Siyasət

İlham Əliyev hərbçilərlə görüşdə aprel döyüşlərindən danışdı

25-06-2016, 23:10

2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıq aparılmırdı. 

 

"Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərib, işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıbdır".

Xeberman.com-un məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanıİlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib. 

Ölkə başçısı aprel döyüşlərindən danışıb: "Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün aprel ayında bizə qarşı silahlı təxribata əl atdı. Bizim mövqelərimiz atəş altına düşdü. Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi və 6 mülki şəxs erməni təxribatı nəticəsində həlak oldu. Hərbçilərimiz həlak oldular, yaralandılar. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi”. 

Ölkə başçısı bildirib ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələ ilə məşğul olanlara ciddi siqnal oldu: "Ermənistanın istəyi sirr deyil. Onlar bu prosesi sonsuz proses kimi görmək, status-kvonu saxlamaq istəyirlər. Görəndə ki, onlara qarşı beynəlxalq vasitəçilər tərəfindən təzyiq artır, müxtəlif təxribatlara əl atırlar. Məsələn, 2014-cü ilin noyabrında bizə qarşı silahlı təxribat törətdilər və biz layiqli cavab verəndən sonra bundan istifadə edərək, bunu bəhanə gətirərək Ermənistan danışıqları demək olar ki, dondurmuşdu. 2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıq aparılmırdı. 2015-ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilər tərəfindən siyasi təzyiq artır, növbəti silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər".

İlham Əliyev münaqişənin tezliklə həll olunmalı, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalı olduğunu bildirib: "Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı 4 qətnamə qəbul edibdir. BMT Təhlükəsizlik Şurasından daha ali beynəlxalq orqan yoxdur və bu qətnamələrdə göstərilir ki, erməni silahlı birləşmələri dərhal və qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır və çıxarılacaqdır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]