SERTİFİKAT ÜÇÜN İŞ ADAMINDAN RÜŞVƏT İSTƏNİLİR? - Sahibkar şikayət edir, Komitə təkzib!
Ötən ilin əvvəlindən başlayaraq neftin qiymətinin kəskin düşməsi, ölkədə büdcə gəlirlərinin azlması Azərbaycanda qeyri-neft sektorunun inkişafı məsələsini aktuallaşdırdı. Bu məqsədlə sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması, iş adamlarının fəaliyyəti üçün normal şəraitin yaradılmasının vacibliyi ön plana çıxdı. Prezident İlham Əliyev sahibkarlığın inkişafına süni əngəllər yaradan amillərin aradan qaldırılması istiqmətində bir sıra addımlar atdı.
Bunlardan biri kimi xüsusi razılıq (lisenziya və sertifikat) tələb edən sahibkarlıq fəaliyyəti növlərinin sayı xeyli azaldıldı, dövlət qurumlarının yoxlamalar aparmaq səlahiyyətləri məhdudlaşdırıldı.
Eyni zamanda dövlət başçısı ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin yaradılması, xüsusi razılıq verilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə belə sənədlərin verilməsini böyük ölçüdə İqtisadiyyat Nazirliyinə həvalə etdi. Və nazirliyə xüsusi razılıq verilməsi xidmətinin "ASAN xidmət” mərkəzlərində həyata keçirmək tapşırıldı.
Bundan əlavə prezidentin fərmanında xüsusi razılıq tələb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına lisenziya və sertifikatların uzunmüddətli, bəzi hallarda müddətsiz verilməsi nəzərdə tutulur.
Eyni zamanda, Prezident hökumət üzvlərilə görüşlərində də dönə-dönə dövlət məmurlarının korrupsiya və monopoliya yaratmaqla iş adamlarını sıradan çıxarmasının Azərbaycan dövlətinin gələcəyinə vurulan ən böyük zərbə olduğunu bildirib. Belə hallara qarşı sərt cəza tədbirləri həyata keçiriləcəyini bəyan edib.
Bütün bunlar, yəni, işgüzar mühitin tam liberallaşmasına xidmət edən qərarların, sərəncamların verilməsi, sahiblkarların qəniminə çevrilmiş bəzi qurumların ləğvi, bəzilərinin biznes subyektlərinə müdaxilə imkanlarının azaldılması ictimaiyyətə, xüsusilə iş adamlarına böyük ümidlər verdi.
Ancaq bununla belə iş adamlarnın bütün problemlərinin həll edildiyini söyləmək mümkün deyil. Məmurların korrupsiyadan əl çəkə bilməməsi sahibkarlar üçün əsas problem olaraq qalır. Bu üzdən də iş adamları hələ də ölkədə fəaliyyətlərinə süni əngələrin yaradılmasından şikayətlənirlər.
"AzPolitika.info”ya müraciət edən adının çəkilməsini istəməyən iş adamlarından biri də, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin onun fəaliyyətinə süni əngəllər yaratdığını, qanunsuz tələblərlə üzləşdiyini bildirir.
Onun sözlərinə görə, ölkəyə Fransa istehsalı olan "Novalac” uşaq qidaları gətirmək istəyir:""Novalac” dünyada məşhur brend kimi tanınan "Bayer AÇ” firmasının törəmə şirkətidir. Onun patenti əsasında fəaliyyət göstərir və müxtəlif ceşiddə məhsular istehsal edir. Avropada bu məhsullar heç bir əlavə sənəd tələb olunmadan satılır. Çünki şirkətin məhsullarının beynəlxalq sertifikatları var və hər bir ölkədə keçərlidir. Mən də iş adamı kimi həmin şirkətin 20-yə yaxın çeşiddə məhsulunu ölkəyə gətirmək istəyirəm”.
İş adamının sözlərinə görə, şirkət köçürmə əsasında məhsullarını ölkəyə göndərməyə razılıq verib. Ancaq Azərbaycana bu məhsulları gətirmək və satışını təşkil etmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin də razılığı tələb edilir. Bu qurum isə heç bir əsas olmadan belə bir razılığı verməkdən imtina edir.
İş adamı bildirir ki, Komitədən ona bu məhsulları ölkədə satmaq üçün onlardan da sertifikat almaq tələb edilir: "Mən bildirirəm ki, bu məhsulların hər birinin beynəlxalq sertifikatı var. Hətta "Novalac” uşaq qidaları dünyada məhşur olan "BM Trada” deyilən beynəlxalq sertifikatla təmin olunub. Ancaq Komitədən deyirlər ki, biz o sertifikatları tanımırıq. Gərək bizdən də sertifikat alasan.”
Komitədən setifikat almaq üçün isə iş adamından külli miqdarda pul istənilir: "Məndən gətirəcəyim məhsulun hər bir çeşidi üçün ayrılıqda sertifikat almağım tələb edilir. Hər sertifikata da 1200 manat istənilir. Deyirlər ki, 1500-2000 manatdır, sənə hörmətlə 1200 manatdan verərik. Həmçinin mənə deyirlər ki, normalda bu cür məhsullara 6 aylıq sertifikat veririk. Ancaq bütün məhsullara sertifikat alsan, səni bir illik sertifikatlarla təmin edərik.
Başa düşmürəm, əgər bu rüsum qanunidirsə, necə mənə aşağı qiymətə verirlər, vaxtı necə 2 dəfə uzadırlar? Yox, qanuni deyilsə, mən niyə rüşvət verməliyəm?”
İş adamı bildirir ki, Komitənin sertifikat almaq tələbinin qanunsuz olduğunu, ondan məhsulun tələb edilməməsi də təsdiqləyir: "Gətirəcəyim məhsullardan heç bir nümunə götürülmədən məndən sertifikat üçün belə böyük miqdarda pul tələb olunur. ”
İş adamının sözlərinə görə, bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Qaynar xətt”inə də müraciət edib: "Oradan da heç bir cavab vermirlər. Məni yönəldirlər Komitənin nəzdindəki törəmə şirkətlərə. Daha dəqiqi "AzSERT” MMC-yə. Orada isə kobud şəkildə pul gətirmək tələb edilir. Hətta şöbə müdirlərindən biri açıq şəkildə bildirdi ki, tələb olunan pulu vermədən, bu məhsulların satışını təşkil etməyə imkan verilməyəcək.”
Sonda iş adamı qeyd etdi ki, Komitənin qanunsuz tələblərini ödəmək imkanı olmadığından, həmin məhsulları ölkəyə gətirməkdən imtina etmək məcburiyyətindədi: "Hətta Vergilər Nazirliyi, Gömrük Komitəsi, Səhiyyə Nazirliyi belə ağır şərtlər, böyük tələblər irəli sürmür. Bu Komitə iş adamlarına qarşı qanunsuz tələbləri ilə bağlı niyə tədbir görülmür? Axı prezident dəfələrlə tapşırdı ki, sahibkarların fəaliyyətinə münbit şərait yaradılsın. Belə şəraitdə kim bizneslə məşğul ola bilər?”.
Şikayətlə ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxladıq.
F.Talıbov saytımıza müraciət edən iş adamının şikayəti ilə tanış olduqdan sonra qeyd etdi ki, belə bir halın baş verməsi inandırıcı deyil : "İlk növbədə ona görə ki, Komitə birbaşa sertifikatlaşdırma ilə məşğul olmur. Sertifikatlaşma fəaliyyəti ilə ayrı-ayrı şirkətlər, Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) məşğul olur. Bu beynəlxalq normalara uyğun bir haldır. Komitə nəzarət funksiyasını həyata keçirdiyindən, sertifikatlaşmanı da aparması doğru deyil. Bu baxımdan sertifikatlaşma ilə müstəqil qurumlar məşğul olur. Komitə isə təbii ki, onların reyestrini həyata keçirir, fəaliyyətinə nəzarət edir. Bu məqsədlə Komitə yanında Dövlət Akkreditasiya Xidməti fəaliyyət göstərir. Xidmətin əsas işi də məhz sertifikatlaşma ilə məşğul olmaq istəyən şirkətlərin qeydiyyatını aprmaq, onların belə bir fəaliyyəti həyata keçirmək üçün maddi-texniki bazasını, kadr potensialını yoxlamaq və bunun əsasında icazə verməkdir. Bunun üçün onların texniki imkanları, sınaq və kalibrlənmə labarotoriyalarının müasir tələblərə cavab verib-verməməsi, xidmətlərin göstərilməsi üçün tətbiq olunan avadanlıqların, texnoloji xətlərin və ölçmə vasitələrinin texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu və sair yoxlanılır. Müvafiq tələblərə cavab verən şirkətlərə sertifikatlaşma fəaliyyəti üçün icazə verilir”.
Şöbə müdiri sertifikatlaşma fəaliyyətinin liberallaşdırılması istiqamətində son illər həm qanunvericilik sahəsində, həm də praktiki olaraq böyük işlərin görüldüyünü bildirdi: "Bunun nəticəsidir ki, bu sahədə hazırda sertifikatlaşma ilə məşğul olan xeyli sayda MMC fəaliyyət göstərir. Konkret olaraq sizə müraciət edən iş adamı oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə akkreditasiya olunan orqanlardan birindən sertifikat almalıdır. Yalnız bu sahədə 14 şirkət fəaliyyət göstərir. Onların adları və ünvanları Komitənin saytında yerləşdirilib. Yəni bu sahədə həm də rəqabət mühiti yaradılıb. Əgər iş adamı hansısa şirkətdə bürokratik əngəllərlə, problemlə üzləşirsə, digər şirkətə müraciət edərək setifikat ala bilər.”
F. Talıbov qeyd etdi ki, bəzən iş adamlarının fəaliyyət göstərdikləri sahə ilə bağlı biliklərinin lazımı səviyyədə olmaması, qanunun tələblərini bilməmələri müəyyən problemlər yaradır. Bəziləri isə öz işlərini qanuna uyğun qurmaq, müəyyən prosedurları keçmək istəmədiyindən bu cür şikayətlər ortaya çıxır: "Məsələn, şikayətçi bildirir ki, ona istədiyi sertifikat üzrə dövlət rüsumunun məbləğini demirlər. Ancaq qeyd edim ki, elə fəaliyyət sahələri var ki, orada konkret rüsum yoxdur. Göstərilən xidmətin dəyərinə uyğun olaraq, rüsum müəyyənləşdirilir. Bunun üçün əvvəlcədən şirkətlə iş adamı arasında müqavilə bağlanılır, qanuni şəkildə ödənilən vəsaitlə bağlı qəbz verilir. Şirkət hər müraciət edənə sertifikat verə bilməz. Bunun üçün onun gətirdiyi məhsulun tərkibini yoxlamaqla yanaşı, həmin məhsulu bazara çıxarmazdan öncə keyfiyyətini itirmədən saxlamaq, daşımaq və sair üçün şəraitin olub-olmadığını da müəyyənləşdirməlidir. Yəni, bu prosedurlardan keçməlidir. Bəzən isə iş adamları buna əməl etmək istəmir, tez-tələsik sertifikat alıb, məhsulunu satışa çıxarmaq istəyir. Bu isə mümkün deyil.”
F. Talıbovun sözlərinə görə, Komitə bu sahədə fəaliyyətini 2014-cü ildə qəbul edilən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qurur: "Qanunun tələblərinə uyğun olaraq, Komitə birbaşa sertifikatlaşma ilə məşğul olmasa da, bu sahədə fəaliyyət göstərən şirkətlərə nəzarəti həyata keçirir ki, işlərini qanun əsasında qursunlar. Komitəyə hansısa şirkətin məhsullara düzgün olmayan uyğunluq sertifikatı verdiyi və ya sertifikat vermək üçün rüşvət tələb etdiyinə dair əsaslı məlumat daxil olarsa, dərhal onun akkreditasiyasını ləğv edir. Eyni zamanda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilir. Ona görə də, əgər doğrudan da sizə müraciət edən iş adamından kimsə məhsulunu yoxlamadan pul tələb edibsə, bu haqda Komitəyə müraciət etsin. Əmin olun ki, belələri ilə bağlı qanuna uyğun ən sərt tədbirlər həyata keçirilir və keçiriləcək.”
Qeyd edək ki, şikayətlə bağlı"AzSERT” MMC ilə də əlaqə saxladıq. Şirkətin əməkdaşı bildirdi ki, iş adamı hansısa məhsula sertifikat almaq istəyirsə, bunun üçün müvafiq sənədləri təqdim etməlidir. Bu zaman məhsulun istehsalçısı ilə bağlanmış müqavilə və məhsulun nümunəsinin təqdim olunması zəruridir: "Çünki Azərbaycanda yalnız birbaşa istehsalçıdan alınan uşaq qidalarının satışına icazə verilir. Ücüncü ölkədən və ya hansısa vasitəçi şirkətdən alına uşaq qidalarını ölkədə satmaq qadağandır. Ona görə də, istehsalçı ilə kontraktın olması vacibdir. Belə müqavilə əsasında təqdim olunan nümunənin tərkibi müvafiq labarotoriyada yoxlanılır və yalnız bundan sonra ona sertifikat verilib-verilməyəcəyinə qərar verilir. Ona görə də, nümunə təqdim etmədən hansısa iş adamından sertifikat üçün pul tələb olunması mümkün deyil.”
"Məhsulun beynəlxalq sertifikatları olduğu halda onun yenidən sertifiktlaşdırılması nə dərəcədə doğrudur” sualına cavab olaraq şirkətin əməkdaşı bildirdi ki, bu cür məsələlər qanunla tənzimlənir: "Əgər məhsulun istehsalçısı olan ölkə ilə Azərbaycan arasında sertifikatların qarşılıqlı tanınmasına dair müqavilə varsa, bu zaman əlavə sertifikatın alınmasına ehtiyac qalmır. Yoxdursa, mütləq Azərbaycandan da sertifikat alınmalıdır. Konkret olaraq, Fransa ilə Azərbaycan arasında belə müqavilə olmadığından, qeyd edilən məhsulların ölkədə satışı üçün sertifikat alınmalıdır”.
Şirkətin əməkdaşı onu da bildirdi ki, sertifikat üçün əvvəlcədən pul tələb edilməsi də mümkün deyil: "Sertifikat üçün tələb olunan məbləğ göstərilən xidmətə uyğun müəyyən edilir. Bu isə maksimum 500-600 manat həcmində ola bilər”.
Eyni firmanın məhsulunun hər bir çeşidinə ayrıca sertifikatın tələb edlməsi ilə bağlı şikayətçinin fikirləri ilə bağlı isə şirkət təmsilçisi bildirdi ki, bu da gətirilən məhsulların tərkibi ilə bağlıdır: "Əgər gətirilən məhsulların tərkibi eynidirsə, onda neçə adda məhsul gətirməsindən asılı olmayraq, bir sertifikat verilir. Yox, əgər tərkib müxtəlif olarsa, hər məhsula ayrıca sertifikat alınmalıdır”(AzPolitika.info)