Siyasət

Zahid Oruc Oqtay Əsədovu yenə əsəbiləşdirəcək... - onlar niyə yola getmirlər?

30-06-2016, 18:13
Deputat Zahid Oruc Milli Məclisin sədri Oqtay Əsədovdan üzrxahlıq təklifini qəbul etməyib 

Bu barədə məlumatlı mənbədən bildirilib.

Xatıraldaq ki, Milli Məclisin İntizam komissiyasının iyunun 28-də keçirilən iclasında parlamentin 24 iyunda keçirilən plenar iclası zamanı deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında düşən mübahisə ilə əlaqədar sonuncunun müraciəti əsasında məsələyə baxılıb və Z. Oruca şifahi töhmət elan olunub. 

Əldə etdiyimiz məlumata görə, İntizam komissiyasının sədri Ağacan Abiyev Zahid Orucla şəxsi söhbətində ona Milli Məclis sədrindən ictimai şəkildə üzr istəməyi və bu mübahisə ilə bağlı bundan sonra mətbuata hər hansı açıqlama verməməyi tövsiyə edib. Z.Oruc isə üzrxahlıq təklifini qəbul etməyib, amma yaranmış ixtilafla bağlı hər hansı müsahibə və ya açıqlama verməmək təklifi ilə razılaşıb.

Məlumatda o da qeyd olunur ki, spikerdən üzr istəməsi üçün deputata bir neçə həmkarı da təsir etməyə çalışıb. Onların ən azı O.Əsədovun yaşını nəzərə almağı məsləhət görüblər. Amma iddialar bu yöndədir ki, Z.Oruc həmin məsləhətlərə də "yox” cavabı verib.

Yada salaq ki, O.Əsədovla Z.Oruc ilk dəfə deyil mübahisə ediblər. İndiyədək onlar arasında dəfələrlə mübahisə yaranıb. Belə görünür, 24 uyun tarixli iclasda yaşananlar xüsusilə spikerin səbr kasasının daşmasına gətirib çıxarıb. 

Onu da deyək ki, Milli Məclisdə hər dəfə məhz Z.Orucla O.Əsədovun mübahisə etməsi xeyli maraqlı məsələdir. Bunun şəxsi səbəblərdən, yoxsa hakimiyyətdaxili qrup maraqlarından irəli gəldiyini söyləmək çətindir. 

Mənbəmiz də bu barədə hər hansı məlumata sahib olmadığını deyib. Amma gümanlardan biri odur ki, Z.Oruc O.Əsədovun 2015-ci ildəki parlament seçkisindən sonra yenidən spiker seçilməsinin ən qatı əleyhdarlarından biri, hətta birincisi olub və bunu müəyyən qeyri-rəsmi söhbətlərdə dilə gətirməkdən çəkinməyib. İstisna edilmir ki, Milli Məclis sədri də bu haqda eşidib və onda deputata qarşı xüsusi qıcıq yaranıb

Administratorla əlaqə

077 611-55-22

[email protected]