Gündəm

Sosial evlərlə bağlı şad xəbər - layihəyə start verildi

23-06-2016, 17:52
Sosial evlərin tikilməsi ilə bağlı prezident sərəncamından sonra az təminatlı ailələr və evi olmayanlar bu layihənin nə vaxt reallaşacağını gözləyir 

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, sosial evlərin tikintisi rayonlarda öz həllini tapıb: "Hətta belə bir fikir var ki, şəhərcik formasında da sosial evlər tikilsin. Bununla bağlı işlər gedir. Layihələrin həyata keçrilməsi üçün ilkin olaraq 10 milyon manat vəsait də ayrılıb". 

Deputatın sözlərinə görə, sosial evlərin tikintisinin əsasən hansı rayonlarda olacağı ilə əlaqəli Mənzil İnşaatı Dövlət Agentliyi işlər aparır: "Amma vəsait ayrılıb, layihə işlərinə start verilib. Ümumilikdə tikintinin tam start verilməsi asan məsələ deyil. Layihə hazırlansın, maliyyə ayrıldıqdan sonra baçlanacaq. Bu ilin axırına bununla bağlı konkret qərar veriləcək".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev müsahibəsində bildirib ki, sosial mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. 

Agentliyin direktoru qeyd edib ki, indiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib: "Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib. Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]