Elm

SDU-da qış imtahan sessiyasına “hazırlıq”

31-12-2015, 04:24
Bu günlərdə "Bizim Dövr”ün ünvanına daxil olmuş oxusu məktublarından birində redaksiyamıza qarşı müəyyən iradlar irəli sürülmüşdür. Qeyd edək ki, Sumqayıtdan aldığımız bu məktubun müəllifi, özünü Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan gənclərdən biri kimi təqdim edir. Müəllifin iradı isə, son vaxtlar qəzetimizin səhifələrində bu təhsil müəssisəsində cərəyan edən hadisələrə yer ayırmamağımız olub. Məktubda deyilir: "Bir müddət bundan əvvəl universitetimizdə yer alan müxtəlif özbaşınalıqlara qarşı qəzetinizdə ardıcıl tənqidi materiallar dərc olunurdu. Lakin son vaxtlar biz artıq bunu görmürük. Belə düşünmək olar ki, artıq universitetimizdə bütün problemlər öz həllini tapıb. Lakin həqiqətdə bu, qətiyyən belə deyil. Əgəe sizi kimsə də buna inandırıbsa, əmin olun ki, sizə səhv məlumat veriblər”. Həqiqətən də qəzetimizin ötən saylarında SDU-nun fəaliyyətində müşahidə olunan müxtəlif neqativ hallara dair aldığımız məlumatlar əsasında hazırlanmış materiallar dərc olunub. Xatırladaq ki, bizimdovr.az-a daxil olan məlumatlarda 2014-cü ildən SDU-ya rəhbərlik edən Elxan Hüseynovun, əvvəllər işlədiyi Bakı Dövlət Universitetində vərdiş etdiyi bir çox əməlləri daha geniş miqyasda yeni rektor təyin olunduğu ali təhsil müəssisəsində davam etdirdiyi bildirilirdi. Təbii ki, paytaxt unuversiteti istər burada təhsil alan tələbələrin sayına, istərsə də həmin tələbələrin valideynlərinin maddi imkanlarına görə müxtəlif korrupsiya əməllərinin həyata keçirilməsi üçün SDU-dan daha geniş imkanlar verə bilər. Lakin bu "çatışmazlıqları” Elxan Hüseynov SDU-da aldığı birinci şəxs statusunun imtiyazları hesabına tamamilə kompensasiya edə bilib. Həmçinin yeni rektor bu imtiyazları yerli kadrların hər-hansı "təcavüzündən” sığortalamaq üçün də vaxtında qabaqlayıcı tədbirlər görüb. Məhz bu məqsədlə, Elxan Hüseynov SDU-ya təyinat alan kimi, 12 il ərzində Bakıda formalaşdırdığı komandanın ən etibarlı və "işgüzar” üzvlərini özü ilə buraya gətirib. Bu gün isə yeni rektorun köhnə məsləkdaşları Sumqayıt Dövlət Universitetində ən vacib postlara yerləşdiriliblər. Düzdür, bu yerləşmələr SDU-nun bir çox köhnə kadrlarına iş itkisi bahasına başa gəlib, amma necə deyərlər, yeniliklər qurban tələb edir. Bundan sonra isə, bu ali təhsil müəssisəsində həyata keçirilən bütün "islahatlar” etirazsız-filansız qəbul olundu. Hətta imtahan qiymətlərinin 50 manatdan 80-100 manata qaldırılması da, bu pulu ödəməli olan tələbələrdən başqa heç kim tərəfindən narazılıqla qarşılanmadı. Yeni aldığımız məlumatda isə, bu gün SDU-da artıq qarşıdan gələn növbəti qış imtahan sessiyası üçün pul yığımlarına start verildiyi bildirilir: "Artıq universitetimizdə qış imtahanlarına "hazırlıq” işlərinə də start verilib. Burada dırnaq işarəsindən də əbəs yerə istifadə etməmişik. Çünki universitetimizdə imtahana hazırlıq işləri sadəcə tələbələrdən pul yığımından ibarətdir. Həm də, sizin ötən yazılarınızda da göstərdiyiniz kimi, əgər keçmiş rektorun dövründə bir imtahana görə tələbələrdən 50 manat pul alınırdısa, keçən ildən bu məbləğ artıq 80 manata qaldırıldı. Bu gün isə artıq qış sessiyası üçün bir imtahana görə 100 manat tələb olunur. Biz tələbələr isə, yaranmış bu vəziyyətlə bağlı hazırda olduqca böyük maddi sıxıntılarla üz-üzə qalmışıq...” Nə deyə bilərik? Etiraf etməliyik ki, həqiqətən də son vaxtlar ölkəmizdə cərəyan edən hadisələr diqqətimizi Sumqayıt Dövlət Universitetində gedən proseslərdən bir qədər yayındırmışdır. Bununla belə, aldığımız hər yeni məlumat ətrafında müvafiq araşdırma aparmağa və əldə edəcəyimiz nəticələri qəzetimizdə işıqlandırmağa hər zaman hazırıq.

Əlbəttə ki, bütün bu deyilənlərə SDU rəhbərliyinin də münasibətini öyrənmək istərdik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]