Ölkə

II qrup Qarabag əlili Əmlak Komitəsinin işçisindən prezidentə şikayət etdi

21-05-2016, 23:30

Orada ƏMDK-nin sədri Kərəm Həsənovun təyin etdiyi Məhəmməd Qambayev adlı bir quldur əyləşib.

«Televiziyadan ƏMDK-nin nümayəndələri bəyan edirlər ki, torpaq ayırma sənədləri ilə bağlı prosedurlar asanlaşdırılmış «vahid pəncərə» yaradılmışdır. Əgər bu pəncərəyə sənədlə bağlı beş-altı dəfə baş çəkməli oluruqsa bunun harası «vahid pəncərə» oldu?».

Neftçala şəhəri VI-məhəllədə yaşayan Qarabağ Müharibəsinin II qrup əlili Novruzov Heydər Vaqif oğlu Əmlak Məsələləri Dövlət Komitəsinin işçisi, 7 saylı Şirvan ərazi idarəsində yaradılmış hərrac və müsabiqə komissiyasının rəisi Məhəmməd Qambayevdən ölkə prezident İlham Əliyevə şikayət edib.

Müraciətində Qarabağ əlili 7 saylı Şirvan ərazi idarəsində yaradılmış hərrac və müsabiqə komissiyasının rəisi Məhəmməd Qambayev korrupsiya əməələrindən və ondan rüşvət istəməsindən bəhs edir.

II qrup əlili Novruzov Heydər Vaqif oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

«Cənab Prezidnet!

Mən, II qrup əlili Novruzov Heydər Vaqif oğlu,Bakı şəhərində doğulmuşam və Neftçala rayonunda böyüyüb boya-başa çatmışam. Respublikamızın hər qarış torpağı mənim üçün doğmadır və əzizdir. Məhz buna görə bu torpaqların müdafiəsində can qoyaraq II qrup əlil olmuşam. Mətbuatdan və televiziyadan aldığım məlumatlar, eləcə də rayon ərazisində torpaq almaq istəyən vətəndaşların başına açılan oyunlar məni təəccübləndirir və təəssüfləndirir.

Belə ki , vətəndaş özünə fərdi yaşayış evi almaq istəyi ilə yerli bələdiyyə orqanına ərizə ilə müraciət etdikdən sonra əsl müsibətlər başlayır. Sən demə mülkiyyətçi bələdiyyə olduğu halda torpağın satışı ƏMDK-nin yerli qurumları tərəfindən həyata keçirilməlidir.

Əvvəlcə torpağa müayinə aktı, Reyestr Xidmətinin rayon şöbəsindən yazılmalıdır. Əgər bələdiyyənin Dövlət Aktı yoxdursa şöbənin müayinə aktını yazan məmuruna «hörmət» etməlisən, yoxsa torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması cavabını almalı olacaqsan. Bu səddi keçdikdən sonra Reyestr Xidmətinə qayıdıb, ƏMDK-nin Ərazi Şöbəsindən rəy almaq üçün «hörmət» edərək onu əldə edib bələdiyyəyə qaytarmalı, prosedura başlanılması haqqında qərardan çıxarışla Reyestr Xidmətinə rüsum və xidmət haqqlarını ödəyib «Böyük hörmət» göstərərək torpağın mülkiyyət hüququna dair çıxarış əldə etməlisən.

Bundan sonra yaşadığın ərazidən 100 (yüz) km-lə məsafədə yerləşən ƏMDK-nin 7 saylı ərazi idarəsində yaradılmış hərrac və müsabiqə komissiyasına getməlisən ki, hərrac və ya müsabiqədə iştirak edəsən və burada da «hörmət» göstərib qalib olman barədə şəhadətnamə əldə edəsən. Orada ƏMDK-nin sədri Kərəm Həsənovun təyin etdiyi Məhəmməd Qambayev adlı bir quldur əyləşib. Camaatı soymaqla məşğuldur. Bu adam özünü ali irq hesab edir.

Və deyir ki, hamı mənim ayağıma gəlməlidir. Hər verilən torpağa haqqlar müəyyənlişdirilib. Bundan sonra alqı-satqı müqaviləsi ilə təzədən Reyestr Xidmətinin rayon şöbəsinə qayıdaraq özün üçün yeni mülkiyyət hüququ barədə çıxarışı rüsum və xidmət haqqını ödəyərək şöbə məmuruna «hörmət» edib əldə etməlisən. Baxın bu prosedurun təsviri artıq ərizəmin yarı səhifəsini fəth etdi, indi görün bununla bağlı sənədlərin tərtibatına nə qədər əsəb, nə miqdarda kağız, nə məbləğdə rüsum və xidmət haqqı, nə məbləğdə « hörmət» lazımdır?

Televiziyadan ƏMDK-nin nümayəndələri bəyan edirlər ki, torpaq ayırma sənədləri ilə bağlı prosedurlar asanlaşdırılmış «vahid pəncərə» yaradılmışdır. Əgər bu pəncərəyə sənədlə bağlı beş-altı dəfə baş çəkməli oluruqsa bunun harası «vahid pəncərə» oldu?

Möhtərəm Prezident!

Mən çoxsaylı müharibə iştirakçıları və əlilləri adından sizə müraciət edərək xahiş edirəm ki, bu sahədə Qanunvericilik aktlarına yenidən baxılsın, məmur özbaşınalığına qarşı ciddi tədbirlər görülsün, torpaq mülkiyyətçisi olan yazıq bələdiyyələ bu sahədə müstəqillik və səlahiyyət verilsin».

Redaksiyadan: Ümumiyyətlə, son aylar Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində ciddi narazılıq müşahidə olunmaqdadır. Ölkə prezidentinin son qərarı – Dövlət Əmlakının özəlləşdirilməsi işinin Komitədən alaraq öz nəzarəti altına götürməsi bir daha subut etdi ki, bu qurumda vəziyyət ürəkaçan deyil.

Doğurdan da qəribədir. Kərəm Həsənovun qurduğu sistem kökündən korrupsiya bataqlığıdır və bu sistem yalnız rüşvət almağa, işin bir əldən idarə olunmasına istiqamətlənib. Məsələn, niyə hərrac və müsabiqə üçün kasıb vətəndaşlar yüz kilometrlərlə yol gedərək vaxt və maliyyə itkisi ilə üzləşməli olmalıdır? Və getdikəri yerdə insanlar hər şeyin çoxdan alınıb-satıldığıni müşahidə edib kor-peşman evlərinə qayıtmalıdı?

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, vətəndaşlara xidmət rahat və asan həyata keçirilməlidir. Elə isə, Kərəm Həsənovun qurduğu sistemdə niyə vətəndaşlar incidilir? Niyə, Məhəmməd Qambayev kimilər vətəndaşdan rüşvət istəməlidir? İş düzgün qurulsa, hər bir vətəndaş öz rayonunda hərrac və müsabiqəyə qatılsa daha asan rentabelli olar.

Yəqin ki, yaxın aylarda ölkə prezidenti İlham Əliyev bu məsələyə də noqtə qoyacaq. Gözləyək... (bizimxeber.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]