Dünya

Məhəmməd Əlinin dəfn mərasimində Ərdoğan üçün ağır sözlər - VİDEO

11-06-2016, 23:18
Tənəffüs çatışmazlığı nəticəsində 74 yaşında həyatını itirən dünya şöhrətli boksçu Məhəmməd Əli dünən son mənzilə yola salınıb. 
 
FaktXəbər-in CNN Türk-ə istinadən verdiyi məlumata grə, Məhəmməd Əlinin cənazəsinin dəfn edilməsindən sonra son tədbir isə "KFC Center"də keçirilib. Mərasimə aralarında keçmiş ABŞ prezidenti Bill Klinton, Əlinin xanımı Lonnie Əli, Hollivud ulduzu Bill Chrystal, ravvin Maykl Lernerin da olduğu şəxslər çıxış edib.
 
RAVVİN LERNER: "SİYASƏTÇİLƏRİN, YA DA BAŞQALARININ MÜSƏLMANLARI ALÇALTMASINA YOL VERMƏYƏCƏYİK"
 
Ravvin Lerner Amerika yəhudilərini təmsil etdiyini deyərək, bütün dünyanın canlı izlədiyi çıxışında bəzi dövlət başçılarının ünvanına sərt sözlər söyləyib: "Amerikalı yəhudilər, Afrika əsilli amerikalıların mübarizəsində böyük bir həmrəylik rolu oynadı. Bu gün də həm bu ölkədə, həm də dünya miqyasında müsəlman icması ilə həmrəylik içindəyik. Siyasətçilərin, ya da başqalarının müsəlmanları alçaltmasına, ya da bəzi terrorçulara görə bütün müsəlmanları günahlandırmasına yol verməyəcəyik".
 
Lernerin bu sözləri zalda olan 15 min nəfər tərəfindən ayaq üstə alqışlanıb. "Tikkün" adlı jurnalın da rəhbəri olan Lerner, çıxışında İsrail rejiminin fələstinlilərə qarşı həyata keçirdiyi təzyiq siyasətinə son vermək üçün ABŞ-ın İsrailə təzyiq etməsi çağırışını edərək, "Hamımız Allahın xalqlarıyıq, hər kəs bərabər dəyərdədir", - deyib.
 
"ƏLİ BÜTÜN RİSQLƏRİ NƏZƏRƏ ALARAQ ŞƏXSİ QƏHRƏMANLIQ ETDİ"
 
Keçmişdə Məhəmməd Əli ilə şəxsi əlaqəsi olduğunu, Vyetnam müharibəsinə Məhəmməd Əli ilə birlikdə etiraz etdiyini bildirən Lerner, idman qəhrəmanlığının gəlib keçici, şəxsi qəhrəmanlığın daimi olduğunu səsləndirdiyi çıxışında, Əlinin bütün risqləri nəzərə alaraq şəxsi qəhrəmanlıq etdiyini deyib. Boks idmanına əhəmiyyət verməyən amerikalıların, Məhəmməd Əliyə böyük dəyər və əhəmiyyət verdiklərini söyləyərək, "Çünki özü nail olduğu şərəfi və məşhurluğu itirməyi nəzərə aldı, inancalarını, doğruları deməyi nəzərə aldı", - deyib.
 
TÜRKİYƏYƏ AĞIR TƏNQİD
 
Çıxışında gəlir ədalətsizliyinə, ABŞ-dakı irqçi münasibətlərə və siyasi məsələlərə də toxunan Lerner Türkiyəyə qarşı da sərt ifadələr işlədib.
 
Türk liderlərini kürdləri öldürməklə günahlandıran Lerner sözlərinə belə davam edib:
 
"Seçki yolu ilə hakimiyyətə gələn dövlət rəhbərlərinə işgəncəyə son vermələrini deyin. Bu ölkədə 2008-ci ildə iqtisadi böhran yaradan banklara və iri şirkətlərə, gəlir ədaləti istədiyinizi deyin. Zorakılıq tətbiq edən siyasətçilərə "Dur!" deyin, müharibələrə "Dur!" deyin. Türkiyənin liderlərinə kürdləri öldürməyi dayandırmağı deyin. İsrailin baş naziri Netanyahuya daxili təhlükəsizliyi təmin etməyin yolunun İordan çayının qərb sahilini işğal etmək olmadığını, Fələstin dövlətinin yaradılmasına yardımçı olmaqdan keçdiyini deyin".
 
Qeyd edək ki, 2 günlük səfər proqramı ilə Məhəmməd Əlinin dəfn proqramına qatılmaq üçün Amerikaya gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi heyət 4-5 saatdan sonra geri qayıtmaq qərarı verib.
 
Bu barədə danışan CNN Türkün müxbiri Cüneyd Özdəmir geri dönüşün səbəblərinin xoş qarşılamama olduğunu deyib. O bildirib ki, Məhəmməd Əlinin ailəsi Ərdoğanın jest tələblərinə, "Hələlik biz bunu istəmirik" cavabını verib. Bu cavab isə prezident heyətində inciklik yaradıb. 
 
Səfərin yarıda kəsilməsinə dair Ankara kulislərinə və prezident mənbələrinə istinadən də bəzi söhbətlər dolaşır. Belə ki, Məhəmməd Əlinin dəfn mərasimində Ərdoğanın Kəbə örtüyünün bir hissəsini tabutun üzərinə qoymaq istədiyi, ancaq "Biz sonra qoyarıq" deyilərək, bu istəyinin də geri qaytardığı bildirilir. Bundan başqa, Ərdoğanın və onu müşayiət edən Diyanət İşləri başqanı Mehmet Görmezle birlikdə cənazədə Qurani-Kərim oxumaq istəyinin də geri qaytarıldığı deyilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]