İqtisadiyyat

Füzulidə zarafat kimi həqiqət: «Bağır&Cəmşid” MMC

5-06-2016, 18:06
Füzulidə zarafat kimi həqiqət: «Bağır&Cəmşid” MMCAlı Alıyevin birinci müavini Bağır Aslanov rayonun maliyyə işlərini əlində cəmləşdirib, «sağ əli» Cəmşid Əmirov isə «qara mühasibat»lığı təşkil edir 

Füzuli rayonunda icra başçısı Alı Alıyev olsa da, əsas səlahiyyətlər birinci müavin Bağır Aslanovdadır. Bunu JAM.AZ-a rayondan olan sakinlər bildiriblər. 
Onların yazdığına görə, icra başçısının birinci müavini mütləq söz sahibi olmaqla yanaşı, həm də qərarları verən əsas şəxsdir. Hətta Alı Alıyev Bağır Aslanovun məsləhəti olmadan addım belə atmır. 
Məlumatlı şəxslər qeyd edirlər ki, Bağır Aslanov əsasən Füzuli rayonunda keçirilən bütün tenderlərə nəzarət edir, onların «qaliblərini» müəyyənləşdirir, yekunda isə qazancını götürərək kənara çəkilir. JAM.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, son dövrlər rayonun idarəetməsini bir kənara qoyan birinci müavinin başı əsasən özünün biznesinə qarışıb. Belə ki, Bağır Aslanov nəzarətindəki şadlıq sarayını, restoranını və digər obyektlərini idarə etməklə məşğuldur. Hətta günün böyük qismini məhz obyektlərində keçirir. 
Bəzi iddialara görə isə Bağır Aslanov işi o qədər böyüdüb ki, rəsmi qəbulları belə özünün şadlıq sarayında təşkil edir. Yəni, əhali onunla görüşmək üçün obyektinə baş vurmaq məcburiyyətində qalıb. 
Füzuli rayon İcra Hakimiyyətinin maliyyə işlərinə nəzarət edən bu şəxsin «sağ əli» isə Cəmşid Əmirovdur. JAM.AZ-a verilən məlumata görə, Cəmşid Əmirov İcra Hakimiyyətinin baş mühasibidir. Onun əsas missiyası ikili mühasibatlığı tətbiq və idarə etməkdən ibarətdir. Yəni, mühasibat işlərinin bir rəsmi tərəfini, bir də Bağır Aslanovun «qara işləri»ni tənzimləyir. Artıq rayonda zarafatla da olsa belə bir deyim yaranıb: «Bağır&Cəmşid” MMC. Yəni, rayonun idarəetməsi məhz bu «MMC»nin əlindədir. 
Rayon sakinləri Alı Alıyevin də bu işlərdə payı olduğunu vurğulayırlar. Onlar qeyd edirlər ki, icra başçısı əsasən görülən işlərin şəriki kimi çıxış edir. Belə ki, Bağır Aslanovla Cəmşid Əmirovun gördüyü işlərdən əldə olunan gəlirlərin bir qismi ona çatdırılır. 
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]