Siyasət

Eldar Həsənovla bağlı yeni ilginc iddialar

11-06-2016, 22:42
Sabiq baş prokurorun biznesini Balkan yarmadasına köçürdüyü, orada fond və QHT-lər yaratdığı deyilir 

Azərbaycanda «qara qutu»lardan biri sayılan sabiq baş prokuror, hazırda isə ölkəmizi Balkan ölkələrində təmsil edən Eldar Həsənovla bağlı yeni iddialar gündəmə gəlib. Daxil olan məlumata görə, indiyə qədər adı bir çox qalmaqallarda hallanan səfirin haqqında yeni iddialar əsasən bir az fərqli spektri əhatə edir.
Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın ən keşməknşli tarixinin canlı şahidlərindəndir. Onun adı indiyə qədər Kəlbəcərin işğalına dolayı dəstək verməkdən tutmuş, Dubaya qızıl dəvə heykəlini satmağa qədər hallanıb. Maraqlıdır ki, bütün bu iddialara rəğmən, Həsənov bir dəfə də olsun açıqlama verməyib. 

Azərbaycanın Balkanlardakı səfirinin adı bu yaxınlarda müstəqil jurnalistlərin beynəlxalq şəbəkəsi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsində də hallanmışdı. Belə ki, həmin araşdırmalarda Eldar Həsənovun Rumıniyada çirkli pulların yuyulması və vergidən yayınmaq məqsədilə yalnız kağız üzərində olan biznes qurumlarının yaradılması və bir çox fırıldaqşı şəxslərin xidmətindən istifadə etməsi ilə məşğul olduğu üzə çıxarılmışdı. 

Araşdırmaçılar qeyd edirdilər ki, Eldar Həsənov öz qeyri-qanuni gəlirlərini gizlətmək, həmçinin yüksək çinli məmurlara Rumıniyada mülklər almaq üçün müxtəlif qaranlıq üsullardan istifadə edib. Həmin məqalədə yazılır: «Bundan başqa təşkilatın hesabatında Rumıniya polisinin Eldar Həsənovun təşəbbüsü ilə yaradılmış şirkətin ofisinə qarşı qanunsuz sövdələşmələr və çirkli pulların yuyulması əməllərinin istintaqı məqsədilə reyd keçirdiyi haqda məlumat verilir. Nəticədə Eldar Həsənovun əlaltı kimi istifadə etdiyi Ruslan Vələdov adlı şəxs vergi ödəmələrindən yayınma cəzası olaraq yarım milyon dollar məbləğində cərimə edilib. Eldar Həsənov özü isə polis reydindən düz bir ay əvvəl, 2013-cü ilin martında özünün Azərbaycanın Serbiyada səfiri təyin edilməsinə nail olub. Beləliklə, onun korrupsiya əməllərinin üstü açıldığına görə əslində Rumıniyadan qaçması ilə bağlı medianın iddiasının reallığı artıb».

Verilən son məlumatlarda isə Eldar Həsənovun Balkan ölkələrində gördüyü işlərdən bəhs olunur. Həmin məlumatlarda iddia olunur ki, sabiq baş prokuror özünün biznesini artıq Serbiya, Bosniya və Hersaqovina, habelə Montoneqroya köçürüb. «Onun məsələn, Heydər Əliyevin heykəlini ucaltmaq üçün dövlət büdcəsindən ayrılmış vəsaitləri mənimsədiyi də ehtimal olunur».

Mənbə qeyd edir ki, Eldar Həsənov həmçinin dövlət büdcəsindən ayrılmış vəsaitləri öz şəxsi məqsədləri üçün istifadə etməyi asanlaşdırmaq məqsədiylə Serbiya, Bosniya və Montoneqroda biznes, QHT və Fond yaradıb. Verilən həmin məlumatlarda daha sonra iddia edilir ki, səfirimizin Montoneqroda restoran işlətdiyi barədə bilgilər var. «Eldar Həsənovun yerli tikinti şirkətlərinin korrupsiyaya bulaşmış rəsmiləriylə əməkdaşlıq etməsinə dair iddialar da mövcuddur». /jam.az/

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]