 

Gah Ergenekon, Balyoz adlı dövlət çevrilişinə cəhd adında məhkəmə səhnələri qurdu, generallar tutuldu. Və 3-4 il davam edən məhkəmələrin sonunda bəraət aldılar. Sonra vaxtilə özünün iqtidara gəlməsində mühüm rolu olan Fətullah Gülən qrupuna qarşı mübarizəyə başladı. 

Bu qrup daha çox polisdə təmsil olunurdu. "Paralel yapı” adlı əməliyyata başladı, Gülənə qarşı cinayət iş açdı. Bu gün də 81 vilayətdə polis rəisi dəyişib. Bütün bunlar üst-üstə yığılırdı və Ərdoğandan narazılıq yaradırdı. Amma ordunun içində daha çox narazılıq vardı və dünyəvi sistemin dəyişməsinə etiraz olaraq həbi çevrilişə cəhd oldu”.

Politoloq bununla belə güman edir ki, hərbi çevrilişə cəhd ölkəyə böyük ziyan vurdu: "Türkiyənin turizm, kənd təsərrüfatı ağır yaralar aldı, ölkə xaos içindədir. Ancaq Ərdoğanın siyasəti heç bir vəchlə hərbi çevrilişə haqq vermir. 

Baş qərargahı ələ keçirdilər, Ankarada və İstanbulda televiziya nəzarətə götürüldü. Amma hərbi çevrilişin qarşısını sadə xalq aldı. Onlar küçələrə axışmaqla ordu təslim oldu. Çünki gördülər ki, daha çox sivilin ölümünün məsuliyyətini daşımaq var. 

İlk dəfə Türkiyədə hərbi çevriliş məğlub oldu. Bu da xalqın siyasi şüuruna bağlıdır. Meydana ilk atılan da müxalifət oldu və AKP həmin an təəccüb içində idi. Ərdoğanın çıxışından sonra AKP tərəfdarı olan saqqalılar meydana çıxdı”. 

Bundan sonra Türkiyənin siyasi taleyinin necə olacağı barədə ehtimalını irəli sürən Q.Hüseynli qeyd edib ki, ilk növbədə xalq siyasi sistemin dəyişməsinin qabağını almalıdır: 

"Ərdoğanın prezident idarəçiliyinə keçidlə bağlı referendumu boykot edilməlidir. Ondan sonra yeni seçkilərin keçirilməsi tələbi səslənə bilər. Xalq seçkilərdə Türkiyəni siyasi böhrandan çıxaracaq siyasi qüvvəyə dəstək verə bilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]