Ölkə

Topumuza keçən paz - TOPAZ

10-06-2016, 23:20
Artıq 2 ildən çoxdur ki, Azərbaycan futboluna mərc operatoru sponsorluq edir.

Belə bir devizləri də var: oyna, qazan! Son zamanlarda bu operatorun təbliğatı o qədər genişlənib ki, artıq dərindən düşünən hər bir kəsin bezginliyinə səbəb olub. İnsanların avtobusda, metroda, küçələrdə, hər yerdə nəhəng qırmızı reklam lövhələri görməkdən gözləri kor, radioda, televiziyada "paz”ları eşitməkdən qulaqları kar olmaq üzrədir. Məni narahat edən nə bu "paz”, nə də ki onun himayəsində daha da "inkişaf edən” ölkə futboludur. Narahatçılıq doğuran tək bir şey var, o da bu qumarın toruna düşən sadə insanların sayının bu geniş təbliğat nəticəsində gündən günə artmasıdır.

Çox uzatmağa ehtiyac yoxdur. Yüzlərlə sadə reallıqdan birini deyim. Təsəvvür edin ki, "Sumqayıt” – "Xəzər Lənkəran” qarşılaşmasının ilk 45 dəqiqəsi boyunca ətrafımda oturan hər 10 nəfərdən 8-i "paz”dan danışır. O qədər xəstəcə, o qədər bədbəxtcə danışırlar ki, məcbur olub 2-ci hissədə yerimi dəyişirəm. Aralarında biri də var ki, "Sumqayıt”ın aşağı yaş qruplarından birinin futbolçusudur. Hansı ki, özünün üzvü olduğu və bəlkə də bir neçə ildən sonra əsas heyət üzvü olacaq (bu gedişlə çətin ki…) komandanı qumara qoyub və üstəlik "Xəzər Lənkəran”a atalar demişkən "qələbə atıb”. Acınacaqlı haldır, elə deyilmi? 10 ildən sonra isə yenə xaricdən ulu babasının dayısı oğlunun xalası nəvəsindən olan "azərbaycanlılar” milli komandaya çağırılacaqlar, nə var-nə var ölkədə yaxşı futbolçu yetişmir, nə var-nə var 10 il öncə 15 yaşlı o uşaq topla keçirəcəyi o qızıl illərini "paz”la keçirib, nə var-nə var Azərbaycan futbolu qumara qoyulub. Iş o yerə çatıb ki, peşəkarlıqdan uzaq olan Peşəkar Futbol Liqası futbolumuza bu operatoru "paz” edəndən sonra, bu vaxtadək saf futbol azarkeşləri olan insanlar da indi "variant” yazmadıqları oyunlara baxmaqdan zövq almırlar və ya ümumiyyətlə baxmırlar. Bu da futbol başbilənlərimizin Azərbaycan futboluna və futbol azarkeşlərinə "hədiyyə”si!

Gələk bu işin sosial tərəfinə. İnsanları soymaq üçün özləri demişkən "həyəcanlı” vasitədir bu "paz”. Həyəcan yaratmaqla, insanları şirnikləndirməklə onları bu işin həm aludəçisi, həm də qurbanı edirlər. Operatorun "oyna, qazan!” devizi isə heç yerinə düşməyib. Məgər qumardan qazananmı olub? Bəlkə də yüz nəfərdən biri olub, amma o qazandığı iyrənc pullar özünün, özü olmasa da övladlarının burnundan yüz faiz gəlib (və ya gələcək). Çünki minlərlə insanın gözü var o qazancda, çünki əziyyətsizdir, çünki haramdır. Bəziləri də öz vicdanlarını susdurmaq üçün deyirlər ki, nəticələri tapmaq üçün saatlarla baş sındırmağın özü də bir əziyyətdir. Dediyim kimi, sadəcə vicdanlarını susdurmaq üçün. Bəziləri çörək pulu tapmaq üçün, bəziləri borclarını ödəmək üçün, bəziləri də sadəcə öz aləmlərində futbola maraq qatmaq üçün bu mərc oyunlarında iştirak edirlər. Sonu isə faciə. Demək olar ki hər gün bir ailənin çırağı sönür bu haram nəticəsində. Və biz vətəndaşlar bu "paz”ın qana işləyən çox professional təbliğatına aldanıb bu haram "qazanc” yolu ilə varlanmağa tamahlandıqca, "Topaza borcu olan kişi özünü qatarın altına atdı”, "Topaz bir ananı dilənçiyə çevirdi”, "Bir ailə evsiz qaldı” kimi faciəvi xəbərlərin ardı gəlməyə davam edəcək. Onsuz da bu "paz” və onun himayəsində olan "top” üçün halal-haram fərqinin olmadığı kimi, məhv olmuş ailələrlə bağlı xəbərlər də onlar üçün maraqlı deyil. Onlar üçün maraqlı olan tək bir şey var: vətəndaşları "qanuni” şəkildə soyub qazandıqca daha çox qazanmaq, varlandıqca daha çox varlanmaq. Bari biz sadə insanlar bu tələyə düşməyək.

Və sonda, çox-çox hörmətli hakimbaşımız Xaqani Məmmədov demişkən, burda "paz” topu tapmayıb, top özü gedib "paz”ı tapıb. Mən də deyirəm ki, ha "paz” topu tapıb, ha top "paz”ı, nə fərq edər, acı reallıq budur ki, topumuza "paz” keçib, özü də QANUNİ "PAZ”! Bu "paz”dan qurtulmaq narkomanın narkotikdən qurtulması qədər çətin olsa da, mümkünsüz də deyil. Bunun üçünsə bir az Allah qorxusu (sözdə deyil, əməldə), bir az da güclü iradə yetər. Əgər az-çox vicdanımız varsa, onda gəlin hər birimiz fərd olaraq öz üzərimizə düşəni edək, öncə bizi yaradanı, sonra isə özümüzü düşünərək cəmiyyəti uçuruma sürükləyən bu "paz”a qarşı birləşək, baykot edək və birdəfəlik məhv edək!

Rövşən Əsədov


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]